Modern.az

Xocalıda hər iki valideynini itirmiş 25 uşaqdan biri: “Meyitlərin əlindəki çörəyi qoparıb yeyirdim” - MÜSAHİBƏ

Xocalıda hər iki valideynini itirmiş 25 uşaqdan biri: “Meyitlərin əlindəki çörəyi qoparıb yeyirdim”  - MÜSAHİBƏ

Ölkə

19 Fevral 2013, 11:52

1992-ci il 25-dən 26-a keçən gecə 25 uşaq Xocalı faciəsi zamanı öz yurd-yuvasından didərgin düşməklə yanaşı, hər iki valideynlərini də itiriblər. Həmin uşaqlardan biri o vaxt 13 yaşında olmuş Mübariz Həmidovdur. M.Həmidov hazırda iki qardaşı və bacısı ilə birgə Goranboyda yaşayır. Özünün artıq iki övladı var: bir qız, bir oğlan.

Modern.az Mübariz Həmidovun həyat hekayətini oxuculara təqdim edir.

– Necə oldu ki, valideynlərindən ayrı düşdünüz? Faciədən necə qurtuldun?

– 1992-ci il fevralın 25-dən 26-na keçən gecə evdən çıxdıq. Döyüş başladı. Meşədə çayı keçəndən sonra mən hamıdan ayrı düşdüm. 13 gün meşədə qaldım, 14-cü günün axşamı gəlib çıxdım Ağdama. Soyuqdan sağ ayağım dondu. Ayağıma güllə dəydi, bədənimdən güllə yarası aldım. Meşədə olarkən hara gedirdimsə, ancaq meyitlərə rast gəlirdim, qarın içində qalmışdım. Meyitlərin əlində çörək olurdu ki, onları qopardıb yeyirdim. Qarı bir yerə yığırdım və günəş düşən yerə qoyurdum ki, qar ərisin və mən su içim.

– Ağdama gəlib çıxdın. Orada kimin yanına getdin?

– Heç kimi tanımırdım. 10-a yaxın erməni postunu özüm də bilmədən keçib getmişdim. Tanımayaraq, bilməyərək Ağdamın bir kəndinə gəlib çıxdım. Kənddə bir evə yaxınlaşdım, məni qonaq elədilər. Səhəri gün isə Ağdamın özünə apardılar. Orada da xəstəxananı partlatmışdılar, ona görə məni vaqona qoydular. Bir gün vaqonda qaldım, sabahısı gün helikopterlə Bakıya - 1 saylı Şəhər Klinik Xəstəxanasına gətirdilər. Orada il yarım yatdım, sağ ayağımı kəsdilər.

– Bəs sonra?

– Bir-iki il Mərdəkandakı sanatoriyada yaşadım. Sonra Naftalana köçdüm. 18 il orada, qardaşlarımla birgə yaşadım. Qardaşlarım məndən böyükdürlər, balacaları mənəm. Bacım da ailə qurub, indi Bakıda yaşayır.

– Bəs bacın, qardaşın necə gəlib çıxıblar?

– Onlar məndən fərqli olaraq, iki günə gəliblər. Amma onların məndən xəbərləri yox idi. Mən onlardan ayrı düşmüşdüm. Sonra mənə Bakıda xəbər elədilər. Xəstəxanada praktikaya gələn Bərdəli qızla söhbət elədik. O dedi ki, qardaşlarımla qonşudurlar. O xəbər edəndən sonra mənim dalımca gəldilər. Sonra elə qardaşlarımla birgə yaşadım. Anam, atamın da taleyi bilinmədi, ya itkin düşdülər, ya öldülər, xəbərimiz olmadı.

– Dörd uşaq tək qaldınız. Sizə kim köməklik elədi? Hər hansı köməklik oldumu?

– Dövlətdən heç bir köməklik olmadı. İndi 34 yaşım var, Xocalıdan çıxandan heç nə görməmişəm. Nə icra hakimiyyətindən, nə də kimdənsə bir köməklik olmadı. Kimin adamı var idi, onlara köməklik oldu. Mən də ki yetim oğlanam. Kiməsə gedib şikayət eləsəm, mənim sözümə baxan olacaq? Ona görə də bizim üçün heç bir köməklik edilmədi. Özümüz öz zəhmətimlə getdik ustanın yanında fəhlə işlədik, daş qaldırdıq. Yarı yaxşı, yarı pis dolandıq. Heç kimə də ağız açmamışıq. Necə açaq? Şəxsiyyətimizə sığışdırmamışıq. Çölə çıxanda elə çıxmışıq ki, guya evdə ət yemişik. Halbuki çörək tapmamışıq.

– Hazırda nə işlə məşğulsan?

– İndi orta məktəbdə iş veriblər. Ayı 40 manat burada işləyirəm. Məktəbdə həm qarovulçuyam, həm ağac əkirəm, bağbanlıq edirəm, qırılanı, yananı düzəldirəm, nə var hamısını edirəm. Böyük qardaşım da bağçada gözətçidir. Neçə ay işlədi, maaşını ala bilmədi. İndi o da 40 manat maaşla yarım ştat işləyir.

– Aldığınız maaşla dolanmaq çətindir. Başqa yerdən nəsə köməklik olur?

– Yox, heç yerdən heç nə olmur. O da iki il burada pulsuz işlədikdən sonra davayla bu işi almışam. Yəni ki, mənə burada bütün işləri gördürdükdən sonra, mənim iş ştatımı başqasına verdilər. İndi mənə ikinci aydır ki, yarımştat veriblər.

– Bununla bağlı harasa, elə millət vəkillərinə müraciət etməyi düşünmüsən?

– Açığını deyim ki, onlara yox, çünki əlim çatmadı. Bilirəm ki, onsuzda reaksiya verəsi deyillər. Mən ikinci qrup Qarabağ əliliyəm. Əlillərə ildə bir dəfə pul paylayırlar, icra başçısı öz adamlarını yığır, öz qohumlarına verir. Hansı ki, o günləri görməyib onlar. Amma mən 13 yaşımda bütün bunların hamısını görmüşəm. Mən bunları danışsam, heç kitaba da sığmaz.

– İndi harada yaşayırsan?

– Bizə evi hökumət verib, sağ olsunlar  məcburi köçkünlər üçün tikilən binadan bizə də mənzil verdilər. Orada ailəmlə yaşayıram.   

– Mübariz, Xocalıda 25 uşaq valideynlərini itirib. Onlarla əlaqən varmı?

– Var. Amma ən çox pis günlər görən Mehdidir.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı