İctimai Palatanın bir-birinin ardınca silsilə mitinqlər keçirmək istəyi cəmiyyətdə böyük rezonans doğurub. 8 aprel mitinqindən sonra müxalifətin Bakı meriyası ilə razılaşdırılmış 22 aprel mitinqi keçirməsi iqitidar funksionerləri tərəfindən ironiya ilə qarşılanıb. Hakimiyyətdə olan partiya təmsilçiləri İctimai Palatanı əhəmiyyətsiz aksiyalar keçirməkdə ittiham edərək müxalifətin ünvanına müxtəlif tənqidlər səsləndirdilər. Müxalifət partiyaları isə aksiyaların kütləviliyiniin onları qane etdiyini bəyan edirlər. İctimai Palatanın 8 və 22 aprel mitinqlərinin nəticələri necədir?
Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmaq üçün tanınmış politoloqlardan münasibət öyrənib.
“Azərbaycanda keçirilən mitinqlərin heç vaxt müsbət nəticəsi ola bilməz”
Politoloq Zərdüşt Əlizadə İctimai Palatanın təşkil etdiyi hər iki mitinqi yüksək qiymətləndirdiyini bildirib. Lakin, politoloq hesab edir ki, mitinqlərin sayından aslı olmayaraq hər hansı müsbət nəticə əldə etmək mümkün deyil.
“Hesab edirəm ki, Azərbaycan kimi ölkədə keçirilən etiraz mitinqinin heç bir müsbət nəticəsi ola bilməz. Çünki, bütün cəmiyyət aşağından-yuxarı yalnız bir nəticəyə yönəlib. Bu mitinqin nəticəsi ola bilməz. Amma müsbət potensial ondadır ki, nəhayət əhali danışmağa başlayıb. Hakimiyyət insanların bu istəyinə tənə ilə yanaşır, gülür, ələ salır. Özünə, silahlı qüvvələrinə, qoçularına, xaricdəki xanələrinə çox güvənir. Ancaq bütövlükdə müxalifətin mitinq keçirmək istəyi hüquq normalarına uyğun bir hərəkətdir”-deyə Z.Əlizadə vurğulayıb.
Politoloq qeyd edib ki, narazı kütlənin sərbəst toplaşmaq azadlığından istifadə edərək bir araya gəlməsi alqışa layiqdir:
"Mən müxalifətin mitinqini müsbət qiymtələndirirəm. Qoy insanlar yığışıb danışsınlar. Sadəcə mən əminəm ki, onların keçirdikləri mitinqlər siyasi həyatda, o cümlədə insanların gündəlik həyatında dəyişikliyə gətirib çıxarmayacaq. Vətəndaşların sərbəst toplaşmaq hüququndan istifadə etməsi alqışa layiqdir”.
“Müxalifət ilk növbədə xalqa yol tapmağı bacarmalıdır”
Politoloq Qabil Hüseynli isə hesab edir ki, müxalifət 8 aprel mitinqiylə müqayisədə aprelin 22-də daha fəal idi. Q.Hüseynli bildirib ki, müxalifət 5 mindən çox insanı öz ətrafına toplamağı bacarsa da, hələ də geniş xalq kütləsini əhatə edə bilmir:
“Qeyd edim ki, ayında 8-dəki aksiyadan 22 aprel aksiyası daha fəal görünürdü. Bu mənada aksiyada irəliləyiş var idi. Seçilən yerin o qədər də uğurlu olmamasına baxmayaraq, müxalifət 5 mindən çox adam toplaya bilmişdi. Mitinq iştirakçıları arasında partiya sıralarında olmayan sıravi insanlar çox az idi. Demək olar ki, yerdə qalanların hamısı partiya üzvləri idi. Bu o deməkdir ki, müxalifət müəyyən güc toplaya bilsə də, özünü göstərə bilsə də, cəmiyyətin geniş təbəqələrinə yol tapa bilmir”.
Politoloqun fikrincə, müxalifətlə xalq arasında əlaqəsizlik aradan qalxmayınca, müsbət bir nəticə aldə etmək mümkün olmayacaq. Əks təqdirdə, mitinqlərə gələn insanların da sayı azala bilər.
“Müxalifət o zaman təsirli qüvvəyə çevriləcək ki, əhalinin geniş təbəqələrindən dəstək ala bilsin. Eyni zamanda müxalifətin ideyaları bu kültələr içində rezonans yarada bilsin. Hazırda müxalifətdə bu problem var. Müxalifət bu problemi həll edə bilsə, mitinqlər ictimai rəy təsir edə biləcək səviyyəyə qalxa bilər. Xalqla müxalifət arasındakı əlaqəsizlik aradan qaldırılmayınca mitinqlər siyasi partiyaların bəlli bir gücündən məhrum olacaq”-deyə Q.Hüseynli əlavə edib.
Politoloq onu da bildirib ki, İctimai Palatanın silsilə mitinqlər keçirməsi müxalifətin taktikasıdır. Narazı kütlə ardıcıl aksiyalar keçirməklə cəmiyyətin diqqətini öz üzrinə çəkməyə çalışır:
"Müxalifət taktikaya uyğun olaraq ardıcılıq mitinqlər keçirdir ki, cəmiyyətdə əks-səda doğursun. Insanlar görəndəki məsələ yalnız toplanmaqla, danışmaqla bitir, heç bir irəliləyiş olmur. Onda artıq say tərkibində azalma müşahidə edilməyə başlayır. Bu mitinqlərin klassik qanunudur. Istənilən mitinqin hansısa təsiri olmalıdır, nəyəsə təsir etməlidir”.
Anar RÜSTƏMOV