Modern.az

Keçmiş DTK sədri Şıxəli Qurbanovdan və birinci katiblərdən yazdı

Keçmiş DTK sədri Şıxəli Qurbanovdan və birinci katiblərdən yazdı

Ölkə

22 Aprel 2013, 10:49

Modern.az keçmiş DTK sədri Vaqif Hüseynovun ”Bir ömürdən də çox” kitabından növbəti seçmələri oxucuların ixtiyarına verir. Bu dəfə memuarlarda Azərbaycan Kommunist Partiyasının rəhbərliyində təmsil olunmuş bir neçə şəxs barədə səciyyələrlə tanış olacaqsınız. Azad Şərifov, Şıxəli Qurbanov, Vəli Axundov və Kamran Bağırov – bu, bir-biridən fərqli xarakterə malik insanların rəhbərlik üsulları yaxın keçmişimizin mənzərəsinə müəyyən cizgilər əlavə edir.

- Azad Şərifov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi mədəniyyət şöbəsinin müdiri yeni musiqi ansambllarının adlarına xüsusi diqqət yetirir ki, onlarda “türkizm mənşəli” sözlər olmasın. Şair və musiqiçilərin təxəllüslərində də onun gözünə təhlükəli türkçülük simptomları görünür.
“Tofiq Bayram hələ toya getməlidir. Bizdə bu cür təxəllüs seçmə qəbul edilib. Polad Bülbüloğlu isə açıq-aşkar türklərdən götürmədir”, – Azad Şərifov yeni Azərbaycan müğənnisi barəsində deyir. Həm də yeri düşmüşkən, müğənniyə xatırladır ki, əsl soyadı Məmmədovdur (nəyi pisdir ki?!), “Murtuz” kimi əsl xalq adını şairanə “Bülbül” adıyla dəyişmiş məşhur atasının soyadı kimi. Və əlavə edir: “Heyf ki, nə atanın adını, nə də səsini əxz eləmisən...”.

...Dövlətə rəhbərlik etmiş istənilən şəxs haqqında vədlərinə deyil, əməllərinə görə hökm çıxarılmalıdır. Əməllərinə görə isə konkret nəticələrinə əsaslanaraq. Və heç də indiki zamanda yox, tarixi perspektivdə. Taxtda yarım əsr oturmaq olar, amma baxırsan ki, tarixçi həmin adamın tərcümeyi-halını doldurmağa heç nə tapmır. Bir başqası cəmi bir neçə il hakimiyyətdə olur, amma xalqın qan yaddaşında daimi qalır.
Ən yaxşı misal Şıxəli Qurbanovdur. Kommunist Partiyasının baş ideoloqu kürsüsündə o, iki ildən də az müddət oturdu, amma təkcə öz təşkilatının, ölkənin tarixində qalmadı, həm də ən etibarlı qeyri-rəsmi sənəddə – xalqın qan yaddaşında da qeydə düşdü. Halbuki, Şıxəli Qurbanova qədər və ondan sonra neçə-neçə katib-ideoloq olub... Onları kim yadda saxlayıb?..

1969-cu ilin iyulunda Vəli Yusif oğlu Axundov (1958-1969) Mərkəzi Komitənin birinci katibi kimi yüksək vəzifəsini tərk elədi. O nə istefaya göndərildi, nə də hakimiyyətdən kənarlaşdırıldı. Səhhətinin pisləşməsi ilə bağlı Axundov dəfələrlə Siyasi Büroya müraciət etmişdi.

Leonid İliç Brejnev ona SSRİ-nin Belçikadakı səfiri vəzifəsini təklif edirdi, V.Axondovun fəaliyyətindən razılıq nişanəsi kimi digər cazibədar təkliflər də vardı. O isə respublikada qalmağı üstün tutdu, elmi fəaliyyətə keçdi (əvvəlcə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, sonra həyatının sonuna qədər Virusologiya Elmi-Tədqiqat İnstitutunun direktoru qismində).

Özünün vəzifədən getmə istəyini o bu cür izah edirdi: “Bu, Azərbaycan partiya təşkilatının tarixində Sov.İKP MK tərəfindən minnətdarlığın elan olunması ilə MK birinci katibi vəzifəsindən ilk könüllü gedişdir. Öz istefamla mən ənənənin əsasını qoymaq istəyirdim... Buna çox ümid edirəm”.

... Bir gənc aparat işçisinin keçmiş birinci katibə 11 illik fəaliyyətdə ən böyük uğurunun nə olması ilə bağlı sualına V.Axundov belə cavab vermişdi: “Öz missiyamı mən ilk növbədə, insanlarda qorxu hissini yox etməkdə görürdüm. Güman edirəm ki, bu mənada nəyisə bacara bildim. Elə bu mənim ən böyük uğurumdur...”.

Mərkəzi Komitə aparatı üçün Kamran Bağırov yeni fiqur deyildi. “Onun oturduğu kabinetdə ilk dəfə küçə söyüşləri eşidildi” – bunu təbliğat-təşviqat şöbəsinin köhnə əməkdaşları deyirdi. Kamran Bağırovu kimyaçılar və metallurqlar şəhərindən (Sumqayıt – red.) MK-nın baş ideoloqu vəzifəsinə keçirmişdilər. Buna qədər əməkdaşlar bu kabinetdə zərif estet olan Cəfər Cəfərov, teatr, kino klassik musiqi bilicisi, parlaq ədəbiyyatçı, Şekspiri, Puşkini, Nizamini, Səməd Vurğunu əzbər bilən Şıxəli Qurbanov, onunla mübahisəyə girənlərə marksizm-leninizm klassikasından sitatlar gətirən Danil Quliyevi xatırlayırdılar...

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı