Modern.az

Azərbaycan cəmiyyəti gənc müəllim, gənc həkim, gənc sahibkar axtarışındadır...

Azərbaycan cəmiyyəti gənc müəllim, gənc həkim, gənc sahibkar axtarışındadır...

Ölkə

7 Mart 2013, 13:08

Həyat müəllifsiz rejissorun çəkdiyi filmdir. Bu filmin ən yaddaqalan hissəsi isə çəkilən baş qəhrəmanın gəncliyidir. Gənclik insanın ən gözəl və iş görmək potensialı daha yüksək olan dövrüdür. Təsadüfi deyil ki, bu gün dövlətimiz səviyyəsində də gəncliyin bu potensialından geniş istifadə olunur. Bu gün gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsidir.

Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

Azərbaycanda gənclər siyasətinin başlanması görkəmli şəxsiyyət, eks-prezident Heydər Əliyevin adı ilə bağlıdır. O, ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. I Forum - 2 fevral 1996-cı ildə keçirilib və bunun birinci ildönümündə Heydər Əliyev 2 fevral-Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin andan etibarın 2 fevral ümumrespublika ərazisində Gənclər Günü kimi qeyd edilir və mütəmadi olaraq ölkədə gənclərin forumları keçirilir, qarşıya qoyulmuş məqsədlər, yerinə yetirilmiş işlər, perspektivlər müzakirə olunur. Ümumilikdə Azərbaycan gənclərinin 6 forumu keçirilib ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir.

Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşıb. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Eyni zamanda 2007-ci il "Gənclər ili" elan edilməsi bu istiqamətdə atılan addımların davamlı bir göstəricisidir.

Sağlam gəncliyin yetişdirilməsi, Azərbaycanın dövlət maraqlarını bilən və təmin etməyi bacaran gənclər ordusunun yaranması, intellektli gənclərin meydana gəlməsi, bəşəri dəyərlərə və milli dəyərlərə sahib gənclərin formalaşdırılması gənclər siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Müstəqil Azərbaycanda gənclər siyasətinin təməlini hələ görkəmli şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulduğunu bir daha bəyan edən Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov da bildirib ki, gənclər siyasəti sağlam təmələ malik olmalıdır.

“Azərbaycan əhalisinin 66%-ni gənclər təşkil edir. Bu gün əhalinin problemi deyəndə elə əsasən gənclərin problemi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Forumlarında, müxtəlif tədbirlərdə dəfələrlə gənclərlə görüşüb. Gənclər bundan sonra daha fəal olmalıdırlar. Dövlət bundan sonra da gəncliyin inkişafına dəstək verəcək. Dövlət sizinlə bir yerdədir. Siz də utanmadan, çəkinmədən mühüm işlər görün”.

Əli Həsənov hesab edir ki, gənclər bu gün Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin onlara yaratdığı şəraitdən istifadə edərək indiki nəsildən də bir baş yuxarı qalxmalıdırlar.

"Qoy Azərbaycan gəncləri bizdən bir neçə addım irəli getsinlər və dövlətimizi, millətimizi layiqincə təmsil etsinlər. Bu gün Azərbaycan gəncliyi təkcə dövlətin deyil, eyni zamanda bir çox beynəlxalq dairələrin əsas hədəflərindən biridir. Bu gün Azərbaycan cəmiyyətinə təsir etmək istəyən daxili və xarici qüvvələr - istər dost olsun, istər antiazərbaycan - Azərbaycan gəncliyinə əl uzadıb, bu gənclikdən yararlanmağa, gəncliyi öz məqsədlərinə müvafiq idarə etməyə çalışır. Bunları nəzərə alan Azərbaycan dövlətinin əsas məqsədlərindən biri ayıq, yetkin dövlət təfəkkürlü, milli dəyərlərə malik sağlam, mənəviyyatlı gənclərin yetişdirilməsidir" deyə PA rəsmisi vurğulayıb.

Gənclik yalnız ölkənin gələcəyi deyil, həm də bu günüdür. Bu səbəbdən dövlət gənclərin inkişafını və onların sərbəst fəaliyyəti üçün münbit şəraitin yaradılmasında maraqlı tərəfdir. Bu gün Azərbaycan gəncləri ölkənin qürurlu vətəndaşlarıdır.

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi, millət vəkili Ceyhun Osmanov bildirib ki, bu gün gənclər siyasətinin fəlsəfəsi gənclərin potensialının və üstün qabiliyyətlərinin ortaya çıxarması üçün şəraitin yaradılmasıdır.

“Hər bir dövlət istər ki, onun gənci savadlı, peşəkar kadr kimi yetişsin və ən əsası layiqli və vətənpərvər şəxs olsun. Çünki təhsilli və savadlı peşəkar şəxslər peşəkar dövlət yaradır.

C.Osmanlı qeyd edib ki, heç də hər bir dövlət Azərbaycanda olduğu qədər gənclərinin qeydinə qalmır, yaradıcı, qabiliyyətli, idmançı gənclərini mükafatlandırmır.

“Azərbaycanda “Gənclər haqqında” Qanun qəbul olunub, müxtəlif sərəncamlar, dövlət proqramları imzalanıb. Ən son 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramı imzalanıb. Yəni mövcud mexanizm qurulub. Növbə gənclərimizindir ki, onlar bu imkanlardan yararlanaraq özlərini həyatda müsbət şəkildə realizə etsinlər”.

Millət vəkili vurğulayıb ki, bu gün gənclər siyasətinin əsas məqsədi gənclərin təhsilli, sağlam, layiqli həyat tərzi yaşamaları, həyat səviyyələrinin günü-gündən inkişaf etməsi üçün imkanların yaradılması, layiqli əmək haqqı almaları və ən əsası vətənpərvər olmalarıdır.

“Dünyadakı azərbaycanlı gənclərdən təmanna və arzu-istək ondan ibarətdir ki, onlar harada olmalarından asılı olmayaraq ölkələrini sevsinlər. Yəni azərbaycanlı gənclər dünya ilə Azərbaycan dövləti arasında bir körpü olsunlar.

Bununla bərabər məqsəd odur ki, bütün təbəqələrdən olan gənclər unudulmasın və hər bir gənc gənclər siyasətinin hədəfində olsun. Ən əsası da hər bir gəncin üstün keyfiyyətləri, bacarıqları, maraqlı, kreativ cəhətləri, yaradıcı imkanları üzə çıxa bilsin. Bunun üçün çalışılır  və daha geniş imkanlar açılır”.

Əvvəllər gənclərin xüsusi layihələrinin  reallaşması üçün mövcud qanunvericilik çərçivəsində imkanlar az idisə, bu gün istər Gənclər və İdman Nazirliyi, istər Təhsil Nazirliyi, istər başqa dövlət qurumları, istərsə də yeni yaradılmış Gənclər Fondu nəinki gənclər təşkilatlarının, o cümlədən fərdi gənclərin də layihələrinin maliyyələşməsinə yardım edir.

Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan və 8 iyun 2011-ci ildən fəaliyyətə başlayan Azərbaycan Gənclər Fondu dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Ötən il təkcə Gənclər Fondunun dəstəyi ilə 117 layihə həyata keçirilib, proqramlara ayrılan vəsaitin məbləği isə 1 milyon 950 min manat olub. Bu il isə cənab Prezidentin təşəbbüsü ilə Gənclər Fonduna 5 milyon manat ayrılıb. Qəbul olunan layihələrə artıq 2 milyon manat ayrılıb. Bu gənclərin yeni ideyalarının reallaşması, bilik və bacarıqlarının ortaya qoyulması üçün ən yaxşı göstəricidir.

Bu gün ölkədə gəncləşmə prosesi gedir. Belə ki, ildən-ilə gənc məmurların sayı durmadan artır. Gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Məsələn, 2007-2012-ci illərdə dövlət qulluğuna qəbulla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi XII müsabiqəyə 21 987 gənc müraciət edib, 7356 gənc test imtahanını keçib, 1706 gənc vakant vəzifəyə uyğun bilinib və sonda 1440 gənc vakant vəzifəyə təyin olunub. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. Bu isə dövlət qurumlarında gənclərin çəkisinin artmasının bariz nümunəsidir.

Dövlət orqanları ilə yanaşı, bu gün özəl sektorda da gənclərin sayı durmadan artır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, hal-hazırda Azərbaycanda məşğul əhalinin 73,9 faizi özəl sektorda çalışır. Azərbaycanda məşğul olan əhalinin ümumi sayının 4 milyon 375 min nəfər olduğunu nəzərə alsaq, bunun 3 milyon 233 min nəfəri özəl sektorda çalışır. Özəl sektorda çalışanların isə təxminən 31 faizini isə gənclər təşkil edir. Deməli hal-hazırda 1 milyon gənc özəl sektorda çalışır”.

Vüqar Bayramov özəl gənclərin kateqoriyalar üzrə isə belə bölündüyünü açıqlayıb. “Özəl sektorda olan gənclərin 20,0 faizi ticarətdə, 19 faizi təhsil və humanitar sektorda, 9,7 faizi səhiyyə və sosial xidmət sektorunda, 7 faizi tikintidə, 7 faizi emal sektorunda və s. çalışır”.

İldən-ilə gənclər sözü keyfiyyət brendinə çevrilir və bu sevindirici haldır.

“Sovet dönəmində heç kəs 30 yaşlı birinə həyatını etibar etməzdi. Düşünürdü ki, professorun yaşı nə qədər çox olsa bir o qədər yaxşıdır. Amma indi cəmiyyətimiz müasir gənc müəllim, gənc həkim, mühəndis, sahibkar axtarışındadır və s. Bu o deməkdir ki, ulu öndərimiz Heydər Əliyevin ortaya qoyduğu gənclər siyasəti baş tutub” deyə Ceyhun Osmanlı vurğulayıb.

O bildirib ki, nəsillərarası estafet məntiqə və qanuna uyğun şəkildə davam etməlidir. “Bu təkcə bir sahədə yox, bütün sahələrdə belə olmalıdır. Arzu edirik ki, gənclərimizin inkişaf elementləri, yəni bir gəncin inkişafına nə təsir edirsə, onlar daha da təkmilləşsin”.

Bu gün gənclərimiz üçün yaradılan saysız imkanlardan biri də onların xaricdə təhsil almalıdır. Dövlətimiz gənclərin xaricdə təhsil almalarına xüsusi qayğı göstərir.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub.

Təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, 2012-2013-cü il üzrə 606 nəfər xaricdə təhsil almaq üçün müraciət edib.  Onlardan 222 nəfəri magistr, 205 nəfəri bakalvr, 159 nəfəri rezidentura, 20 nəfəri isə doktorantura üzrə təhsil alır.

Bu gün xarici ali məktəblərdə oxuyan tələblərin 31%-i – tibbi ixtisas, 18%-i – iqtisadiyyat, 9,5%-i humanitar, 9%-i – mühəndislik, 7%-i – idarəetmə, 4%-i – turizm, 2%-i – neft sənayesi və riyaziyyat, 0,5%-i – kənd təsərrüfatı üzrə təhsil alır.

Gənclərimizin uğurlu olduğu sahələrdən biri də idmandır. Elə təkcə 2012-ci il ərzində keçrilən Dünya və Avropa Çempionatlarında gənclərimiz 700-dən çox medal qazanıb. Həmin ili keçirilən Yay Olimpiya Oyunlarında gənclərimiz 10, Paraolimpiya oyunlarında isə 12 medal qazanıblar.

Eyni zamanda gənclərimiz ölkəmizdən kənarda müəyyən diaspor fəaliyyətlərində də Azərbaycanı layiqincə təmsil edir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar.

Bu il Xocalı soyqırımı və Dağlıq Qarabağla bağlı Ağ Evin “Biz insanıq” səhifəsində iki petisiyanın yerləşdirilməsi və bu petisiya üçün lazım olan 100 000 səsin yığılması üçün apardıqları təbliğat işlərini və səylərini də buna misal göstərmək olar. Son olaraq isə Fransa Milli Assambleyasında iki azərbaycanlı gəncin ermənilərə Azərbaycan həqiqətlərini söyləmək üçün göstərdikləri səy bunun bariz nümunələrindən biridir. Bu bir daha Azərbaycan gənclərinin vətənə bağlı olmalarını, vətən eşqi ilə yaşamalarını göstərir.

Bu gün Azərbaycanda hər bir gəncin imkanlarını reallaşdırması üçün geniş imkanlar açılır və onlar stimullaşdırılır. Yetər ki bir gənc qarşısına aydın məqsəd qoysun və bu məqsədinin arxasınca getsin.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı