yaxud gözüyaşlı sərxoşların «bir atımlıq» ana sevgisi
Qarşıdan martın 8-i, qadınlar bayramı gəlir. Kaş onların hər birinə bu günü əsl bayram əhval-ruhiyyəsində qarşılamaq nəsib olaydı. Ürəklərini kədər, çöhrələrini qəm buludu almayaydı. Axı dünyamızı gözəlləşdirən, mənalı edən həm də onların gözəlliyi, bahar təravətli nəfəsidir. Dahi Hüseyn Cavid «qadın gülərsə bəşəriyyət güləcək, sürüklənən cəmiyyət qadınla yüksələcək» deyəndə də elə məhz bunu nəzərdə tutub.
Gözəllik, təravət, incəliklə assosiasiya olunan «qadın» kəlməsi səslənəndə ilk anda gözlərimizin önündə hamımız üçün ən müqəddəs və ən dəyərli varlıq olan analarımızın işıqlı surəti canlanır. Onlar öz həyatlarını bizim yolumuzda şam kimi əritmələrinə baxmayaraq, bundan zərrəcə də peşmanlıq keçirməyəcək qədər fədakar və qəhrəmandırlar. Anaların durduğu ucalıqdan yuxarıda yalnız Allahdır ki, o da bu zərif məxluqlara necə yüksək qiymət verdiyni bəşər övladlarına göndərdiyi müqəddəs kitablarda açıq-aşkar bəyan edib. Həzrəti Məhəmməd peyğəmbərin «cənnət anaların ayaqları altındadır!» məşhur kəlamının qayəsində də müqəddəs «Qurani Kərim»in bir-birindən gözəl ayələri dayanır. Bəli, ana hər bir insan üçün Allahdan sonra ikinci yaradan olmaqla, özündə Haqq-talanın bir çox nişanələrini cəmləşdirib. Odur ki, anaları öpüb göz üstünə qoymaq, onlara sağlığında lazım dəyər vermək bütün övladların birinci dərəcəli vicdan borcudur. Amma çox təəssüf ki, zəmanəmizdə nankor, ana qədri bilməyən övladlar da yetərincədir. Heç bir vicdan əzabı çəkmədən asudə ömür sürür, toylarda içib sərxoş olandan sonra hələ utanmadan ana haqqında segah belə sifariş verir, özlərini ana təəssübü çəkən kimi gözə soxmağa çalışırlar. Alkoqolun təsirindən gözlərindən axan yaşın isə timsahın göz yaşına bənzəməsinin də fərqində belə olmurlar. Bəzi nankorlar isə sağlığında qədrini bilmədikləri analarına dəbdəbəli qəbirüstü abidə düzəltdirmək yarışına girməklə öz vicdansızlıqlarını, naxələfliklərini sığortalamağa çalışırlar.
…Bir neçə ay bundan əvvəl yaşadığım məhəllədə küçə süpürən yaşlı bir qadınla rastlaşdım. İşləməkdən əlləri qabar bağlamış, ayaqlarının, belinin taqəti getmişdi. Söhbət zamanı kövrələ-kövrələ dörd oğul anası olduğunu, amma onlardan heç birinin ona qayğı göstərmədiyini anlatdı. Dedi ki, gəlininin göstərişi ilə sonbeşik oğlu onu öz halal zəhməti ilə tikib qurduğu evindən çölə atıb, indi uçuq bir komada yaşamağa məhkumdur. Başqalarına möhtac olmamaqdan ötrü səhərdən günortaya qədər həyətləri süpürməklə məşğuldur. Ana dərdini ağlaya-ağlaya danışsa da, inanın ki, övladlarının ünvanına heç bir kobud ifadə işlədib, onları qarğımadı. Sadəcə, öz taleyini günahlandırdı. «Görünür, qismətim beləymiş»-söyləyib, köks ötürdü.
Nankorluqla üzləşən analar övlad böyüdəndə hardan biləydilər ki, öz ömürlərini qurban etdikləri ciyərparaları böyüyəndə onlara həyan olmaq əvəzinə dərd-bəla gətirəcəklər. Hər dəfə televiziyada Qocalar evindən hazırlanan reportajlara həyəcansız baxmaq olmur. Göz yaşları içərisində boğulan neçə-neçə ana buraya öz övladları tərəfindən zorla yerləşdirdiklərini bildirir, bəziləri isə utanaraq «öz istəyimlə buraya gəlmişəm» -deyərək, övladlarının naqisliyini gizlətməyə çalışır. Fikirləşirsən, nə yaxşı ki, bu insanlara dövlət səviyyəsində qayğı göstərilir, yoxsa onların son aqibəti necə olardı?!
Analar ilin 1 gününü yox, 365 gününü bayram ovqatında yaşamağa layiqdirlər. Onları planetimizə işıq saçan Günəşə bərabər tutanlar necə də haqlıdırlar. Şəxsən mən anamı itirəndən sonra öz aləmimdə Günəşin hərarətinin azalmasının fərqindəyəm. Yeganə təsəllim budur ki, hər dəfə «sağlığında anama layiqincə qiymət verə bildimmi?»-sualı ilə baş-başa qalanda ən azından vicdanım sızıldamır. Baxmayaraq ki, bütöv ömrümü belə anama qurban versydim, yenə də onun mənim üçün keçirdiyi bir yuxusuz gecənin müqabilində belə az olardı… Anaların vaxtlı-vaxtsız dünyadan köçməsi bizi kədərləndirsə də, təskinlik üçün istinad nöqtələri də tapırıq:
Torpağım anasız qalmasın deyə
Torpağın qoynuna köçür analar.
(Hüseyn Arif)