Modern.az

Məşhur ürək cərrahı Rəşad Mahmudov: "Azərbaycanda ürək transplantasiyasına mane olan tək bir səbəb var..." - MÜSAHİBƏ

Məşhur ürək cərrahı Rəşad Mahmudov: "Azərbaycanda ürək transplantasiyasına mane olan tək bir səbəb var..." - MÜSAHİBƏ

Ölkə

22 May 2012, 16:37

Neftçilər Xəstəxanasının Ürək–damar cərrahiyyəsi mərkəzinin rəhbəri, Azərbaycan Ürək Sağlamlıq Assosiasiyasının prezidenti, tibb elmləri namizədi, tanınmış ürək cərrahı Rəşad Mahmudov Modern. az saytına geniş müsahibə verib.

- Bəzən kimlərsə haqqında danışanda deyirlər ki, o təqdimata ehtiyacı olmayan personadır. Etiraf edək ki, minlərlə insana ikinci həyat vermiş, ölümün pəncəsindən və ya o dünyanın sərhədlərindən geri qaytarmağı bacarmış Rəşad Mahmudovu cəmiyyətimiz o qədər də yaxından tanımır. Bu vaxt qıtlığıyla bağlıdır, yoxsa özünüz mətbuatla təmasda bilərəkdən xəsislik edirsiniz?

- Əvvəla belə bir şans yaratdığınıza görə çox təşəkkür edirəm. Əlbəttə ki, dünyada ürək xəstəliklərinin ən çox yayılmış xəstəlik olduğu, bütün səhiyyə problemlərinin ən azı üçdə birinin ürək–damar xəstəliklərini əhatə etdiyi, eyni zamanda ən çox ölümə səbəb olan xəstəlik olduğu statistikasını ortaya qoyduğumuz zaman sualınıza cavab vermiş olarıq. Həqiqətən bu gün Azərbaycanda və bütün dünyada ürək xəstəliklərinin ən kritik vəziyyətində müalicəylə məşğul olan, əməliyyatlar edən komandaların zaman qıtlığı olur. Bu gün artıq həftənin altı günü və hər gün 3–4 açıq ürək əməliyyatı aparmaq, hər gün 3–4 ailənin məsuliyyətini üzərinə götürmək, üstəlik bunu aylara–illərə vurduğumuz zaman ortaya çıxan rəqəmlər bizlərin vaxt sarıdan necə korluq çəkdiyimizi ortaya qoyur. Özü də bizim işimiz sadəcə əməliyyatla bitmir, əməliyyatdan sonrakı problemlər, gecə yarısı müdaxilə etmək zərurəti, səhərlər əməliyyat olunmuş xəstələrin ümumi vəziyyətinin monitorinqini də bura əlavə etsək, bəzən nəinki mətbuta, hətta öz ailəmizin içərisində, övladlarımızın yanında görünmək bizim üçün problemə çevrilir.

- Oxucularımız sizi daha da yaxından tanımaq və bioqrafiyanıza qısaca nəzər salmaq istəsə, nələr öyrənə biləcək?

- Mən, 1974–cü il yanvar ayının 18–də Astarada ziyalı ailəsində anadan olmuşam. Dədələrimizin, babalarımızın çoxu zamanında İrandan bir mürtəci kimi Azərbaycana gəlmişlər. Onu da deyim ki, sadəcə babalarım deyil, babalarımın babaları da İranda və Azərbaycanda tanınmış həkimlər olublar. Bəlkə də mənim həkimlik peşəsinə üz tutmağıma səbəb olan ən təsirli faktorlardan biri də məhz bu olub. Hamı kimi orta təhsil almışam və Allah qismət elədi 16 yaşımda xaricə təhsil almağa getdim. Doxsanıncı illərdən etibarən Türkiyənin İzmir şəhərində gözəl bir universitetdə tibb təhsilimi bitirdim. 1997–ci ildən etibarən yenə Türkiyədə mərkəzləşdirilmiş bir sistemlə imtahana girərək ürək–damar cərrahiyyəsi aspiranturası və doktoranturası proqramına daxil oldum. Bu proqram daxilində yenə Türkiyənin məhşur universitetlərindən olan Ege Universitetinin Damar Xəsəlikləri İnstitutunda beş illik ixtisaslaşma dövrü keçdim. Əlbəttə ki, ən bəsit anadangəlmə ürək qüsurlarından tutmuş ən mürəkkəb ürək transplantasiyası və süni ürək transplantasiyasına qədər işlərin aparıldığı bir mərkəzdə 15-ə yaxın professorun əlinin altında işləmək, onların bilik vətəcrübələrindən faydalanmaq həqiqətən də mənim həyatımda unutmayacağım dönəmlərdən biridir. Bu dövrü keçdikdən sonra elmi işlərimin yazılması, həmin dövrlərdə xarici ölkələrdə çoxsaylı konfranslarda və yığıncaqlarda iştirak etməyim, Avropanın bəlli institutlarında bir neçə aylıq praktik kurslar keçməyim, təbii ki, püxtələşməyimdə həlledici rol oynadı. Artıq 2002–ci ildə Türkiyədə o zamankı səhiyyə nazirinin şəxsi imzasıyla mənə xüsusi diplom olaraq Türkiyədə və bütün dünyada ürək–damar cərrahı kimi sərbəst şəkildə bütün əməliyyatları aparmaq haqqı verildi. Etiraf edək ki, o dönəm üçün Azərbaycanda ürək cərrahlığı sahəsində görəcəyimiz işlər barədə hələ tam perspektiv olmadığına görə o zaman, yəni 2005–ci ilə qədər Türkiyənin çox böyük özəl və universitet xəstəxanalarında ürək cərrahı kimi fəaliyyət göstərdim. Həmin müddət içərisində 15 minə yaxın əməliyyatlarda primer və ya köməkçi olaraq iştirak etdim. Azərbaycana gəlişimin ən böyük səbəbi 2004–cü ildə hamımızın çox sevdiyi, Azərbaycanda özəl səhiyyənin ilk təşkilatçısı, mərhum Fəxrəddin Cavadovla təsadüfi bir tanışlığımız, onun Azərbaycanın gələcək səhiyyəsinə olan baxışı bu xəstəxanada işimizə başlamağımıza səbəb oldu. Beləliklə, 2005–ci ildə 31 yaşımda burada ilk açıq ürək əməliyyatlarına başladıq. Heç kim bunu gözləmirdi. Təsəvvür edin ki, heç bir xarici dəstək olmadan tamamilə özümün yetişdirdiyim, yalnız ölkə içərisində təhsil almış bütün tibbi personaldan ibarət yerli komanda ilə belə bir məsuliyyətli işə başladıq. Rəhmətlik Fəxrəddin Cavadov deyirdi ki, mən düşünürdüm bu xəstəxanada ayda uzağı 3–4 ürək əməliyyatı olar və biz bununla fəxr edərik. Deyirdi ki, mən belə düşünməmişdim ki, hər gün 3–4 əməliyyat keçirən, gecələr yatmayan, yorğunluğun nə olduğunu bilməyən bir komanda qura biləcəyik. Allaha çox şükr ki, biz birlikdə buna nail olduq. Bunun ardınca daha bir ilkə imza atdıq. Rəhmətlik Fəxrəddin Cavadovun 2006–cı ildə Lənkərandakı Müalicə Diaqnostika Mərkəzinin açılışında prezidentimizin qarşısında verdiyi sözə də iki ay içərisində əməl etdik və məhz 2006–cı ildə Lənkəranda ilk açıq ürək əməliyyatı həyata keçirdik. Bu sadəcə bir tibb məsələsi deyildi, həm də bir siyasi məsələ idi, dövlətin görmüş olduğu işə yerli komandanın səs verərək belə bir uğura imza atması çox böyük hadisə idi. Lənkərandan sonra da Azərbaycanın 10 bölgəsində 350–dən çox açıq ürək əməliyyatları bu işin çox yüksək şəkildə bölgələrdə də təşkil oluna biləcəyini ortaya qoydu.

- Bölgələrdə açıq ürək əməliyyatları aparmaq üçün tibbi personal və maddi texniki baza olduğu halda niyə paytaxt xəstəxanalarına axın bu cür sürətlə davam edir? Bu axının qarşısını almaq üçün hansı yeniliklər planlaşdırılır?

- Hər şeydən öncə bir daha vurğulayım ki, bu gün bölgələrdə ən mürəkkəb açıq ürək əməliyyatları aparmaq üçün hər cür şəraitin olduğunu sübut etmişik. Ancaq bu məsələdə binadan da, bahalı avadanlıqlardan da önəmli olan beyin gücü, potensialının olmasıdır. Bunun da təmin olunması üçün etiraf etməliyik ki, dövlətimiz çox böyük işlər görür və son illər dövlət proqramlarıyla dünyanın nüfuzlu universitetlərində həyata keçirilən təhsil konsepsiyası çox böyük gələcəkdən xəbər verir. Ancaq düşünürəm ki, rayonlarda yerli kadrların hazırlanması üçün bütün dünyada mövcud olan uğurlu təcrübələri, praktik əməlləri həyata keçirərək də uğura imza atmaq mümkündür. Fəxrlə deyə bilərəm ki, artıq bu məsələdə bizim ilkin uğurlarımız bəhrəsini verməkdədir. Artıq bölgələrədn bizə çoxsaylı müraciətlər olur, exokardioqrafiya kurslarında 150–ə yaxın həkimlərin hazırlanmasında iştirak etmişik. Ancaq mənim üçün həyatımda bütün bu görülən işlərdən ən önəmlisini demək istəyirəm. Naxçıvandan gətirdiyimiz və 4 il yanımızda olan anestizioloq və cərrahi briqada 2010–cu ildə bizim iştirakımız olmadan Naxçıvanda ilk açıq ürək əməliyyatını uğurla həyata keçirdi. İnanın ki, bu, bizimçün gerçəkdən fəxr ediləcək bir hadisə idi. Çünki həyatda hər şey qazanmaq mümkündür, ancaq müəllimlik hissi qədər gözəl bir şeyi heç nəylə dəyişmək mümkün deyil. Allaha şükr edirəm ki, bu gün Hikmət, Seymur, Fərid, Natiq kimi öz yetişdirməmiz olan peşəkar həkimlərimiz olduğu kimi bölgələrdə də savadlı həkimlərimiz var. Əminəm ki, yaxın gələcəkdə həmin həkimlərimiz də regionlarda uğurlu açıq ürək əməliyyatları keçirəcəklər və siz dediyiniz həmin o axının qarşısı alınacaq.

- Bayaq bu məsələyə qismən toxundunuz və dövlət proqramlarıyla xaricdə oxuyan tələbələrimizdən danışdınız. Ancaq etiraf edək ki, cəmiyyətimizdə bir daşlaşmış ənənə var: insanlar o həkimə daha çox ürək qızdırır ki, o ən azı bir neçə il hansısa xarici klinikada təcrübə keçsin. Sadaladığınız və yetişdirdiyiniz həkim personalının xarici klinikalarda praktik təcrübə mübadiləsi aparması üçün nə düşünürsünüz, bəlkə bununla bağlı da bir dövlət proqramının qəbulu təşəbbüsüylə çıxış edəsiniz?

- Doğru deyirsiniz, tibb təhsili bir başqa şeydir, bir də təhsil sonrası ixtisaslaşma tamam başqa məsələ. Əgər sən ixtisaslaşdığın dövr içərisində yüksək praktiki və elmi təcrübəyə sahib həkimlərin əlinin altında işləyirsənsə və ən azı 5–6 illik bir dövr ərzində cavan yaşlarında, fiziki potensialının olduğu zaman nüfuzlu klinikalarda tanınmış professor heyətinin yanında təcrübə toplayırsansa sənə zaval yoxdur. Bilirsiniz bu bir sənət məsələsidir və mən deyərdim ki, ən çətin və riskli sənətdir. Ona görə də sən ən azı bir neçə il peşəkar müəllim – professor heyətinin yanında xəlbirdən keçməlisən ki, tərəddüd etmədən rahat şəkildə açıq ürək əməliyyatlarına başlaya biləsən. Bu gün Azərbaycan Tibb Universitetində ayrıca bir rezidentura proqramları olmadığına və ürək cərrahiyyəsinin praktik olaraq aparılmasının mümkünsüzlüyünə görə bir az sıxıntı var. Ancaq mən cənab rektorumuzla görüşdüm, yeni binada bir böyük ürək cərrahiyyəsi mərkəzinin yaradılması ideyası var. İnanıram ki, bu cür mərkəzlər açıldıqdan və ölkə əhalisinin inamını qazandıqdan sonra biz artıq yeni ixtisasçıların hazırlanması proqramlarını həyata keçirə biləcəyik. Ancaq biz dayanmamışıq və bu gün də Neftçilər Xəstəxanasında bacardığımız qədər ixtisasçılarımızı hazırlayırıq. Artıq 6–7 tələbəmiz bizim müdaxiləmiz olmadan açıq ürək əməliyyatını tətbiq etməyə qadirdir.

- Bir müddət öncə Təbrizdə tanınmış ürək cərrahı doktor Pərvizinin yanında olduq. Onunla bir az söhbətləşmək fürsəti yarandı. Bildirdi ki, hər gün onun yanıma əməliyyat üçün 70 milyonluq İrandan gəldiyi qədər Bakıdan xəstə gəlir. Mən indi Sizdən soruşuram, niyə bizdə ürək–damar xəstəlikləri bu qədər vüsət alıb və bunun səbəbləri araşdırılırmı?

- Bu çox geniş cavab istəyən bir sualdır. Burada bir çox faktorlar var. Onu deyə bilərəm ki, təkcə bizdə deyil, bu gün bütün dünyada ürək–damar xəstəlikləri ən çox yayılmış xəstəliklərdəndir. Amma bu gün yetmiş milyonluq İranda olan ümumi xəstəliklərin miqdarı heç də dünyadan geri deyil. Düşünürəm ki, orada da Azərbaycana bərabər nisbətdə ürək xəstələri var. Ancaq İran və Türkiyədə Avropa tibb sistemi çox uğurla tətbiq olunur ki, bu gün Azərbaycanda da biz bunu tətbiq etməkdəyik. Avropa tibbi içərisində standartlar hər kəsə bəllidir. Bu gün doktor Pərvizinin İrandan gələn qədər Azərbaycandan xəstəsinin olmasının səbəbi orada bu sistem uzun illərdən bəri qurulduğuna görə həmin dövlətin bir bölgəsindən digərinə getməyə ehtiyac olmur. Yəni hər bölgənin özünə xas həkimləri var. Ancaq biz bu işə yalnız 2004–cü ildən başlamışıq. Burada həkimə inam məsəsləsi də çox önəmlidir və əvvəlki illərdə İirana axın çox olsa da fəxr etmək olar ki, artıq indi gedənlər azalmağa doğru gedir. Xəstələrimiz bizə daha çox etibar etməyə başlayıb. Bir həqiqəti deyim. Bu gün həkim olaraq mənim istər İranda, istər Türkiyədə, istərsə də Avropada istənilən yerdə sərbəst şəkildə ürək cərrahı işləməyim üçün hər cür şərait var. Amma düşünürəm ki, dediyiniz problemlər tezliklə öz həllini tapacaq. Bu gün biz artıq 3–5 ay sonraya əməliyyat üçün günlər veririk. Bu, xəstələrin Azərbaycan həkiminə olan inamının bariz nümunəsidir. Bu inam artıqca gələcəkdə dediyiniz saylar daha da azalacaq və vətəndaşımızın canı ağrıdığı zaman xaricə üz tutmasına ehtiyac qalmayacaq. Bu gün Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar onu deməyə əsas verir ki, ən yaxın gələcəkdə bu uğurların nəticəsini görəcəyik.

- Bu ilin əvvəlində məhdud tirajla çap olunan bir tibb jurnalında fikirlərinizlə tanış olduq. Demisiniz ki, yaxşı həkim olmaq üçün gərək dürüst və saf kökün olsun. Ancaq eşitdiyimə görə, sizin bir üstünlüyünüz də əliniziin çox yüngül olmasıdır. Hətta İranda doktor Pərvizi də dedi ki, Rəşad doktorun əlləri çox şəfalıdır. Ümumiyyətlə, “əlin yüngüllüyü” deyilən bir şey varmı?

- Əgər insanlarımız bizə belə bir qiymət verirlərsə, bunu eşitmək çox qüruruvericidir. İnanın ki, bu kəlmələr də bizim bu qədər ağır, riskli  və məsuliyyətli işimizi həvəslə davam etdirməyimizə təkan verir. Mənim düşüncəm nədir? Əgər saf düşüncən və pozitiv həyat enerjin, nə olur–olsun, dəyərlərə inamın varsa, Allah vevgisi də bunun üzərinə gəlibsə, bu hissləri zahirdə deyil, ruhən yaşaya bilirsənsə, eyni zamanda həyat yollarında gözəl bir sənətə nail ola bilirsənsə, bütün bunlar siz dediyiniz yüngüllüyü gətirir.

- Müasir təbabət bu qədərmi acizdir ki, məsələn, qabyuyan şampunlarda olduğu kimi, elə bir üsul kəşf edilsin ki, damarların kirəcləşməsinin qarşısı alınsın, onu asanlıqla yumaq olsun və angioplastika elmində inqilab baş versin?

- Dünyada texnologiyaların inkişafı bizə artıq yaxın və uzaq gələcəkdə hansı inqilabi kəşflərin olacağını deməyə əsas verir. Ürək damarlarının içərisindəki atelorosklerotik qalınlaşmaların açılamsıyla əlaqədər illər öncəki xəyallarımız reallaşmaqdadır. Ancaq bu texnologiyaların insanda tətbiq olunmasıyla bağlı sıxıntılar davam edir, bu problemlərin həll olunması üçün elmi-praktiki işlər davam edir.

- Sizdə belə bir statistika və ya təxminlər var ki, il ərzində Azərbaycandan kənarda neçə ürək əməliyyatı keçirilir?

- Elə bir statistika yoxdur. Təxminlərə gəldikdə isə ümumi dünyada qəbul edilən və Azərbaycan üçün də keçərli olan rəqəmlər onu deməyə əsas verir ki, 8 milyonluq ölkədə ildə 8 min açıq ürək əməliyyatının və ortalama 12 min üzərində də primer və ya sekunder dediyimiz anjioplastika–stend əməliyyatlarının olunması lazımdır. Bu gün Mərkəzi Klinik, Gömrük Xəstəxanası, Topçubaşov adına Elmi – Tədqiqat İnstitutu və Neftçilər Xəstəxanasında ümumilikdə il ərzindəki açıq ürək əməliyyat sayları 2000 – 2500 civarında olur. Həmin dediyimiz 8 minin də yerdə qalan təxminən beş min nəfəri də xaricə getmir. Artıq ölkədəki həkimlərimizə inam yarandığına görə təxminən 20–30 faiz xəstə xarici klinikalara üz tutur. Düşünürəm ki, önümüzdəki illərdə bu faiz nisbəti daha da azalacaq. Mən bu sahədə çalışdığıma görə demirəm, bu gün ölkə səhiyyəsində aparılan islahatlar, atılan cəsarətli addımlar kardiologiya və kardiocərrahiyyə sahəsindəki inqilabi dəyişiklik tibbin digər sahələrindən qat–qat yüksəkdədir və sadəcə şəhərlərdə deyil, rayonlardan gələn reseptlərdən tutmuş xəstələrə edilə müalicələrin taktikasına baxdığımız zaman bütün inamımla deyə bilərəm ki, xəyal etdiklərimizdən də çox dəyişikliklər var. Hesab edirəm ki, qəbul edilən proqramlarla gələcəkdə daha da irəliyə gedə biləcəyik. Bildirim ki, artıq Səhiyyə Nazirliyi rayonlara angioqrafiya aparatlarının alınması proqramına başlayıb. Artıq bu zaman yerlərdə öz həkimlərimizn bu işi özlərinin görməsi çox böyük səmərə verəcək, angioqrafiyanın və kardiologiyanın inkişaf etməsi isə yeni gənc cərrahların həmin məkanlara üz tutmasına səbəb olacaq. Düşünürəm ki, yaxın 5–10 il içərisində vətəndaşlarımız Bakıya gəlmədən çox rahat bir şəkildə rayonlardakı mərkəzlərdə yerli həkimlərə öz ürəklərini etibar edəcəklər.

- İnsanları maraqlandıran bu məsələyə də cavab istəyəcəm. Şahidi olmuşuq ki, İran və Gürcüstanla müqayisədə bizdə əməliyyatlar bahadır. Cəmiyyətdə ən böyük inam məhz Neftçilər Xəstəxanasınadır və burdakı qiymətlər də digərlərindən xeyli aşağıdır. Bu azmış kimi çoxları Mərkəzi Klinikanı qəssabxanaya bənzədir, Topçubaşov adına İnstitutda da ölüm hallarının çoxluğu bir müddət öncə mətbuatın gündəmini zəbt etmişdi...

- Hər bir işin bir maliyyə tərəfi də var. Burada söhbət insan gücündən getmir. Ürək əməliyyatları və ürəkdə görüləcək işlər ciddi texnoloji işlərdir və bu texnologiyaları zamanında dünyanın inkişaf etmiş ölkələri xərc çəkərək elmi potensialın gücü hesabına əldə ediblər. Çox baha olan bu avadanlıqları Azərbaycan kimi ölkələrə gətirən də həmin istehsalçılardır. Ataların bir yaxşı sözü var ki, ucuz ətin şorbası olmaz. Deməyim odur ki, gözəl nəticə əldə etmək üçün gözəl avadanlıqların, tibbi ləvazimatların olması vacibdir. Qiymət məsələsinə gəldikdə isə deyə bilərəm ki, bizdə qiymətlər çox münasibdir. Nəzərə almaq lazımdır ki, bizim xəstəxana təsərrüfat hesablıdır və bütün avadanlıqları, ləvazimatları, digər lazım olan vasitələri özü xərc çəkərək əldə edir. Siz İran və Gürcüstanı misal çəkirsiniz. Bu gün Avropada bir açıq ürək əməliyyatı ən azı 35 min avroya, Amerikada 100–150 min dollara başa gəlir. İndi siz özünüz müqayisə edin və nəticə çıxarın. Bir vacib məqamı deməliyəm, başqa ölkələrdən fərqli olaraq bizdə tibbi sığorta sahəsində vəziyyət bir qədər fərqlidir. Tibbi sığorta tam şəkildə oturduqdan sonra düşünürəm ki, Azərbaycan vətəndaşları üçün bu əməliyyatlar Avropada və Amerikada olduğu kimi havayı olacaq, ancaq dövlət də bu xərcləri qarşılamaq gücündə olacaq. Bir faktı da deyim. Əgər əvvəllər xəstələrimizin təxminən 90 faizi öz vəsaitləri hesabına əməliyyat olunurdularsa, bu gün artıq xəstələrimizin 50 faizi dövlətin və tibbi sığortaların, həm də bəlli xeyriyyə təşkilatlarının hesabına əməliyyat olunurlar.

- Mərkəzi Klinika və Topçubaşov adına Elmi–Tədqiqat İnstitutundakı ölüm hallarının çoxluğuna toxunmadınız. Mərkəzi Neftçilər Xəstəxanasına inamın arxasında nə dayanır?

- Bilirsiniz, bu suala bir pəncərədən baxdığınız zaman çox şey demək olarsa, digər pəncərədən baxdıqda heç nə deməmək lazım gəlir. Çünki belə bir söz var ki, “Quran” haqqında fikir bildirmək üçün ən azı onu oxumalısan. Bu gün bizdə həmin xəstəxanalar barədə dəqiq statistika yoxdur və onlar barədə sadəcə hər kəsin bildiyi bilgilərə sahibik. Bir dövlətin səhiyyə işçiləri olaraq harada işləməyimizdən asılı olmayaraq ən böyük arzum odur ki, bu çətin və mürəkkəb işləri Allahın köməyi və dövlətimizin dəstəyi ilə elə şəkildə quraq ki, vətəndaşlarımızın və xəstələrimizin həkimlərimizə qarşı olan inamları artsın.

- Ürək transplantasiyası sahəsində vəziyyət heç də ürəkaçan deyil. Qanunvericilik bazası olduğu halda bu işin bu qədər yubanmasını nə ilə izah edərdiniz?

- Əslində bu gün çox rahat bir şəkildə ürək transplantasiyasını həyata keçirmək mümkündür. Çünki mən özüm Türkiyədə işlədiyim dönəmdə bu ölkənin ən böyük ürək transplantasiyası mərkəzində 6 il çalışmışam və 150-ə yaxın ürək transplantasiyası əməliyyatlarında iştirak etmişəm. Yeri gəlmişkən, rəhbəri olduğum Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsüylə 3 il bundan qabaq “ParkİNN” otelində təxminən 300 nəfər yerli və xarici qonaqların iştirakıyala beyin ölümü və transplantasiyalar sahəsində vəziyyətlə bağlı konfrans keçirdik. Çoxlu məruzələr dinlənildi və biz öz təcrübələrimizi Avropa, Amerika, İslam ölkələrini əhatə edən, bütün dinlərin və inancların nümayəndələrinin iştirakıyla paylaşdıq. Dediyiniz kimi, bu sahədə qanunvericilik bazamız var və 1999–cu ildə ulu öndərimizin öz imzasıyla təsdiq olunub. Oxuculara bildirim ki, artıq mərkəzimizdə uğurla böyrək və qaraciyər köçürmələrinə başlamışıq, ötən ay içərisində 27 qaraciyər dəyişdirilməsi əməliyyatı keçirilib. Bunu yerli komandalar tətbiq edib, uğurlu nəticələr əldə edilib. Fürsətdən istifadə edərək bildirim ki, bu əməliyyatlar dünyaya səs salıb. Bu gündədək bu tip əməliyyatların yaşam faizi dünyada qəbul olunub ki, 80–85 faizdir, ancaq bizim həkimlər 87 faizlik nəticəylə Avropa və Amerikanı yaxşı mənada şoka salıblar. Bilirsiniz, bu uğura MDB məkanında yalnız bizim həkimlər imza atıb və medianın əsas vəzifələrindən biri də bu cür insanlarımızı cəmiyyətə tanıtdırmaqdır. Bu gün Azərbaycanda ürək transplantasiyasının olmaması üçün tək bir səbəb var. Böyrək elə orqandır ki, onun birini vermək olar, qaraciyərın da bir parçası kəsilərək kimisə xilas edə bilər, ancaq ürək üçün beyin ölümü olmalıdır. Bundan sonra ailələrin buna izn verməsi lazımdır. Dinimiz də buna tam izn verir. Müqəddəs kitabımızda da yazılıb ki, bir insana can vermək bütün dünyanı yaşatmaq qədər müqəddəsdir. Mən millətimizə buradan bəyan edirəm ki, bu məsələdəki çətinıliklər aradan qaldırıldığı zaman bizim həkimlərimiz günü bu gün həmin əməliyyatı etməyə tam hazırdır.

- Adətən xarici ölkələrdə bütün məşhur cərrahların öz şəxsi klinikaları var və onlar sərbəst şəkildə bu tibb ocaqlarında həm ideya və fantaziyalarını həyata keçirirlər, həm də deyək ki, istədiyi xəstəni pulsuz əməliyyat və ya müalicə edirlər. Sizi də məhşur adam hesab etmək ola və yəqin nə vaxtsa belə bir təşəbbüsdə bulunsanız maliyyə çətinliyi çəkmərsiniz, ən azı həyat verdiyiniz minlərlə xəstə içərisində imkanlı adamlar da az deyil...

- Düşüncələrimizdə və xəyallarımızda belə bir şey də var və inşallah zamanında o da olacaq. Əvvəla, biz Azərbaycana yeni gələrkən bir dövlət xəstəxanasına bütün enerjimizi qoyaraq bu işin bir məktəbini yarada bilməyi qarşımıza məqsəd qoymuşduq və Allahın köməyi ilə buna nail olduq, xəyallar gerçəyə döndü.

- Konkret olaraq neçə tələbəniz var, Allah eləməsin, öz ürəyinizi etibar edə bilərsiniz?

- Bayaqdan verdiyiniz sualların içərisində rahat cavab verə biləcəyim sualların başında bu gəlir. Birmənalı olaraq yanımda 6 il içərisində işləyib bu sənətin bütün sirlərini paylaşdığım, onları elmi və praktiki cəhətdən öyrətdiyim 6 tələbəm var. İlk dəfə məhz sizə bir faktı deyəcəm. Bir müddət öncə ailəmin ən əzizi olan-hansı ki, xəyalıma da gətirməzdim ki, nə vaxtsa onu mən əməliyyat etmək zorunda qalaram–adamı çox təcili əməliyyat etməli oldum. Hansı ki, mənim bu əməliyyata girib–girməmək üçün fikirləşməyə belə vaxtım yox idi. Həmin vaxtadək çox əməliyyatlarda olmuşdum, ancaq birinci dərəcədən qanım–canım olan bir insan üzərində əməliyyatın nə şəkildə ola biləcəyini yaşamamışdım. Əməliyyata girərkən uşaqlar dedim ki, ən əzizim olan bir insanın əməliyyatına gedirəm və əməliyyat zamanı hansı hisslər keçirəcəyimi bilmirəm. Amma əminəm ki, mən bu işə davam edə bilməsəm sizlər bu əməliyyatı ən yüksək səviyyədə tamamlayacaqsınız. O zaman mən dünyanın ən tanınmış həkimlərini də bura gətirə bilərdim. Ancaq mən tərəddüd etmədən özüm-özümə qiymət vermək istədim ki, əgər bu komandanı yaratmışamsa heç nədən çəkinmək lazım deyil. Şükürlər olsun ki, uğurlu nəticə oldu. Onu da sizə bildirim ki, mənim hazırda əməliyyatlarımın haradasa 20 faizini tələbələrim aparırlar. Mən sizə bir sirr də açıqlamaq istəyirəm. Bu gün hər kəs bu gözəlliklərin içərisində bizim cavan yaşımızda bu sənəti birilərinə ötürüb bu məktəbi yaratmağımızdan danışırlar. Amma bu məktəbin təməlinin hardan gəldiyini deməliyəm. 23 yaşımda Tibb Universitetini bitirdikdən sonra qardaş ölkədəki bir universitetdə aspirantura və doktorantura zamanı həyatımda mənə bu sənəti öyrədən çox tanınmış, dünyaca məhşur, Türkiyədə aorta cərrahiyyəsinin atası sayılan Suat Buketin yanında 7 il işləmişəm. Mən onun tələbəsi olduğum illərdə ondan elə bir enerji almışam ki, düşünürəm ki, kaş ki, mənim ona qarşı olan sevgim və düşüncələrimi hələ bundan sonra da öyrədəcəyim yüzlərlə tələbəmin biri mənə qarşı  hiss etdiyini biləm. Yalnız o zaman rahatlıq taparam və “yaşamaq nə gözəldir” deyərəm. Öldükdən sonra da ruhən dünyaca yaşayacağıma əmin olaram.

- Əgər sirr deyilsə bu günə qədər nazir, deputat, heç olmasa icra başçısı əməliyyat etmisinizmi? Axı onların maddi imkanları elədir ki, çətin ki, Azərbaycan səhiyyəsinə etibar edələr, həm də ortada bir prestij məsələsi də var...

- İnanın ki, çox olub. Bəzən bunların açıqlanması uyğun görülmür. Azərbaycanın çox tanınmış isimləri, çox yüksək rütbəli simaları özlərini bizə etibar ediblər. Oxuduğum və işlədiyim universitetin rektoru 1975– ci ildə universitetində ürək cərrahiyyəsi qurulandan bir il sonra əməliyyat olunmalı olur. O vaxtlar Türkiyədən Almaniyaya, İngiltərəyə gedişlərin çox olmasına baxmayaraq rektor qərar verir ki, heç yerə getməyəcək və özünü qurduğu universitetin həkimlərinə əməliyyat elətdirir və bu günədək yaşayır. Bu hadisə Türkiyədə və dünyada çox böyük səs–küyə səbəb olur, çox keçmir ki, bu universitet dünyanın ən məhşur transplantasiya mərkəzlərinə dönür. Bu günə qədər təxminən 7 minə yaxın əməliyyat etmişiksə bunun təxminən 20 faizi nəinki İran və Türkiyədə, hətta dünyanın ən aparıcı ölkələrinin klinikalarında əməliyyat etdirmək imkanları olanlardır. Yəni onlar bizə inanıb öz ürəklərini etibar ediblər. Bu, təkcə bizə edilən yaxşılıq deyil, bu, Azərbaycan səhiyyəsinə verilən qiymət və etibardır. Bunlar bizə çox böyük ruh verir.

Zülfüqar HÜSEYNZADƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı