BDU Həmkarlar İttifaqı Komitəsinin sədri
Mən akademik Vasim Məmmədəliyevin elmi səviyyəsi, böyük alimliyi haqda yazmağa cəsarət etmirəm. Bu, hamının gördüyü və ən qatı müxaliflərin də etiraf etdiyi saf həqiqətdir. Digər tərəfdən bu parlaq günəşin Azərbaycan şərqşünaslıq tarixinə doğduğu çətin 60-70-ci illəri bir daha təsəvvürümdə canlandırıram. Bu həmin dövr idi ki, Juze, Marr, Bartold kimi əcnəbi dahilərdən sonra bizim Ələsgər Məmmədov, Rəhim Sultanov, Mübariz Əlizadə kimi nəhənglər yaranmışdı və bu nəhənglər əhatə dairəsində 4-cü şəxsi görmək istəmirdilər. Çətin ona görə deyirəm ki, Vasim müəllim bu güclü işıqların arasında yalnız günəş olaraq parlaya bilərdi və istedadı,zəhmətsevərliyi, intəhasız zəkası ilə bunu bacardı!
Ancaq mən başqa çox parlaq bir keyfiyyət barədə yazmaq istəyirəm.Bu-insanlıqdır! Alimliyi qədər böyük olan bir keyfiyyət! Maraqlıdır ki, yüzlərlə ziyalının arasında işləməyimə baxmayaraq həyatımın çətin anlarında Vasim müəllimi xatırlayıram. ”Görəsən O bu vəziyyətdə nə edərdi?”. Əvvəllər elə bilirdim yalnız mən belə düşünürəm. Sonra bildim ki, universitetin bir çox müəllimləri akademik Vasim Məmmədəliyevi özlərinə ideal hesab edir. Insanda nə qədər səbir, təmkin, diqqət, böyüklük olarmış?! Ən çox heyrət etdiyim isə şahidi olduğum mehribanlığı, sadəliyi və fenomenal yaddaşıdır. 2003-cü ildə rəhmətlik qaynatamın 75 illik yubileyini qeyd edirdik. Əslində yalnız ailə üzvlərini dəvət etmişdik. Hazırlıq mərhələsində təsadüfən Vasim müəllimlə rastlaşdım. Həmişəki kimi mehribanlıq və səmimiyyətlə görüşüb nədən belə qayğılı göründüyümlə maraqlandı. Həssaslığı önündə heyrət edib yubileylə bağlı bir az narahat olduğumu dedim. Vaxtını,yerini soruşanda xəcalət çəkdim. ”Yox, Vasim müəllim, Sizin minlərlə probleminiz var, özümüz olacağıq, narahat olmayın”-dedim. “Mən mütləq gələcəyəm”-deyərək yubileylə bağlı çap olunan kitabdan birini göndərməyi tapşırdı. Ayrılandan sonra daha çox həyəcanlandım. Dünyanın tanıdığı bu boyda alim, akademik, böyük şəxsiyyət bizim ailə tədbirində iştiraka qərar verdi. Necə deyərlər,dünyanı görə-görə gəlirik, biri bir balaca qabağa gedən kimi köhnə dostlar nədir,tanışlar nədir, köhnə yerişini bəyənmir, Vasim müəllim isə... Mən o vaxtlar heç bir vəzifədə deyildim, rektorun köməkçisi vəzifəsindən çıxmışdım, Həmkarların sədri də hələ seçilməmişdim. Bir növ, dostların seyrələn dövrü idi. Belə bir vaxtda Vasim müəllim bizim tədbirə ürəkdən qatıldı, dərin məzmunlu çıxışı ilə hamını məftun etdi, üstəlik həvəskar şair olan qaynatamın kitabda çap olunan şeirlərindən bir neçəsini əzbər deyib bizi təəccübləndirdi. Axı cəmi bir neçə saat əvvəl kitab ona verilmişdi, bu qisa müddətdə şeirləri necə əzbərləyə bildi?
Başqa bir xatirəni mənə dostlarımızdan biri danışıb. İndi kifayət qədər tanınmış olan dostum 1991-ci ildə adi laborant işləyirmiş və rayondakı qohumlarından biri uşağının universitetə daxil olması ilə bağlı ona müraciət edibmiş. Heç kəsə gizli deyil ki, o vaxt TQDK yox idi və qəbul əyri-düz universitetin rəhbərliyi tərəfindən aparılırdı. Dostum deyir ki, həm qohuma yarınmaq istəyirdim, kənd yeridir, desinlər filankəsin oğlu hörmətli adamdır, sözü keçir, həm də gümanım var ki, 5-10 manat qazanıb balalarıma əyin-baş alım. Axı cəmi 120 manat maaş alırdım, bir az ucuzluq olsa da 5 baş ailəni saxlamaq çox çətin idi. Əlqərəz, çox fikirləşdim ki, bu məsələni kimə deyim, rəhbərlikdə olanlardan bircə Vasim müəllimə gümanim gəldi, ancaq o vaxt o prorektor, mən laborant baba, necə gedim, necə deyim, bilmirdim. Axır rayondakı qohumlar, uşaqlarım, dolanışığım gözümün qabağına gəldi, özümü məcbur etdim onun qapısını döyməyə. Təbii ki,məni tanımırdı, ancaq elə qarşıladı ki,məəttəl qaldım. Xeyli söhbət etdi, harada işləməyimlə, hansı rayondan olmağımla, ailə vəziyyətimlə maraqlandı. Sonra xahişimi deməyə, bir növ, məcbur etdi. Doğrusu, belə münasibətdən sonra xahişimi etməyə utanırdım, çox xəcalət çəkə-çəkə uşağın ad-familiyasını, fakültəsini yazıb verdim, daha doğrusu zorla yazdırdı. 10-15 gündən sonra uşağın adı siyahıda çıxdı və mən qohumun verdiyini pulları götürüb təzədən onun yanına getdim. Düzü, yolda fikirləşirdim ki, bundan mənə 200-300 manat versəydi, uşaqlara ayaqqabı, özümə kostyum, yoldaşıma paltar alardım.(o vaxt ucuzluq idi, o pula əməlli bazarlıq etmək olardı). Bir də qərara aldım ki, əgər heç nə verməsə, dilimlə xahiş edəcəyəm, yoxsa vəziyyət çox ağırdır. Nə isə, bu fikirlərlə qapısını döydım. Məni, necə deyərlər, itmiş qardaşı kimi qarşıladı, o vaxt onu yaxşı tanımırdım, allah günahımdan keçsin, fikirləşdim ki, yəqin pul gətirmişəm deyə belə eləyir. Yenə hal-əhval tutdu “sən burda işləyirsən, sənin qohumun girməyib, kim girməlidir ki?”- deyib, heç qoymadı bir əməlli təşəkkür eləyim. Axır ki, pulu stolun üstünə qoymaq məqamı gələndə ayağa qalxdı. “Ay bala, mən prorektor, sən laborant, sizin evdə sən tək işləyirsən, mənim yoldaşım da maaş alır, mən də səndən 4-5 dəfə artıq pul alıram,heç rəvadırmı ki, mən 5 baş adama baxan sadə əməkdaşdan pul alım?”-deyib əlimi qaytardı. Nə qədər and-aman elədim ki, ay Vasim müəllim, pul mənimki deyil, mənə veriblər ki, Sizə çatdırım, xahiş edirəm,götürün, halal haqqınızdır. Dedi, ”yox ki, yox! Mən o pulu sənə halal edirəm, get balalarına xərclə,ana südü kimi halalın olsun!”. Bayaqdan ürəyimdən keçənlərə görə xəcalət çəkə-çəkə onun yanından çıxdım. Yol boyu 2 şey fikirəşirdim: biri oydu ki, mən bu qədər pulu neyləyəcəyəm, bir də, bu adam nə qədər gözü-könlü tox, böyük ürək sahibidir, allah, belə adamlar da varmış dünyada... Nə isə, o pulları bir neçə dəfə saydım, ora qoydum, burda gizlətdim, axır qərara aldım ki, gedim bu pulla, Hacı Vasimin verdiyi pulla rayonda bir ev tikdirim, xeyirli-bərəkətli olar. Maraqlıdır ki, evin tikilib ərsəyə gəlməyi o qədər rahat, surətli oldu ki, hamı, hətta ev tikən ustalardan narazı olmağı qayda kimi qəbul edib deyinənlər də məəttəl qaldılar. Daha maraqlısı o oldu ki, 2003-cü ildə kəndimizdə torpaq sürüşməsi oldu, bütün evlər xəsarət aldı, sağdakı,soldakı evlər lap pis vəziyyətə düşdü, bizim evə heç nə olmadı. Çünki evim Vasim müəllimin xeyir-duası ilə tikilmişdi. Dostumun danışdığı bu söhbət məni xeyli düşündürdü,ən çox ona görə ki, Vasim müəllimin o ev məsələsindən xəbəri yoxdur. Görəsən nə qədər belə evlər tikib, ocaqlar qurub, yaxşılıqlar edib, heç kəs, elə özü də bilmədən...
Milyonlardan fərqli olaraq bu şəxsiyyətdə ürək və ağıl eyni böyüklükdədir, allah öz sevimli bəndəsinə geniş ürəklə fenomenal ağlı səxavətlə verib. Verib ki, dünyada olanlar elə düşünməsinlər ki, bəşəriyyətin sonu çatıb, insanlar yalnız təmənnalı yaxşılıq etməyə qadirdirlər, qara qüvvələr qələbəyə daha yaxındırlar, “heç kəs heç kəsin kitabını oxumur” və s. Bu peyğəmbər xislətli adam dünyaya xeyirxahlıq toxumu səpə-səpə yaşamağa göndərilib ki, insanlar o göyərən yaxşılıqların barından dada-dada düşünsünlər ki, “hələ yaşamağa dəyər bir az da...”
Hələ 30 il bundan sonra da o toxumların səpildiyinin şahidi olmaq arzusu ilə...