BU PİYLƏNMİŞ BOYUNLARLA, ŞİŞMAN QARINLARLA MUROVU, DƏLİDAĞI, KİRSİ AZAD EDƏ BİLMƏYƏCƏYİK...
Qidalanma mədəniyyəti barədə ötən yazıda yeməyimizin bizi “yediyini”, yəni halal və düzgün qidalanmamanın bir çox fiziki və mənəvi xəstəliklərə səbəb olduğunu göstərmişdik...
Çıxış yolunu bulmaq üçün yenə də Allahın sonuncu kitabına və Peyğəmbərinə(ə.s.) müraciət etmək lazımdır.
Əvvəla, əsl insan, əsl müsəlman ağzına qoyduğu hər bir tikənin, hər bir damlanın halallığına diqqət etməlidir. Qurani-Kərimin Maidə surəsinin 3-cü ayəsində Yaradan buyurur: “Murdar heyvan(kəsilmədən ölmüş) əti, qan və donuz əti, Allahın adından başqa bir adla kəsilmiş hər bir heyvan, boğulmuş, daşla vurulmuş, yüksək bir yerdən düşüb ölmüş, başqa bir heyvanın buynuzu ilə öldürülmüş, ya da yırtıcıların ətindən yemiş olduğu heyvanlar sizə haram edilmişdir...”
Həmin surənin 90-cı ayəsində isə bihuşedici içkilər (şərab, pivə və s.) haram buyurulmuşdur.
Amma burada daha bir incəlik qidanın halal qazancla əldə edilməsidir. Yəni, məsələn, bir evdə qoyun və ya mal əti yeyilirsə, ancaq o oğurlanmışsa, yaxud rüşvətlə, sələmlə, narkotik ticarəti ilə və s. haram yollarla əldə edilmişsə, həmin qida o ailə üçün heç cür halal ola bilməz...
Peyğəmbərimiz buyurur: “Yeməklərinizin halal və ya haram olmasına
xüsusi diqqət yetirin. Haram yemək-içməklərdən uzaq olun. Və haram yemək-içmək olan məclislərdə iştirak etməyin...”
Həzrət Əli (ə.) tövsiyə edir ki, yeməyin halallığına şübhə edirsənsə, onu yemə...
Bəziləri sual edir ki, filan qida, məsələn, donuz əti niyə haramdır. Birincisi, Allahın əmri müzakirə edilmir, ikincisi, alimlər də təsdiqləyir ki, donuz ətində xəstəlik törədən mikroblar daha çox olur, üçüncüsü, hətta mikrob olmasa belə, hər bir qidanın özünəməxsus ruhu vardır və bu bizim və bizdən törəyəcək övladlarımızın ruhuna, xarakterinə təsir göstərir. Yəni yediyimiz donuz əti ilə bərabər həmin heyvanın murdar xüsusiyyətləri: tənbəlliyi, pintiliyi, şəhvətpərəstliyi və ən dəhşətlisi donuzun müxalif cinsini başqasına qısqanmaması insanın ruhuna hopur. Deməli, donuz əti cəmiyyətdə tənbəllərin, natəmizlərin, zinakar, dəyyus kişi və qadınların sayını artırır...
Haram yemək insanın dualarının qəbul olunmamasına da səbəb olur. Rəsuli-əkrəm əfəndimiz(s) buyurur:”Duasının qəbul olunmasını istəyən hər bir şəxs yediyi yeməyi və qazanc mənbəyini təmiz saxlamalıdır”...
Əksəriyyətimiz haram-halal bilmədən yeyib yaşayır, üstəlik, sonra da taleyimizdən şikayətlənirik: ”Niyə belə zülm çəkirik? Niyə cürbəcür xəstəliklərə düçar oluruq? Niyə rüşvətxorların zülmündən qurtula bilmirik? Niyə Qarabağı azad edə bilmirik?” Və s. və i.a...
Qidalanmada ikinci əsas tələb həddi aşmamaqdır.
“Sizə verdiyimiz qidaların təmizindən(halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri qaydada kömək göstərin), yoxsa qəzəbimizə düçar olarsınız. Qəzəbimizə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt(cəhənnəmlik) olar.”(Qurani-Kərim, Taha, 81)
Yemək-içməkdə həddi aşan kəs digər əməllərində də həddi aşmağa meyilli olur. Bu da cəmiyyətdə mənfiliklərin, oğurluğun, quldurluğun, qətllərin, rüşvətin, sələmin və s. atrmasına gətirib çıxarır. Görün dünyada və məmləkətimizdə nə qədər Allahın qəzəbinə düçar olmuş bədbəxt var...
Çoxları özlərinin həddindən artıq yeyib-içmələrinə haqq qazandırmaq üçün deyirlər ki, köhnə kişilər bir oturuma bir quzu yeyirdi, bəs niyə sapsağlam olurdular. Bəsit bir fikirdir. Əvvəla, o zamanlar qidalar ekoloji təmiz olurdu, ikincisi, köhnə kişilər bizi kimi saatlarla kresloda, maşında əllərində pult, telefon yayxanıb qalmır, yedikləri qədər də işləyir, hərəkət edir, at çapır, güləşir, qılınc oynadırdılar... Yəni, həzm etdikləri kalori sərf olunur, bədəndə yatıb piylənmə yaratmırdı...
Odur ki, köhnə kişilərin nəsihətlərinə əməl etmək lazımdır... Peyğəmbərimiz(s) buyurur: “Az yeyən şəxsin bədəni sağlam, qəlbi saf olar, çox yeyən şəxsin isə bədəni xəstə və qəlbi bərk olar”...
Rəsuli-əkrəm(s) sağlamlığın əsas prinsipinin tox halda, acmamış yeməməkdə və doymamış süfrədən əlinii çəkməkdə görür.
İmam Rza(ə) deyir ki, süfrədən əlini doymamış çəkmək mədəyə fayda verər, bədənin yüngüllüyünə və əqlin inkişafına səbəb olar.
İmam Sadiq(ə) məsləhət görür ki, qarnın üçdə birini yemək, üçdə birini su, digər üçdə birini isə hava üçün saxlayın. O deyir: “Çalışın ki, özünüzü kökəlməklə aldatmayın, çünki bu xüsusiyyət kəsiləsi heyvanlara aiddir ki, onları daha kök olmaları üçün bordağa bağlayıb bəsləyirlər...”
İsa peyğəmbər(ə) qadınlara məsləhət görür ki, yeməyi doyanadək yeməyin, çünki dolu mədə üzdə olan gözəllik və təravəti aparır...
Adi su içməyin də qaydasını, həddini biləsən gərək. Peyğəmbərimiz(s) buyurur:”Suyu dəvə içdiyi kimi birnəfəsə içməyin. İki-üç nəfəsə, qurtum-qurtum için. İçməyə başlayanda “bissimillah”, sonda “əlhəmdulillah” deyin...
Yemək-içməyin tənzimlənməsi, nəfsin tərbiyəsi üçün oruc tutmağın faydası çox böyükdür...
Qida qəbulunda üçüncü əsas amil onun kim tərəfindən və necə hazırlanmasıdır. Müasir dövrdə mümkün qədər ev şəraitində, səni sevən əzizlərin tərəfindən hazırlamış qidanı yemək məsləhətdir. Hər bir qida məhsulu, xörək, içki qüsullu, dəstəmazlı şəxs tərəfindən, özü də sevgi ilə, həvəslə hazırlanmalıdır. Əks halda həmin yemək-içməyi həzm edənlər fizioloji və ruhi zərərlərə məruz qala bilərlər... Bu mənada ana-bacılarımızdan. xanımlarımızdan çox şey asılıdır...
Əlbəttə, bu kiçik yazıda yemək-içməyin bütün qayda-qanunlarını əhatə etmək mümkün deyil. Ancaq sonda bu nəticəyə gəlirik ki, ağzımıza qoyduğumuz hər bir tikə taleyimizdə, gələcəyimizdə böyük rol oynayır. Həzm etdiyimiz hər bir şey qanımıza sorulur, ürəyimizə. beynimizə nəql olunaraq ruhumuza, düşüncəmizə, əqidəmizə və son nəticədə davranışlarımıza təsir göstərir. Sonra bizdən yeni nəsillər törəyir... Deməli, yeməyimiz - gələcəyimizdir. Zülmə, haqsızlığa qarşı mübarizəmiz, müsəlman torpaqlarının, o cümlədən Qarabağın azadlığı uğrunda savaşımız da yemək-içməyimizə bağlıdır. Təbii ki, yemək üçün yaşamasaq, yaşamaq üçün yesək, nəyəsə nail olarıq... Sözsüz ki, bu yoğun piylənmiş boyunlar, şişman qarınlarla Murovu, Dəlidağı, Kirsi azad edə bilməyəcəyik...