Modern.az

Bərdə qazisi nə işə baxır?

Bərdə qazisi nə işə baxır?

Ölkə

11 May 2012, 14:19

Artıq bir müddətdir ki, Modern.az-da “İbadət evləri: hansı rayonda neçə məscid var” başlıqlı silsilə yazılar dərc olunur. Bu yazının növbəti hissəsini hazırlamaq üçün Bərdə-Tərtət-Goranboy bölgəsini seçdim. Elə ilk olaraq da QMİ-nin bu bölgə üzrə qazisi Hacı Ramazanla danışmağı qərara aldım. Əvvəl zəng edəndə məclisdə olduğunu və bir azdan əlaqə saxlamağımı istədi. Başa düşdüm ki, yas məclisindədir. Dediyi vaxtdan yarım saat sonra onunla əlaqə saxladım. Əvvəlcə çox mehriban danışsa da məscidlər haqqında sual verəndə birdən-birə elə bil müsahibimin nitqi qurudu. Sadəcə məscidlərin sayını, tarixi məscidlər haqında soruşdum. Əvvəl dedi ki, bəs mən bu barədə məlumatlı deyiləm. Amma bir azdan fikrini dəyişib başqa söhbət elədi. Məlumatın İcra Hakimiyyətində olduğunu dedi. Bir az təkid edib heç olmasa məscidlərin sayını deməsini istəyəndə isə maraqlı bir cavab verdi. “Sayını bilmirəm. Məndə dəqiq məlumat yoxdu”.
Lənət şeytana deyib sağollaşdım.

Qəribə bir mənzərə yaranır. Görəsən 5 rayonun qazisi olan bir adam digərlərini demirəm, yaşadığı Bərdədəki məscidlərin sayını niyə bilmir? Axı niyə görə orda oturub? Yox, deməyin ki, bunu bilmək onun vəzifəsi deyil. Xeyr, mən bunu digər bir rayonlarda görmüşəm. Məsələn, cənub bölgəsi üzrə qazi olan Hacı Sədi ilə əlaqə saxlayanda bütün məlumatların onda olduğunu hətta səliqəli şəkildə kompüterin yaddaşına köçürdüyünü demişdi. Həm də ki, apardığım araşdırmada onun verdiyi məlumatların böyük faydası oldu. İndi necə olur ki, bir bölgənin qazisində bütün məlumatlar olur, amma digərində yox. Deməli burada məsuliyyət məsələsi var. Desəm ki, Bərdə qazisi bu məlumatları verməyə qorxur, gülünc olar. Çünki məscidin sayı nə dövlət sirridir nə də ki, əhəmiyyətli gizli sənəd. Deməli vəzifəsini icra edə bilmir. Digər tərəfdən də məsləhət verir ki, İcra hakimiyyətinə müraciət edim. Sual olunur ki, əgər İcra Hakimiyyəti də sənin işini görəcəkdirsə,  bəs niyə bu vəzifədə oturub maaş alırsan? Yoxsa öz vəzifəni ancaq məclislərdə yağlı plov yeyib, üstündən sərin ayran içməkdə və üzündən yasin oxumaqda görürsən?

P.S. Bax belə. İndi Bərdə qazisinin orada oturub nə iş gördüyü və hansı məzhəbə qulluq etməsi barədə tez-tez mollaların attestasiyasını keçirən  Qafqaz Müsəlmanları idarəsi düşünsün.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı