Turizmin üstünlükləri, sosial-iqtisadi önəmi haqqında danışmaq fikrində deyiləm. Çünki bu barədə yetərincə danışılıb. Bu yazını Mərdəkanın yol məsələsinə həsr etmək istərdim. Bakının ən qədim və unikal yaşayış məskənlərindən biri də Mərdəkan olub. Hələ sovet dönəmində bura bir çox parametrlərinə görə, elitar bir yaşayış məskəni idi. İndi isə vəziyyət dəyişib.
Xəzər rayonunu mərkəzi sayılan bu qəsəbənin problemləri gündən-günə artmaqdadır. Yəqin ki, Mərdəkan çimərliyinə və ümumilikdə bu əraziyə gedib-gələnlər mənimlə razılaşarlar. Ətrafı yöndəmsiz ticarət obyektləri ilə üzük qaşı kimi əhatə olunan dar yollar bu əraziyə gediş-gəlişi tamamilə çətinə salıb. Buzovna-Mərdəkan dairəsindən Mərdəkan-Şüvəlan istiqmətində yay mövsümü getmək insandan böyük dözüm tələb edir. Xüsusilə, axşam saatlarında vəziyyət daha acınacaqlı olur.
Dəyərli oxucuların bəziləri düşünəcək tıxac problemi Bakı şəhərinin hər yerində var və bu Bakı üçün xarakterikdir. Həqiqətən tıxac problemi var. Ancaq bu məsələləri zamanında mütəmadi olaraq həll etmək mümkündür. Bir neçə il öncə Mərdəkanda yolların genişlənməsi məsələsi, yəni yol kənarında mövcud olan yaşayış məntəqələrinin sökülməsi, vətəndaşlara öz daşınmaz əmlaklarına uyğun vəsaitlərin ödənilməsi məsələsi gündəmə gəlmişdi.
Həmin vaxt kimlərinsə razılığı və tapşırığı ilə əsas magistral yolun kənarında qısa zamanda saysız -hesahsız müxtəlif ticarət obyektləri peyda oldu. Burada da əsas məqsəd yeni yolun inşası zamanı dövlətdən çoxlu para qazanmaq idi. Təbii ki, bütün bunlarda Mərdəkanda əsas magistral yolun çəkilişində ciddi əngəllərdən biridir. Problemin zamanında çözülməməsi bu yay mövsümündə Mərdəkana gedən hər bir şəxs üçün narahatçılıq yaradır.
Yayın bu istisində qəsəbənin dar küçələrində saatlarla vaxt itirmək, sonrada çimərlikdə insanların yaratdıqları çirkabı görmək çətinki istirahət sayılsın, ora gələnlərə zövq versin. Əslində Mərdəkanı zəngin bir turizm zonasına çevirmək üçün yetərincə imkanlar var.
Sadəcə olaraq bu potensialdan düzgün istifadə etmək lazımdır.
Bunu ilk öncə yollarının genişlənməsindən, infrastruktur layihələrinin həyata keçirilməsindən başlamaq lazımdır. Təbii bu prosesdə son dövlər yol kənarında məqsədli şəkildə inşa edilən obyektlər məsələsinə yenidən baxmaq olar,
İkincisi, bu gün bu qəsəbədə həllini gözləyən sosial-iqtisadi layihələrin icrasına ehtiyac var.
Buraya daxil etmək olar kanalizasiya, davamlı içməli suyun təminatı və s. məsələləri...
Üçüncüsü, Mərdəkana şəhər statusu verməklə bu ərazinin turizm potensialını tam gücü ilə işə salmaq mümkündür. Bu qəsəbədə mövcud olan Mərdəkan Dendrarisi və digər unikal tarixi abidələrin tanıtımı məsələsini və turizm imkanlarını işə salmaq lazımdır. Necəki yaddan çıxan Qala kənddində bu işləri H.Əliyev Fondu uğurla icra etdi. İndi Qala kəndi açıq səma altında muzey olmaqla yanaşı keçmışdən bu günə işıq salan şəhər tipli qəsəbədir.
Dördüncüsü, Bakı şəhərində mövcud olan ali təhsil ocaqlarının, müxtəlif dövlət qurumlarının bu əraziyə köçürülməsi məsələsini qaldırmaq olar. Bu Bakı şəhərinin qisməndə olsa yükünün, əhali sıxlığının azalmasına səbəb olar,
Nəhayət, sahibkarları cəlb etməklə, şəffaf tender keçirmək yolu ilə burada ən müasir otellərin, istirahət guşələrinin tikintisinə, müxtəlif istehsal sahələrinin açılmasına start vermək olar.
Müasir turizm tək istirahət deyil, həm də mədəniyyətlərin, maddi-mənəvi dəyərlərin təbliğidir. Bu gün biz turizmdən çox danışırıq. Ancaq mövcud potensialdan yetərincə istifadə edə bilmirik. İstər yerli olsun, istərsə də əcnəbi gəlib hər hansı bir məkanda natəmizlik və yaxud xidmətlərə görə qiymətlərin kəllə çarxa çıxmasını görəcəksə, o zaman həmin şəxslər ikinci dəfə ora ayaq basmırlar. Azərbaycanın turizm sektorunun və xidmətlərinin ən böyük bəlasını burada axtarmaq lazımdır.
Əslində böyük həcmli layihələrdə dövlətin dəstəyi mütləq lazımdır. Magistral yolların çəkilişi, digər böyük layihələr kifayət qədər maliyyə vəsaiti tələb edir. Ancaq elə işlər var ki, onları bələdiyyələr etməlidir. Bunun üçün onların topladığı müxtəlif vergilərdə yetərlidir. Görünür cəmiyyətdə demokratik idarəetmə prinsipləri ilə formalaşan və innovativ təşəbbüslərlə çıxış edib işləyə biləcək bələdiyyə institutlarına ehtiyac var.