Vətən müharibəsi başa çatandan sonra ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 298 min hektardan çox ərazi təmizlənib, 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.
“2020-ci ilin noyabr ayından etibarən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və şəhərlərin bərpası prosesi ilə birbaşa əlaqələndirilib. Bu müddət ərzində yaşayış infrastrukturu üçün xüsusi olaraq 103 min hektardan çox ərazi təmizlənərək geri qayıdan sakinlər üçün yeni yaşayış məntəqələrinin, komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və zəruri xidmətlərin yaradılmasına imkan verib. Bundan əlavə, yolların, enerji infrastrukturunun, kənd təsərrüfatının və digər prioritet layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli olan ərazilər təmizlənib”.