
Dövlət Statistika Koçitəsinin məlumatına görə, 2013-cü ilin may ayının əvvəlində ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşıb. Bahalaşan ərzaqlar sırasında düyü, makaron və kolbasa məmulatları, xama, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, alma, armud, kələm, bibər, çuğundur, kök, sarımsaq, soğan, kartof göstərilib.
Modern.az-ın əməkdaşı bazarlarda satılan bəzi meyvə-tərəvəz məhsullarının hazırki qiymətlərilə maraqlanıb. Mənzərə aşağıdakı kimidir:
Xiyar 1 manat – 2 manat 50 qəpk;
Kartof 80 qəpik – 1 manat 50 qəpik;
Soğan 80 qəpik – 1 manat 50 qəpik;
Badımcan 2-3 manat;
Alça 4-8 manat;
Çiyələk - 2-4 manat;
Pomidor 2 – 3 manat;
Alma 2 - 5 manat;
Armud 2 – 5 manat;
Göyərti – dəstəsi 10-20 qəpik.
Piştaxatasında ən ucuz məhsulara üstünlük verən satıcı Rabil Məmmədov da qiymətlərdən narazıdır.
“Baha qiymətə də var, ucuz qiymətə də. Təzə çıxan məhsulların qiyməti bahadır. Ümumiyyətlə, malların qiyməti müxtəlifdir, məsələn, dolmalıq badımcan 2.50 -3 manatdır, kartof-soğan 80 qəpik-1.20 manatadır. Alça baha olduğundan gətirmirik, çünki qyməti eşidən mala baxmır. Bahalı məhsullar gətirmək bizə xeyir eləmir. Qiymət qoyub satanda pis alınır. Çox alanlar imkanı olan şəxslərdir, digərləri isə ya az alır ya da qiyməti soruşub keçirlər.Yaxşı qazanc əldə etmək üçün məcburuq məhsul bolluğunu gözləyək ki, hər cür məhsuldan sata bilək”
Ayda 128 manat pensiya alan təqaüdçü Xatirə xala meyvə-tərəvəzin bahalığından şikayətlənir:
“Ayda 128 manat təqaüd alıram. Bu pulla bilmirəm kommunal xərclərimi ödəyim yoxsa nəvələrimə meyvə-tərəvəz alım. Hər dəfə onlar məndən soruşanda ki, ”nənə filan meyvədən niyə yoxdur”, onda əsəb keçirirəm. “Təzə bazar”a gedirəm, amma qiymətləri görəndə adamın əli soyuyur, pulum çatan qədər hərəsindən 2-3 dənə alıram ki, nəvələrim gələndə onlara verim. Satıcılardan qiyməti soruşub almayanda arxadan qışqırırlar ki, ”almırsan maraqlanma”. Çürümüş bananı 2 manata satırlar, elə bilirlər ki, alıcı görmür o çürümüş məhsuldu. Bahalıq ucbatından pulun hamsı da bazarlara sərf olunur. Başqa heç nə eləmək olmur. Kommunal xərclər də qalır!”
Kənd Təsərrüfatı Nazirliyin rəsmisi Murtuzəli Hacıyev məhsulların qiymətində bahalaşmanın olmadığını, əksinə ucuzlaşma baş verdiyini deyir:
“Mart və aprel ayı ilə müqayisədə qiymətlərdə ucuzlaşma müşahidə olunub. 10 gün əvvəl təzə kartof 2 manat 50 qəpiyə idi, indi 1 manat 20 qəpik olub. Məhsullarda 10-15 gün sonra daha da ucuzlaşma müşahıdə olunacaq. Meyvə-tərəvəzlərin qiymətində bahalaşma yox, uzuzlaşma müşahidə olunur. Xiyar və badımcan kimi məhsullar ötən həftə 2 manat 50 qəpik idisə, indi 1 manatadək düşüb”.
Bəzi malların bahalaşmasını mövsümlə əlaqələndirən iqtisadçı Natiq Cəfərli məhsullarda suni qiymət artımının olmasının problem yaratdığını bildirir. İqtisadçı deyir ki, Türkiyədən ixrac olunan çiyələyin qiyməti Xacmazdan gətirilən çiyələyin qiymətindən iki dəfə ucuzdur.
“İdxalda və kənd təsərrüfatı məhsullarında inhisarçılıq var. Gübrənin, texnikanın, həm də hazır məhsulların gətirilməsində inhisarçılıq mövcuddur. Xaricdən gətirilən məhsulların birbaşa bazara çıxarılması inhsarçı qüvvələrin əlindədir.
Daxili ixracatda fermerlərin istehsal etdiyi məhsulların birbaşa bazara çıxışında ciddi problemlər var. Bakıda və digər şəhərlərdə bu, inhisarçıların əlindədir, onlar kəndlilərdən və fermerlərdən məhsulları ucuz alıb, 2-3 qat baha sataraq, külli miqdarda qazanc əldə etməyə müvəffəq olurlar. Kəndlilərsə əkib-becərdiyi məhsulları bazara çıxarmaqda çətinlik çəkirlər”.
Ekspert bu məsələnin həllində qonşu ölkələrin təcrübəsinə nəzər salmağın mümkünlüyünü qeyd edir:
“Dünyanın bir çox ölkələrində fermerlər ucuz kreditlərə çıxış imkanlarına malikdirlər. Yəni aşağı faizlə dövlət tərəfindən təşviq olunmuş kredit götürürlər və bu vəsaitdən istifadə edərək öz işlərini böyüdürlər. Daxili bazarın qorunması üçün onlara ciddi vergi güzəştləri olur. Təəssüf ki, güzəştlərdən Azərbaycanda istifadə olunmayıb”.
Ekspertin fikrincə, maya dəyərinin qalxması və süni qiymət artımının qarşısının alınması üçün məsələyə hökumət tərəfindən kompleks yanaşma lazımdır. O,həmçinin qiymətlərdə enişin may ayının sonundan müşahidə olunacağını bildirir.
“Kənd Təsərrüfatı Nazirliyinin məsələyə təşviq siyasəti, müəyyən vergi güzəştlərinin olması çox kiçik kreditlərə çıxışın əldə edilməsi mümkün olarsa, problemin həllində irəliləyiş əldə etmək olar. Mövsümi təsirlərlə əlaqədar və məhsul istehsalı artdıqca təxminən 1 aya qədər qiymətlərdə düşüm gözlənilir”.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov kənd təsərrüfatı məhsullarında olan bahalığı ölkədə ərzaq məhsulu istehsalının stabil, dayanıqlı olmaması ilə əlaqələndirib:
”Dövlət statistikasının məlumatına görə mart ayı ilə müqayisədə aprel ayında bir sıra məhsulların qiymətində 0,9 % artma müşahidə edilib. Əslində bu yüksək göstəricidir. Əvvəlki aya nisbətən qiymətin 1 %-ə qədər qalxması sübut edir ki, keçən ilin aylarıyla müqayisədə məhsullarda qiymət artımı davam edir. Bu göstərici Azərbaycanda kənd təsərrüfatı məhsullarındakı qiymətlərin ziqzaq formada olmasını deməyə əsas verir”.
İstehsal olunan məhsulları saxlama şəraitinin kifayət qədər olmadığını bildirən mütəxəssis bir çox kənd təsərrüfatı mallarının qıtlaşdığını bildirib:
”Azərbaycanda soyuducu anbarların tutumu kifayət qədər deyil və qış mövsümü uzandıqca ərzaq qıtlığı yaranmağa başlayır. Bu gün Azərbaycanda 100 min ton məhsulu saxlaya biləcək anbar mövcuddur. Bu rəqəmi 200 min tona çatdırmaq məqsədilə tikinti işləri aparılır. Ancaq Azərbaycanda istehsal olunan məhsulu saxlamaq üçün ölkə üzrə 1 milyon ton tutumu olan anbarlara ehtiyac var. Yəni bizim istehlak tələbimiz bu qədər soyuducu anbarın olmasına ehtiyac yaradır. Kəndli istehsal etdiyi məhsulu bazara tez çıxara bilməzsə, onda qalan məhsul xarab olur. İstehsal olunan məhsulun saxlanmasında olan problem qış mövsümü uzandıqca məhsul qıtlığı yaradır. Bu da ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının təminatında problem yaradır”.
Mütəxəssisin fikrincə bu gün ölkədə bir çox kənd təsərrüfatı məhsullarının satışı idxaldan asılı vəziyyətdədir. O, məhsulların qiymətində artım və düşümün idxalla bağlı olduğunu bildirir.
“Son 3 ayın statistikası göstərir ki, ölkəyə un idxalı təxminən 40 dəfədən çox artıb. Əsasən Rusiyadan, Türkiyədən idxal olunan bu məhsulun qiyməti həmin ölkədəki qiymət düşümünə uyğun dəyişir. Hazırda un, qarabaşaq yarmasının qiyməti ucuzdur.
Günəbaxan, qarğıdalı yağlarının, xama, düyü, makaron və tərəvəz məhsullarının qiyməti artıb. Soğan, kartof, kələm, sarımsaq, çuğundur, kök, bibər, kimi meyvə-tərəvəz məhsullarının idxalı sahibkara xeyir vermədiyi və daxildə də tükəndiyi üçün bu, qiymətlərə də təsir edir. Soğanın qiyməti keçən ay təxminən 300%-ə qədər artmışdı. Kartof qıtlığının olması qiymətlərə təsir edib. Əslində mart, aprel, may ayında kartof qıtlığı olmamalıdır. Çünki təzə kartof çıxıb. Təzə kartof artıq bazara çıxarılır, ancaq təzə kartof az olduğu üçün qiymətlərə ciddi təsir etməyib. Kartofun qıtlığı ötən il kəndlilərə dəyən ziyanla bağlıdır”.
Mütəxəssis bazarlarda alıcı qüvvəsinin də aşağı olduğunu bildirir. Onun sölərinə görə, qiymətlərdə ucuzlaşma təxminən ayın sonunda yerli məhsullar bazara çıxarılandan sonra baş verəcək.
”Bazarlarda alıcı qüvvəsi aşağı düşəndə qiymətlər də düşür. Ancaq bizim bazarlarımızda əksinədir. Həm alıcı qüvvəsi aşağı düşür, həm də qiymətdə artım davam edir”.
Aysel Kərimova