Modern.az

Rəbiyyət Aslanovadan sərt sözlər: “Telekanallar zorakılığı şou formatında təqdim edirlər” - MÜSAHİBƏ

Rəbiyyət Aslanovadan sərt sözlər: “Telekanallar zorakılığı şou formatında təqdim edirlər” - MÜSAHİBƏ

Ölkə

3 Dekabr 2012, 15:39

Müsahibimiz  Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanovadır

- Ailə-məişət zorakılğı dünyanın ən ağrılı və vacib problemlərindən biri olaraq qalmaqdadır. Çox təəssüflər olsun ki, xüsusilə, son illərdə Azərbaycanda da bu yöndə ciddi problemlər yaşanmaqdadır, hansı ki, bunların hüquqi cəhətdən tənzimlənməsi üçün bir neçə il öncə cəmiyyətdə ciddi müzakirələrə və hay-küyə səbəb olan “Ailə-məişət zorakılığının qarşısının alınması haqqında” qanun belə qəbul edilib...

- Bilirsiniz, əvvəla, bu gün dünyanın bir çox ölkələrində müşahidə olunan böhranın, ailə institutunun tənəzzülü, məişət zorakılığı kimi meyllərin qloballaşma şəraitində həyatımıza təzyiq və nüfuz etməsi reallıqdır. Yəni, sizin də qeyd etdiyiniz kimi, məişət zorakılığı dünyanın ən aktual problemlərindəndir. Hər il dünyada zorakılıq üzündən minlərlə qadın həlak olur, məişət zoraklığına məruz qalaraq, ağır zərbələr alır. Məişət zorakılığının son nəticəsi özünə qəsd, adamöldürmə və insan alverilə nəticələnir. 
Artıq neçə illərdir QHT-lər, hökumətlər, eləcə də beynəlxalq təşkilatlar bu problemin həlli yollarını müzakirə edirlər.

Bu yerdə qeyd edim ki, 25 noyabr Beynəlxalq Qadınlara qarşı zorakılığın aradan qaldırılması Günü kimi qeyd olunur. Bu gün rəsmi olaraq 1999-cu ildə BMT Baş Assambleyası tərəfindən elan olunub, amma 1981-ci ildən etibarən 1960-cı ildə Dominikan hökmdarı Rafael Truxilyonun əmri ilə vəhşicəsinə qətlə yetirilmiş Mirabel bacılarının faciəvi ölümü ilə əlaqədar qeyd olunur.Qadınlara qarşı məişət zorakılığı bütün dünyada yayılıb...

- Bu gün qadınların təxminən neçə faizi zorakılıqdan əziyyət çəkir?

- Statistikaya görə, qadınların 70 faizi fiziki və sosial zorakılıqdan əziyyət çəkir. Avropa qadınlarının 15%-ə qədəri hər gün məişət zorakılığının qurbanı olur. Xatırladım ki, dünyanın 60 ölkəsi bu sahədə qanunvericilik bazası yaradıb. BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılıq əleyhinə kampaniyaya başlayıb. BMT-yə üzv ölkələr 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaratmaq, maarifləndirmə işləri aparmaq və problemin həlli üçün proqram hazırlamaq öhdəliklərini götürüblər.      
Bu meyllərin Azərbaycan ailəsinə təsir etməsinə  yol verilməməsinə, proseslərin mümkün mənfi  nəticələrinin önlənməsinə, qarşısının alınmasına hesablanıb.

Müstəqilliyin əldə edilməsi ilə ölkəmizdə gender bərabərliyinin qanunvericilik bazasının yaranması yönündə dövlətin ardıcıl siyasəti həyata keçirilib,  milli dövlət quruculuğu siyasətinin təməl prinsiplərinə çevrilib. Qadın siyasətinin müəyyən edilməsi, cəmiyyətdə onun statusunun yüksəldilməsi, inkişafın prioritetləri sırasına aid edilib. Dövlətin uzun müddətli qadın siyasətinin əsasları qoyulub və həyata keçirilib. Bu gün Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyət prinsiplərinə cavab verən insan hüquqları sisteminin yaradılması yönündə çox miqyaslı fəaliyyət göstərir.

Həmçinin, bəzi ağrılı məqamlara baxmayaraq, hazırkı dövrdə azərbaycanlı kişinin ənənəvi olaraq keçmişdə azərbaycanlı qadına bəslədiyi münasibət  real olaraq aradan qalxıb. Burada gender bərabərliyinin təmin edilməsinə xidmət edən qanunvericilik bazasının yaradılması xüsusi yer tutur. Mərhum Heydər Əliyev 14 yanvar 1998-ci ildə “Azərbaycan Respublikasında qadınların rolunun artmasına dair tədbirlər haqqında” fərman imzalayıb, 6 mart 2000-ci il tarixində isə “Dövlət qadın siyasətini həyata keçirilməsi sahəsində ən mühüm istiqamətləri” müəyyənləşdirilib. Dövlət müstəqilliyinin əldə olunmasından keçən 18 il ərzində insan və qadın hüquqlarının təkmilləşdirilməsi üçün aparılan fəaliyyət ardıcıl davam edib.

Prezident İlham Əliyevin başçılığı davam etdirilən  siyasət nəticəsində əldə edilən nəhəng uğurların böyük qismi də Azərbaycan vətəndaşın sosial-iqtisadi rifahının artırılması ilə bağlıdır. Çünki dövlət başçısının qeyd etdiyi kimi, ölkədə həyata keçirilən islahatların magistral meyli- sosial yönümlü olması ilə seçilir.   2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin fəaliyyətinin ümumi prinsipləri və əsas məqsədi ilk növbədə Azərbaycan qadınının  problemlərini həll etməyə, onları minimuma endirmək olub.

Bu gün Azərbaycanda qadın hüquqlarının və gender bərabərliyinin keşiyində duran 150-yə yaxın  sənəd imzalanıb. Biz insan və qadın hüquqlarına dair mövcud olan bütün  əsas beynəlxalq sənədləri, o cümlədən, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair Konvensiyanı və sairəni ratifikasiya etmişik. 2006-cı ildə ”Gender bərabərliyinin təmin edilməsi  haqqında”, ondan sonra isə  “Ailə-məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. MDB məkanında qadın siyasətini həyata keçirilməsi sahəsində ilk və hələlik yeganə qurum kimi Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsi, o cümlədən çoxsaylı qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Dövlətin Konstitusiyası da, Ailə Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi də qadın hüquqlarını keşiyində dayanır. Bütün bunlar Azərbaycanda gender bərabərliyi sahəsində vəziyyətin de-yure olaraq  tələb olunan səviyyədə olduğunu sübut edir.      Bununla belə, həqiqətən  son illər qadınlara qarşı zorakılıq halları Azərbaycanda da artıb. Qadınlar bu zorakılığa qarşı mübarizədə aciz olduqlarından, əksər hallarda susmağa üstünlük verirlər. Azərbaycan isə 2006-cı ildə AŞ-nin qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulub. Amma bundan əvvəl də ölkə qanunvericiliyində ailə-məişət zorakılığının aradan qaldırılmasına dair müddəalar var idi...

- O da var ki, ümumilikdə bəşəriyyətin daim qurtulmağa çalışdığı, lakin eyni zamanda həmişə onu müşayiət edən zorakılığın köklərinə nəzər  salmaq gərəkdir. Sizcə, tarixi prosesdə zorakılığın izlənilməsi nə göstərir?

- Qeyd etmək yerinə düşər ki, zorakılığı formalaşdıran ilk amil insanların fərdi və kollektiv dünya görüşüdür.Tarixi dinamikada digər  mühüm xüsusiyyət-zorakılığın aşkar formalarından onun daha gizli formalarına doğru meyllənməsidir. Onun artması başlıca olaraq insanlararası münasibətlər və sosial mühitlə şərtlənib. Yaşadığımız 21-ci əsrdə münaqişə və zorakılıq mövzuları gündəmdən düşmür. Bunları şərtləndirən iki paradoksal nəticəyə  diqqətinizi  cəlb etmək istərdim. Bir tərəfdən, bu gün dünyada və cəmiyyətdə istənilən problemin zorakılıq vasitəsilə həlli metodunun yolverilməz olduğuna dair qənaətlər birmənalıdır.

Lakin təəssüflə qeyd etməliyik ki, digər tərəfdən dünya birliyində zorakılığı törədənlərə qarşı münasibət hələ də birmənalı olmamış, ona qiymət verilməsində yekdillik əldə edilə bilməyib.Yəni, bu gün dünyada zorakılığa münasibətdə "ikili standartlar" fonunda getdikcə artan dözümlülük fonunda biz onu “Susmaq razılıq əlamətidir” deyiminə əsasən  dolayısı ilə  dəstəkləndiyini görürük. Bu da öz növbəsində istər dövlətlər, istərsə də şəxsiyyətlər səviyyəsində hər kəsdən  zorakılığa istənilən səviyyə və formalarda aşkar mövqe və prinsiplərdə durmağı tələb edir. Zorakılıqdan danışanda sistemli mənzərə nəzərə alınmalıdır.

İnsan,cəmiyyət və dünya münasibətləri bir vəhdət təşkil edir. Məişət səviyyəsindəki zorakılıq formaları üst üstə toplanaraq son nəticədə cəmiyyətdə və dünyada zorakılıqları və ya əksinə  şərtləndirir.Buna görə də, bu gün beynəlxalq hüquq kimi sarsılmaz hesab edilən bir sahənin  iflas dövrünü yaşadığını da diqqətdə saxlamalıyıq.   Həm də ona görə ki, Azərbaycanda qadın hüquqlarının real gerçəkliyə çevrilməsinə maneə yaradan ən mühüm səbəblərdən biri də budur. Ermənistanın işğalçılıq müharibəsi, bir milyondan çox qaçqın, keçid dövrünün problemləri və s. nəticəsində  qadın hüquqlarının və fəallığının strukturu, sabitliyi və inkişaf göstəriciləri dəyişməyə bilməzdi.  Qadınlara qarşı zorakılıq daha çox həm də psixoloji və mental problemlərlə bağlıdır...

- Yeri gəlmişkən, konkret olaraq Azərbaycanda məişət zorakılıqlarının artmasının bir  səbəbi  də ölkəmizin üzləşdiyi erməni təcavüzü ilə bağlı deyil ki?..

- Təbii ki, bununla birbaşa bağlıdır. Çünki müharibənin dəhşətlərindən sonra reabilitasiya mərkəzlərinin olmaması, yurd-yuvasını, doğmalarını, sağlamlığını itirən vətəndaşlarımıza psixoloji yardımların göstərilməməsi üzündən bu kəsimin bəzi nümayəndələrində dəhşətli aqressiya qalıb. Bu da özünü məişətdə göstərir.   Ermənistanın təcavüzkar siyasəti nəticəsində 20 ildən  çox davam edən müharibə qaçqın qadınların təsəvvüredilməz miqyaslı təzyiqlərə  məruz qalmasına səbəb olub.

 1951-ci  ildə bütün dünyada qaçqınların sayı 1 milyon idi və onların hamısı avropalı idi. Bu gün təkcə Azərbaycanda ölkə daxilində zorla didərgin salınmış əksəriyyəti qadın olan  1 milyon qaçqın insan yaşayır.  İnsan hüquqlarının təminatında “yatmış hüquq effekti” adlı bir anlayış var. Bu anlayış, qəbul edilən qanunların tətbiqini ləngidən mexanizmlərin, insanların şüurundakı inersiya və passivliyin olmasını ifadə edir. Bütün bunlar hüquq mədəniyyəti və hüquqi maarifləndirmə işinin səmərəli təşkilini zəruri edir.

Azərbaycan gender bərabərliyinin təminatı  və məişət zorakılığına qarşı mübarizə tədbirlərini dəyərləndirərkən bu amili beynəlxalq təşkilatlar diqqət mərkəzində saxlamalıdırlar. Ümumiyyətlə regionda gender  situasiyası olduqca qeyri-stabil və gərgindir. Bütövlükdə    Cənubi Qafqaz bölgəsində qadınlar müxtəlif humanitar, demoqrafik fəlakətlər, terror və münaqişələrin içindədirlər. Bu baxımdan həm regionda gender situasiyasının yaxşılaşması, həm də sülhün və sabitliyin təmin olunması üçün həmin təşkilatların    üzərlərinə çox böyük vəzifələr düşür. Zorakılığın istənilən səviyyə və formalarda təzahürünə  münasibətimizi aşkar bildirmək bu gün torpaqlarının 20 faizi işğalçı zorakılığa məruz qalan Azərbaycanın  həm hüquqi-siyasi, həm də mənəvi mövqeyinin qanuni ifadəsidir...

- Söhbət burada konkret nədən gedir?

- Söhbət ondan gedir ki, zorakılıq aktı hələ baş verməzdən öncə onun qarşısının alınmasını təmin edən istənilən preventiv tədbirlərin görülməsi məsələsində cəmiyyət həmrəy olunmalıdır, yekdil mövqeyini ortaya qoymalıdır.         Bəli, biz etiraf edirik ki, bizim ailə qərb ailəsindən fərqlənir. Lakin onu da etiraf edək ki, bizim elmdə  “Geniş ailə” adlanan ailə modelimizdə eyni vaxtda 3 nəslin nümayəndələri yanaşı yaşayır. Zorakalıq halları xalqımızın adət-ənənəsi ilə ziddiyyət təşkil edir. Çünki ənənəvi ailələrdə məişət zorakılığına yol açan amillər olmayıb.   

Yuxarıda qeyd etdiyim kimi, 2010-cu ildə Azərbaycanda “ Ailə-məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. Məişət zorakılığının qarşısının alınması ilə hüquqi təminat və mükəmməl qanun var, ancaq hələ də belə zorakalıq halları müşahidə olunur.  Eyni zamanda müsbət dinamika da müşahidə edilir. 25 noyabr  Qadınlara  Qarşı Zorakılığla  Mübarizə  üzrə  Beynəlxalq  Günü münasibəti ilə  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  Qadın İştirakçılığı  Proqramının verdiyi məlumata görə, keçən 2011-ci il  ərzində  4280 gender  əsaslı zorakılıqla  bağlı cinayət  hadisəsinin  baş  verdiyi halda, görülən müxtəlif maarifləndici  tədbirlərin  nəticəsi  olaraq bu ilə zorakılıqla bağlı cinayət hadisələrinin sayı 820-yə qədər azalıb.

“Ailə-məişət zorakılığının qarşısının alınması haqqında” qanun vəziyyətə təsir imkanına malikdir. Lakin təəssüf ki, bəzən qanun məişət zorakılığı ilə bağlı problemlərin aradan qaldırılmasında aciz qalır. Əgər zorakılığa məruz qalan öz hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti orqanlara müraciət etmirsə, qanun öz sözünü deyə bilmir. Çünki zorən ailə mühitinə daxil olub, zorakılığın qarşısını almaq mümkün olmur. Bunun üçün zorakılığa məruz qalan şəxs özü qərar verməlidir.

Ən betəri odur ki, ailələrdə qadınlar bir çox hallarda öz hüquqlarını müdafiə etmək əvəzinə çıxış yolunu cinayətə əl atmaqda görür. Cəmiyyət isə baş verən proseslərə müdaxilə edə bilmir.

- Məişət  zorakılığının qarşısının alınmasına medianın, KİV-lərin rolunu bəs necə görürsünüz?

- Müasir cəmiyyətdə məişət zorakılığının qarşısının alınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır.      Media ilə müqayisədə   başqa heç bir digər sosial institut bu işin öhdəsindən gələ bilməz. KİV hər bir ailəyə, vətəndaşa bilavasitə təsir göstərir. Jurnalistlərimizin bu sahədə yüksək professional dəyərlərə istinad etməsinin, problemlərlə dərindən tanış olmasının, belə faktların işıqlandırılmasında peşə etikasına riayət edilməsinin xüsusilə vacib olduğunu vurğulamaq istərdim. Media işçiləri unutmamalıdırlar ki, dərc olunan, efirdə nümayiş edilən hər bir məişət zorakılığı faktının arxasında insan və onun taleyi dayanır. Dözümlü, tolerant yanaşma nümayiş etdirən, aydın, dəqiq faktlara əsaslanan jurnalist işlərinə cəmiyyətin böyük ehtiyacı var. Amma  bu gün sanki media  insanları   öldürmək məqsədini güdür, kriminalın bu qədər qabardılması da insanların psixikasına təsir edir.

Bu gün televiziyalarda məişətə, ailə münasibətlərinə, kriminal verilişlərə çox geniş yer verilir. Pis nümunə həmişə geniş yayılır. Kriminal verilişlərini, dəhşətli filmlərin çoxluğu zorakılığın birbaşa təbliğidir.   Psixoloji baxımdan, bu, yol verilməzdir. Bu hadisələrin işıqlandırılma qaydaları var. Mənfi obrazların qəhrəman kimi təqdim olunması, yaramazlığın tirajlanması, mənfi hərəkətlərin populyarlaşdırılması insanların beynində mənfi yük yaradır.  
Biz əvvəlki çıxışlarımızda tədqiqatlara isnad edərək qeyd etmişdik ki,   bir il ərzində məişət zorakılığı ilə bağlı 7 telekanalda 110 , 18 gündəlik qəzetdə isə 142 material hazırlanıb ki, Azərbaycan reallığı üçün bu göstərici olduqca aşağıdır. Burada  əsasən emosional məqalələrə üstünlük verilir.

Telekanallar məişət zorakılığını ya kriminal hadisə kimi, ya da ən pisi onu şou və şok formatında  təqdim edirlər. Belə məlumatlar isə güclü emosional tərzdə efirə verilir. Bu isə insanların psixoloji durumuna mənfi təsir göstərir. Bu verilişləri cəmiyyətdə narazılıq və narahatçılıq yaradır. Faciəyə məruz qalan ailələrin problemlərini telekanallar çıxararaq Azərbaycan ailəsinin yalnız bundan ibarət olması görüntüsü yaradılır. Halbuki nümunəvi ailələr barədə veriliş hazırlayıb cəmiyyətə təqdim etmək olar.İctimai rəyin formalaşması və cəmiyyətdə mövcud olan gender stereotiplərinin aradan qaldırılması prosesində medianın çox böyük rolu var.

Lakin mövcud Azərbaycan mətbuatı demək olar ki, bütün hallarda məişət zorakılığının  doğurduğu ağır nəticələri işıqlandırır, belə halların baş verməməsi üçün preventiv və maarifləndirmə xarakterli mövzular isə diqqətdən kənarda qalır. Materialların məzmununun təhlili göstərir ki,  qəzetlərdə dərc olunan yazıların böyük əksəriyyəti qadınlara qarşı fiziki zorakılıq hallarını yalnız   şok xəbər janrinda  və ya şou   kimi təsvir edir.     olub.    Digər   faktlardan biri isə monitorinq müddətində milli mediada   mövzu ilə bağlı ümumiyyətlə heç bir analitik təhlil xarakterli yazıların olmamasıdır. 

Bu bir daha nümayiş etdirir ki, cəmiyyətin diqqətini zorakılıq olaylarından şok effektli xəbərlər düzəltməyə deyil, daha çox onun səbəblərini aradan qaldıran amillərə yönəltmək üçün media nümayəndələri   xüsusi diqqət yetirilməlidir.  Zorakılığın   qarşısının alınması, ictimaiyyətin zorakılığı doğuran səbəblər və zorakılığın nəticələri ilə bağlı maarifləndirilməsi, qadın hüquqları ilə bağlı stereotiplərin formalaşması və ya sındırılması və sair bu kimi həssas mövzularda mətbuatın rolu çox böyükdür. Lakin təəssüf ki, Azərbaycanda getdikcə daha aktual olan gender məsələləri, qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi hallar Azərbaycan mətbuatının önə çəkdiyi mövzular sırasında deyil. Ölkə mətbuatına nəzər salsaq görərik ki, mətbuat yuxarıda sadalanan zorakılıq halları ilə bağlı yalnız xəbər verməklə kifayətlənir. 

Qloballaşan ailə modelində Azərbaycan ailəsinin özünəməxsus yeri olduğu üçün jurnalistlər bu mövzuda həssas olmalıdırlar. Biz bu gün düşünməliyik, ailə və onun ətrafında baş verənlər haqqında necə yazaq ki, bu sahədə baş verənləri düzgün məcraya yönəldə bilək. Azərbaycan ailəsi min illərin təcrübəsini özündə toplayan milli-mənəvi dəyərlər sistemini özündə ehtiva edir. Azərbaycan dövləti milli-mənəvi amillərə, o cümlədən ailəyə böyük dəyər verərək onu dövlət siyasətinin tərkib hissəsi hesab edir. Jurnalistlər də daim bu prinsipi rəhbər tutsalar, yaxşı olar...

- Rəbiyyət xanım , sirr deyil ki,  zorakılığa məruz qalanlar arasında kişilər də var...

- Tamamilə, doğrudur. Ancaq əhalisinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edən ölkədə məişət zorakılığının qurbanları əsasən xanımlardır. Onların az qismi stereotipləri qırıb ərdən şikayət etməyə, uşaqlarını və özlərini qorumağa qərar verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında məişət zorakılığı ilə bağlı qeydə alınmış 847 cinayət olayında 854 qadın zərər çəkib.   2011-ci ilin 10 ayı ərzində baş verən 87 ailədaxili zorakılıq zamanı 47 qadın öldürülüb, daha 35 ölümə qəsd faktı qeydə alınıb. Bu müddətdə qadınların törətdiyi qanlı hadisələr zamanı 27 kişi ölüb, 40-ı isə ölümə qəsdə məruz qalıb.

2011-cu ildə intihar və intihara cəhd 2010-ci illə müqayisədə çox olub. KİV-də yayılan informasiyaların monitorinqi gğstərir ki, 2011-ci ildə 324 fakt qeydə alınıb ki, bu intihar nəticəsində 221 nəfər ölüb. Eyni zamanda intihara cəhd hadisələri də olub. Yaş göstəricisinə gəlincə onu qeyd edə bilərəm ki, intihar edən və intihara cəhd edənlərin yaş senzi müxtəlifdir. Bura 18-80 yaş arasında olan insanlar daxildir. Problemlə mübarizə üçün qanunvericilik sahəsində zəruri addımlar atılıb. Göründüyü kimi, məişət zorakılığı ciddi sosial problemdir...

- Bu yerdə belə bir haqlı sual yaranır: bizə nə olub, ailə institutu niyə bu dərəcədə sarsıntıya məruz qalır...

- Məişət zorakılığına daha çox sosial problemlərin səbəb olduğu deyilsə də,  boşanmaların səbəbini təhlil edəndə aydın olur ki, sosial durum heç də birinci yerdə gəlmir. Əksinə, sevib ağıllı şəkildə nikaha girənlərin sosial durumu çətin olanda onlar bir az da möhkəm olur ki, problemləri dəf etsinlər. Ancaq istisna deyil ki, istehlak mədəniyyətinin lazımi səviyyədə olmaması, qadınların iqtisadi cəhətdən kişidən asılılığı ilə yanaşı dəyərlər sisteminin deqradasiyaya uğraması, bir sıra hallarda kənd və şəhər mühiti arasındakı təzadların üzə çıxması da məişət zorakılığını şərtləndirir. Buna narkomaniya, spirtli içkilərə aludəçilik, işsizlik, evsizlik kimi hallar da rəvac verir...

 - Necə hesab edirsiniz, məişət zorakılığı  ilə bağlı qanunun tətbiq mexanizmləri işlənib hazırlanmalıdır, yoxsa, yox?

- Məişət zorakılığının qarşısının alınmasında yardım mərkəzlərinin, qadın polislərin sayının artırılması, maarifçiliyin gücləndirilməsi, icra hakimiyyəti orqanlarının xüsusi şöbələrinin zorakılıq baş verən ailələrlə iş aparması, yerlərdə psixoloqların təmsilçiliyi faydalı olardı. Komitə məişət zorakılığına qarşı mübarizə ilə bağlı beynəlxalq təcrübəni də öyrənir. BMT-nin Əhali Fondu, Avropa Şurası, Avropa İttifaqı, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə layihələr həyata keçirilir. MM-də ATƏT-in Bakı ofisinin, AŞ və BMT-nin Azərbaycandakı nümayəndəlikləri və Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçirilib. Ancaq hesab olunur ki, daha effektli mübarizə həm də insanların maarifləndirilməsindən keçir. Məişət zorakılığına məruz qalan şəxs öz hüquqlarının müdafiəsinə ilk növbədə özü qalxmalıdır.       

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında prezident sərəncamında ölkənin sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi məsələsi əksini tapıb. Hesab olunur ki, bu, gənc ailələrdə sağlam ab-havanın möhkəmlənməsinə töhfə verə bilər. Gənclərin dayanıqlı işlə, mənzil probleminin həlli üçün faizsiz ipoteka krediti ilə təminatı da zəruri sayılır. Hesab olunur ki, erkən nikahda zorakılıq daha çox baş verir. Bu mənada Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən qızlar üçün nikah yaşının 17-dən 18-ə qaldırılması faktı da öz sözünü deyə bilər.  Erkən nikahın kökü mentalitetimizlə bağlı olduğundan bu problemi həll etmək üçün azyaşlı qızların ailə qurmasının fəsadları ilə bağlı maarifçilik təbliğatı gücləndirilməlidir.                 

Ailə-məişət zorakılığının qarşısını yalnız  qanunla almaq mümkün deyil. Çünki ailə özəl bir mühitdir. Hər bir ailənin özünəməxsus xüsusiyyətləri var. İnsan yorğun iş günündən sonra dincəlmək üçün ailə adlı məkana   sığınır. Əgər burada da onu zorakılıq gözləyirsə, bunun başqa adı yoxdur. Məişət zorakılığının, gender bərabərliyinin təminatının milli mexanizmləri özü də birmənalı, səlis konfiqurasiyaya malik deyil. Bu o deməkdir ki, hər bir ölkə özünəməxsus inkişaf tarixinə, ənənəyə malikdir. Ictimai-siyasi həyatın müxtəlif sahələri, həll edilməli olan problemlərdə hər bir ölkədə fərqlidir.  Bu məsələni qlobal media modellərini təqlid edən KİV-lər diqqət mərkəzində saxlamalıdırlar. Müasir dövrdə bəhs edilən sahədə problemlər çoxdur. Qloballaşma proseslərinin doğurduğu  yoxsulluq və imkansızlıq , etnik münaqişələr, humanitar fəlakətlər, insan alveri kimi xoşagəlməz  təzahürlər və s. qadınları həm maddi həm də mənəvi sınaqlara çəkir, potensialını zəiflədir, dövlətçiliyin gələcəyi üçün məsuliyyətin zəifləməsinə səbəb olur...

K. Həmidov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı