Dəfələrlə xarici ölkələrdə sərgiləri təşkil olunmuş rəssam qohumum bu dəfə qeyri-adi xahişlə mənə müraciət etdi: “Ötən gün ANS-in “Kök altında” verilişində deputat Fazil Qəzənfəroğlu ilə Günel adlı gənc yazıçı debata çıxmışdı. Xahiş edirəm, verilişdəki Günelin yazıçı Anarın qızı olub-olmadığını öyrənib mənə deyərsən”.
Ömrünün səkkizinci onliliyini xırdalayan qohumumu intizarda qoymaq istəmədiyim üçün dərhal telefona əl atdım. Ard-arda beş-altı həmkarıma müraciət etsəm də, məlum oldu ki, heç kim həmin verilişə baxmayıb. Axırda məcbur olub Günel Mövludun özünü aradım. Günel xanın Fazil Qəzənfəroğlu ilə eyni verilişdə içtirak etdiklərini, amma “Kök altında” deyil, “Günəbaxan”da qonaq olduqlarını bildirdi. Hətta əlavə izahat verməyi də unutmadı: “Şəmistan Əlizamanlı da bizimlə eyni verilişdə iştirak edirdi”.
Rəssam qohumumu arayıb, “Günəbaxan”da Azərbaycan Ordusundakı nöqsanları tənqid edən yazarın Günel Anarqızı deyil, Günel Mövlud olduğunu deyəndə, onun reaksiyası belə oldu: “Mən bilirdim ki, Anarın qızı hökümətin əleyhinə danışmaz...”.
İki gündür bir neçə sual mənə rahatlıq vermir: Günel Mövludun qaldırdığı problemləri Günel Anarqızı niyə dilə gətirməməlidir? Axı, hər iki xanım yazardır. Bəyəm vətəndaş mövqeyi sərgiləmək yazarın əsas vəzifəsi deyil. Niyə qoca rəssam yazıçı Anarın qızının hansısa problemdən danışmasını ağlının ucundan belə keçirə bilmir?
Eyni sözləri xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qoca haqqında da söyləmək olar. Mən indiyə kimi Yalçın müəllimin adını cəmi iki dəfə eşitmişəm. İlk dəfə Anar onun adını prezident təqaüdünə təqdim edəndə böyük səs-küy yaranmışdı. Bəzi yazarlar iddia etmişdilər ki, Yalçın Qoca ədəbi istedadına deyil, Fikrət Qocanın oğlu olduğuna görə prezident təqaüdü alır. İkinci dəfə isə ötən ay yazıçılara ev veriləndə Yalçın Qocanın adı ətrafında qalmaqal yaranmışdı. Anar 40 illik dostuna sədaqətini onun oğluna ev verməklə sübut etmişdi. Hansı ki, mən həm Anarın, həm də Fikrət Qocanın övladlarının adlarının ölməz əsərlərin müəllifi kimi gündəmə gəlməsini, onların da Günel Mövlud kimi fəal vətəndaş mövqeyi sərgiləməsini istəyirəm.
Orta məktəbdə oxuyanda bizə öyrətmişdilər: ədəbiyyat həyatı surətlər vasitəsilə əks etdirən söz sənətidir. Elə bilirəm ki, mənim məktəbli partası ilə vidalaşdığım ötən 20 ildə ədəbiyyatın təyinatı dəyişməyib. Əgər belədirsə, niyə yazıçının yazıçı qızı, şairin şair oğlu öz əsərlərində həyatı əks etdirə bilmirəm. Axı, ədəbiyyat reallığı söykənəndə daha güclü olur...
Sonda ötən il yazdığım bir fikri yenidən təkrarlamaq istəyirəm: yazıçı geyinməyə ayaqqabı tapmayan Babək adlı uşağın taleyinə biganə qalıb, sərkərdə Babəkin həyatından roman yazdığı üçün oxucu onun səmimiyyətinə inanmır.