Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə yeni səfərbərlik dalğasının keçiriləcəyinə dair yayılan məlumatları “informasiya ördəyi” adlandıraraq təkzib edib.
Modern.az xəbər verir ki, Dmitri Peskov RTVI-yə açıqlamasında Rusiyada yeni səfərbərliyə hazırlıq görüldüyü barədə xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Kreml nümayəndəsinin sözlərinə görə, bu məlumatlar Ukrayna hakimiyyəti tərəfindən məqsədli şəkildə yayılır. O, belə iddiaların Rusiyada ictimai-siyasi vəziyyəti sabitliyindən çıxarmağa yönəldiyini deyib.
“Bütün bunları Ukrayna hakimiyyəti yayır. Rejim ölkəmizdə vəziyyəti ideoloji baxımdan sarsıtmağa çalışır. Bunlar informasiya məkanına məqsədli şəkildə atılan informasiya ördəkləridir”, - Peskov bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski yayın əvvəlindən Rusiyada yeni səfərbərlik keçirilə biləcəyini bir neçə dəfə iddia edib. O, avqust ayında səfərbərliyin Rusiyada sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra elan edilə biləcəyini irəli sürüb.
Xatırladaq ki, rəsmi məlumatlara görə, 600 mindən çox azərbaycanlı Rusiya vətəndaşıdır. Rusiyada qismən səfərbərlik 21 sentyabr 2022-ci ildə prezident Vladimir Putinin fərmanı ilə elan edilmişdi. Həmin vaxt müdafiə naziri vəzifəsində çalışan Sergey Şoyqu səfərbərlik tədbirlərinin başa çatdığını 28 oktyabr 2022-ci ildə açıqlamışdı. Şoyqunun məlumatına görə, həmin səfərbərlik çərçivəsində Rusiya ordusuna 300 min nəfər göndərilmişdi.