Millətin formalaşma prosesində milli mənəvi dəyərlər və yaxud milli mentalitet (lat. «mens» sözündəndir, ağıl, düşüncə, ruhi-mənəvi yanaşma tərzi deməkdir) də mühüm rol oynayır. Yəni vahid bir ərazidə yaşayan, eyni soykökə, dilə, iqtisadi həyat birliyinə malik olan müxtəlif etnoslar üçün milli mənəviyyatın, milli özünəməxsusluğun olması və saxlanılması da vacibdir. Qeyd etmək lazımdır ki, millətin millət olma səbəblərindən biri kimi məhz mənəviyyat birliyi, onun mənəvi siması, mənəvi dəyərləri, eləcə də yalnız bu insanlara məxsus keyfiyyətlər (mentallıq) göstərilir. Məsələn, Azərbaycan türklərinin başqa millətlərdən fərqli özünəməxsusluğu kim dini tolerantlıqlarını, yad etnoslarla tez qaynayıb-qarışmalarını, qonaqpərvər olmalarını, əfv diləyənləri bağışlamalarını və s. göstərmək olar.
Fikrimizcə, milli mənəvi dəyərlər və milli mentalitet əsasən, bir-birlərinə yaxın anlayışlardır. Həmin bu anlayışlarda millətin keçmişə aid irsi, dini-fəlsəfi dünyagörüşü, özünəməxsus cəhətləri öz əksini tapır. Sadəcə olaraq, milli mənəvi dəyərlər daha geniş məna daşıyır və millətin bütün tarixini, mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını özündə əks etdirir. Milli mentalitet isə daha çox insanların ictimai şüruundakı dünyagörüşün özünəməxsusluğunun ifadəsidir. Bu baxımdan, milli mentalitet milli mənəvi dəyərlərdən milli özünüdərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər o vaxt milli özünəməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özünüdərkə ehtiyac yaranır. Yəni millət etnik kimliyinin, dilinin, mədəniyyətinin və s. assimilyasiya olunmasını sövqi-təbii hiss edərək özünümüdafiəyə cəhd edir. Bu zaman milli mənəvi dəyərlər milli mentallıq formasında - etnik mənşəyi, dili, mədəniyyəti, dini ideologiyası, sosial həyatı, məişət münasibətləri və s. ilə bağlı keçmişini şüurunda canlandırıb onu yalnız ona aid olan milli mənəvi dəyərlərlə, milli sərvətlərlə mübarizə aparma səviyyəsinə yüksəldir. Bu isə, istər-istəməz milli oyanışa səbəb olur. Ümumiyyətlə, mentallıq hər bir millətin özünəməxsus psixoloji, mədəni, dini və fəlsəfi həyat tərzidir. Bu mənada hər hansı bir millət özünü başqa xalqlardan fərqləndirmədən, yalnız onun keçmişinə məxsus olan milli xüsusiyyətləri müəyyənləşdirmədən milli istiqlal uğrunda mübarizə apara bilməz. Milli mentalitetin yüksək səviyyəyə qalxması ilə milli özünüdərk prosesi başlayır. Bu mənada milli mentalitetə aid olan hər bir anlayış milli özünüdərk səviyyəsinə qalxıb milli ideyaya çevrilə bilməz. Yalnız o anlayış, milli mentalitet səviyyəsindən milli özünüdərkə qədər yüksələ bilər ki, onun ciddi elmi, fəlsəfi və s. əsasları olsun. Çünki milli mentalitetdən fərqli olaraq milli özünüdərk hər hansı bir etnik toplumun başqa etnoslardan fərqli özəlliklərini dərk edib, özünü bir millət kimi təsdiq etməsidir.
Milli mənəvi dəyər(lər) dedikdə isə, ilk növbədə milli ideologiyanın yaranmasında mühüm rol oynamış milli sərvətlərimiz, mədəniyyətimiz, mənəviyyatımız, dilimiz, adət-ənənələrimiz, dini-fəlsəfi dünyagörüşümüz və s. başa düşülməlidir. Əslində burada başlıca, önəmli olan milli mənəviyyat, milli sərvətlər, milli özünəməxsusluq, yaxud da milli mentalitetdir. Bu mənada «milli mənəvi dəyər» anlayışındakı «dəyər» sözü isə qiymətləndirmədən daha çox hər bir xalqa məxsus sərvəti, özünəməxsusluğu, mentallığı və s. ifadə edir. Bu baxımdan «Azərbaycanda milli ideologiyanın yaranmasına qədərki dövrdə milli mənəvi dəyərlərin rolu» dedikdə, Azərbaycan xalqına məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi baxışların və s. ideologiyaya çevrilməsi prosesi nəticəsində bütövləşməsi, çulğalaşması və vahid xətt üzrə formalaşmasına zəmin yaradan dəyərlər nəzərdə tutulur. Burada irəli sürülən müddəa Azərbaycan xalqında milli ideologiya təşəkkül tapana qədər hər hansı bir ideyanın və yaxud ideyaların olmaması demək deyildir. Əksinə həmin dövrə qədər mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin, milli xüsusiyyətlərin və s. nə cür vahid şəkilə salınması, bütövləşməsi, başqa sözlə ideologiyalaşmasının təzahürlərinin hansı mənəviyyat və milli sərvətlər nəticəsində meydana çıxması ilə bağlıdır. Bir sözlə, mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlı olub, insanın özünü, təmsil olunduğu etnik kimlik çərçivəsində təsdiqləməsidir. Milli mənəvi dəyərlərin, milli sərvətlərin yaradıcısı millətin ayrı-ayrı üzvləri olsa da, həmin üzvlərin mənəvi-əxlaqi ideyaları sonralar bütövlükdə cəmiyyətin ümumi sərvətinə çevrilir. Azərbaycan xalqı da milli dilini, milli mentalitetini, milli xarakterini, milli adət-ənənələrini və s. məhz milli mənəvi dəyərlər şəklində qoruyub saxlamışdır.
Yeri gəlmişkən, «milli» sözünə də aydınlıq gətirilməsi zəruridir, çünki bu söz bir sıra anlayışların - milli mənəvi dəyərlər, milli mentalitet, milli özünüdərk və b. ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Eyni zamanda hazırda «milli» sözündən yalnız elmi-kütləvi ədəbiyyatda deyil, başqa sahələrdə də geniş şəkildə istifadə olunur: milli dövlətçilik, Milli Elmlər Akademiyası, milli fond, milli mərkəzi kitabxana, milli ordu, milli birlik və s. Bu qədər geniş çalarlara malik olan «milli» sözü isə ərəb dilindən götürülmüşdür və «millətə məxsus, yerli» anlamını verir.
Milli ideya məsələsinə gəlincə, bu anlayış da bir çox filosofların, politoloqların, ideoloqların və b. araşdırma mövzusu olmuşdur. Qeyd edək ki, milli ideya anlayışını ilk dəfə XVIII əsrdə Fransada A.Vasyxaunt işlətmişdir. Həmin dövrdə Fransada milli ideya dedikdə, milli təəssübkeşlik, millətçilik və s. başa düşülürdü. Bu dövrün tanınmış fransız maarifçi-filosofu J.J.Russo isə hesab edirdi ki, milli ideya sayəsində vətəndaş vətənə tabe olur və vətən onu şəxsi aslılıqdan qoruyur. Sonralar başqa fransız alimi C.Mişle milli ideyanı həm Vətənin, həm də dünya həyatının başlıca amili kimi irəli sürmüşdür. Ümumiyyətlə, XVIII-XIX əsrlərdə Fransada meydana çıxan milli ideya anlayışı, çağdaş anlamda «millət» anlayışının yaranması və inkişafında mühüm rol oynamışdır. Bu baxımdan tədqiqatçıların əksəriyyətinə görə, kapitalist münasibətlərinin yaranması ilə milli ideya və onun nəticəsi olan millət təşəkkül tapmışdır. Rusiyada isə milli ideya əvvəlcə Qərb əleyhinə çevrilmiş slavyanofil ədəbiyyatda xüsusilə, XIX əsrdə A.Danilevski, F.Dostoyevski, V.Solovyov, H.Berdyayev və b. yaradıcılığında öz əksini tapmışdır.
Qeyd edək ki, ideologiya ideyalar, milli ideologiya isə milli ideyalar nəticəsində, yenə də Avropada yaranmışdır. Ayrı-ayrı obrazları, təsəvvürləri və s. ilk dəfə formulə edərək ideologiya adlandıran isə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində, fransız filosofu və iqtisadçısı A.Destyuq de Trasi olmuşdur. Trasi «İdeologiya elementləri» kitabında ilk dəfə «ideologiya» terminindən istifadə etmişdi. O, dünyanı qavramaqda və şüur hadisələrində etikanın, əxlaqın, siyasətin əsasını tapmağa, onların məntiqi və psixoloji izahını verməyə cəhd edirdi. Onun fikrincə, ideologiya ideyaların ümumiliyi, ideya haqqında anlayış və fikirdir. Trasinin davamçıları Kabanis, Volney, Helvetsi və b. olmuşdur.
Almaniyada ideologiyanın inkişafında mühüm rol oynamış klassik alman filosofu Hegel isə ideya, ideologiya, mənəviyyat və s. məsələləri şərh etmiş, onların qarşılıqlı bağlılıq məsələsinə toxunmuşdur. Hegelə görə, cəmiyyətdə, dövlətdə ideologiya önəmli yer tutur. Ümumiyyətlə, klassik alman filosofları ideologiyanı tarix və fəlsəfənin qovşağında mövcud olan ideyalar sistemi kimi tədqiq edirdilər.
K.Marks və F.Engels əvvəlcə ideologiyanın «iqtisadi bazisə» malik olan gerçəkliyin obyektiv əksi olduğunu söyləmiş, daha sonra «sinfiliyini» «materialist» mövqedən izah etmişlər. Marksizmin banilərinə görə, ideologiya maddi zəminə söykənir və müəyyən sinif və sosial qrupların yaratdıqları obyektiv gerçəkliyin təhrif olunmuş inikası olan sosial konsepsiyadır. İdeologiya üstqurma aiddir ki, onun formalaşmasının əsasını bazis, yəni iqtisadiyyat təşkil edir. Marksist filosoflar ideologiyaya cəmiyyətdə mütərəqqi və mürtəce ictimai qüvvələr arasındakı ideya-siyasi mübarizə forması kimi baxırdılar. Onlar «hakim» və «məhkum», «mütərəqqi» və «mürtəce» siniflərin ideoloqlarını fərqləndirirdilər: «Fəhlənin vətəni yoxdur. Fəhlələrin olmayan bir şeyini onların əlindən almaq da olmaz. Proletariat ən əvvəl siyasi hökmranlığı ələ almalı, milli sinif vəziyyətinə çatmalı və bir millət kimi təşəkkül tapmalı olduğundan özü hələ millidir, hərçənd bu millilik heç də burjuaziyanın anladığı mənada deyildir».
Liberalizm («azadlıq», «azad seçmək hüququ») isə iqtisadi, siyasi, mənəvi sahələrdə yeniliyi, inkişafı ifadə edirdi. Mənəvi, iqtisadi və siyasi inhisarın əleyhinə çıxan liberalizm cərəyanında fərdin həddən artıq azadlığı, vətəndaşların hüquq bərabərliyi, dövlətin müqavilə əsasında təşkili prinsipləri əsas yer tuturdu. Qeyd edək ki, liberalizm özü də bir neçə istiqamətdə: 1) klassik; 2) utilitarizm; 3) iqtisadi; 4) sosial liberalizm; 5) neoliberalizm və s. inkişaf etmişdir. Klassik liberalistlərdən T.Hobbs cəmiyyətdə fərdin yerini müəyyənləşdirməyə çalışmış, fərdlə dövlət arasında ictimai müqavilə bağlanmasının vacib hesab etmişdir. İctimai müqavilə cəmiyyəti konstitusiyalaşdırmaqla yanaşı, fərdin dövlət, dövlətin isə fərd qarşısında azadlıqlarının sərhədlərini müəyyənləşdirmiş olur. Liberal demokratiyanın atası hesab olunan Con Lokk isə T.Hobbsdan fərqli olaraq, dövlətlə müqayisədə fərdin azadlıqlarına daha çox üstünlük vermişdir: «İnsan dünyanın hər hansı bir insanı kimi tam azad yaşamaq, təbii qanunun bütün hüquq və imtiyazlarından digər insanlar kimi eyni dərəcədə qeyri-məhdud bəhrələnmək hüququ ilə birgə doğulur və o, fitrətən öz mülkiyyətini, yəni öz həyatını, azadlığını, əmlakını digər insanların qəsd və hücumlarından yalnız qorumaq deyil, həm də başqaları bu qanunu pozduqda onları mühakimə etmək… hakimiyyətinə malikdir».
Sosial liberalizmin nümayəndəsi Con Sütuart Mill isə şəxsi azadlığı, yəni söz azadlığını, mətbuat azadlığını, ləyaqət hissini, düzgünlüyü və sosial rifahı liberalizmin mərkəzi və mühüm dəyərləri hesab etmişdir. Çağdaş liberal nəzəriyyəni inkişaf etdirən C.S.Millin fikrinə görə, insan hüquqları hər cür hörmətə layiqdir, çünki bunlar cəmiyyətin sabit inkişafı və ümumi xoşbəxtliyin əldə edilməsi üçün zəruridir: «Fərdin… yalnız özü üçün zərərli olan, lakin bu və ya digər fərdə birbaşa ziyan gətirməyən hərəkətlərinə gəldikdə isə, bu hərəkətlərin cəmiyyətə yetirəcəyi bəla yalnız təsadüf nəticəsində ola bilər… cəmiyyət digər Ali Xeyrin - fərdi azadlığın qorunub saxlanılması naminə bu bəlaya dözməlidir». Gördüyümüz kimi, bütövlükdə liberalizmin əsasında fərdi azadlıq ilə iqtisadi sərbəstlik dayanır, burada «millət», «milli ideya» anlayışı, demək olar ki, xüsusi məna kəsb etmir.
XIX əsr Azərbaycan filosofu M.F.Axundzadə bütün müsəlman Şərqində, o cümlədən Azərbaycan fəlsəfi fikir tarixində modernizmin, yəni demokratik və liberal ənənələrin banisi hesab olunur. Buna səbəb M.F.Axundzadənin müsəlman mütəfəkkirləri arasında ilk dəfə Qərb mədəniyyətinə-fəlsəfəsinə aid anlayışları, yəni «liberalizm», «demokratiya», «parlament», «sivilizasiyon», «patriot», «revolyusiya» və s. şərh etməsi, eyni zamanda Avropa dəyərlərinin islam Şərqi ölkələrində də tətbiq olunmasının zəruriliyini göstərməsi olmuşdur.
Qeyd edək ki, M.F.Axundzadə Qərbin liberal və demokratik ənənələrini təftiş etmədən müsəlman ölkələrində həyata keçirilməsini vacib hesab etdiyi halda, XX əsrin əvvəllərində Azərbaycan türkçülüyünün ideoloqu M.Ə.Rəsulzadə həmin dəyərlərə bir qədər tənqidi yanaşaraq, daha çox Şərq və Qərbin mütərəqqi ideyalarının sintezindən çıxış etmişdir. Bu baxımdan M.Ə.Rəsulzadə cəmiyyətin siyasi təşkili və idarə edilməsi ilə bağlı marksizm-leninizm və liberalizm nümayəndələrinin irəli sürdükləri bəzi mülahizələri tənqid etmişdir: «Liberal dövlət bizzat kəndi sisteminin məhsulu olan kapitalizmin doğurduğu böhranla mücadilədən acizdir. Bu təzada yenə cəmiyyət içərisində doğan yeni qüvvətlər qarşı gəlirlər. Kapitalizmin doğurduğu proletar sinfinə dayanan inqilabçı sosializm ideolojisi doğur. Digər adı kommunizm olan bu ideolojiyə görə, burjua cəmiyyətini iztirablar içində tutan şey liberalizmin istehsal sahəsindəki anarxiyaya izn verən fərdiyyətçiliyidir. İstehsal alətləri üzərindəki şəxsi mülkiyyət haqqı baqi qaldıqca-kommunistlərə görə-insan cəmiyyətinin iztirabına son gəlməz. Cəmiyyətlərin bir millət və dövlət içində vəhdətləri onlarca bəhs mövzusu olmaz». M.Ə.Rəsulzadə yazır ki, vətən və millət hissini deyil, sinifləri əlində bayraq edən kommunizm kimi, fərdləri əsas olaraq qəbul edən liberalizm də daha kosmopolit və internasionaldır: «Solidarizm isə millidir. Çünki sadə şəxslərin və siniflərin maddi mənfəətə bağlı xüsusiyyətlərinə deyil, siniflər və fərdləri bir cəmiyyət halına gətirən mənəvi qüvvətlərə böyük qiymət verir. Bu mənəvi qüvvətlər isə millət və dövlətlərin gerçəkləşməsində birləşdirici amil olaraq təsir edən dil, din, tarix və ümumiyyətlə, kültür və ortaq ideal kimi mənəvi qüvvətlərdir». Rəsulzadənin fikirlərindən belə çıxır ki, liberalistlər və marksistlər «millət»dən daha çox fərdiyyətçiliyə və sinfə üstünlük veriblər. Ancaq soldarizmdə «millət» öz tarixi rolunu qoruyub saxlayır. Ona görə də, M.Ə.Rəsulzadə dünyada hakim olan iki əsas sistemdən fərqli olaraq belə bir müddəa irəli sürür: «Madam ki, millətçiyiz, diyoruz; madam ki, milli dövlət istiqlalını müdafiə ediyoruz, o halda bizim üçün nə kosmopolit liberalizmə və nə də kommunizmə təhəmmül caiz olamaz. Bizcə müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir».