|
|
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: “Kəlbəcərin işğalının 13-cü ildönümündə yazmışdım ki, bu zillət bu nəhs tarixçə ilə bitsin, Tanrı bizə Kəlbəcərsizliyin 14-cü ilini yaşamağı nəsib etməsin. Amma nə yazıq ki, bu gün Kəlbəcərsizliyin 17-ci ilini qarşılayırıq. Nə qədər geniş planda düşünən adam olsam da, elə bilirəm ki, Kəlbəcərsizliyin 17 ilə gəlib çıxmasında elə kəlbəcərlilərin də günahı var. Bu gün münaqişənin nizamlanması üzrə aparılan danışıqlarda Kəlbəcərin taleyi çox qaranlıq bir məcraya yönəlir. İkinci mərhələdə 10-15 il sonra azad olunacağı deyilir. Amma bu təhlükə ilə bağlı narahat olan, səsini çıxaran yoxdur. Elə bil hamı artıq yeni yaşama uyğunlaşıb. Uyğunlaşa bilməyənlər də ölüb-bitib.
Kəlbəcərin işğalının 17-ci ilində mən ellilərimə və bütün xalqımıza mübarizə əzmi arzulayıram. Yoxsa, belə “yubileyləri” daha neçə illər keçirəcəyik. İrəvanı, Zəngəzuru itirdiyimiz kimi...”.
“Boz Qurd” qəzetinin təsiscisi və baş redaktoru Ramiz Nəcəfli: “17 ildi ki, Kəlbəcərin üzünə həsrət qalmışıq. Kəlbəcərsiz keçirdiyimiz hər bir il on ilə bərabər olub. Aprel ayı başlayanda kəlbəcərlilərin qaysaqlamış yaralarından qara qanlar axır, doğma yurd-yuvalarından piyada pərən-pərən düşdüyü günlərini bir daha yaşayır. Amma bu o demək deyil ki, biz kəlbəcərlilər, eləcə də düşmən əlinə keçmiş digər bölgələrimizin insanları yalnız ildə bir-iki günü acı xatirələrlə yaşayır. Keçən hər günümüz doğma yurd nisgili ilə bitir. Problemin həlli ilə guya məşğul olan ATƏT-in Minsk qrupu isə başımızın altına yastıq qoyaraq bizləri yuxuya verir. Bu bir aksiomadır ki, ermənilər asanlıqla torpaqlarımızı qaytarmayacaq. Düşmənlə savaşmalı olan insanların bir qrupu dünyasını dəyişib, bir qrupu yaşa dolub, başqa bir qrupu isə Kəlbəcərdə doğulmayıb. Düzdür hər bir Kəlbəcər, Qarabağ ailəsinin körpəsi də öz kökünə-soyuna, torpağına sadiq tərzdə böyüməli, tərbiyə almalıdir. Amma təbii ki, o cənnətməkan torpaqları görməyənlər onun qədrini-qiymətini lazımınca dəyərləndirə bilmirlər. Odur ki, biz bir yumruğa dönməli, millət olaraq müvəqqəti məğlubiyyətlə barışmamalı, düşmənlə savaşa başlamalıyıq. Öz havadarlarına arxalanan düşmən Kəlbəcərin, həmçinin işğalda olan başqa torpaqlarımızın dəyərini gördükcə, ondan daha möhkəm yapışmağa başlayır. Torpağının altı həqiqi mənada qızıl, üstü min bir dərdin dərmanı olan təbiəti, zəngin meşələri, dünya şöhrətli İsti suyu olan Kəlbəcər naqis düşmənlərimiz üçün çox qiymətlidir. İsti suyu qızıl qiymətinə satan, qızılımızın hesabına güzaranlarını yaxşılaşdıran mənfur düşmən, məgər Kəlbəcərdən özbaşınamı əl çəkəcək? O halda bizlər niyə torpağımıza sahib durmamalıyıq ki? Bizi üzən Kəlbəcərin qızılından da qiymətli dədə-babalarımızın məzarları-nigaran ruhlarıdır. Gəlin hamılıqla millət olduğumuzu sübut edək, torpaqlarımıza sahib duraq! Yoxsa çox işğal yubileyləri qeyd etməli olacağıq”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu: “Mən həyatımın ancaq 14 ilini Kəlbəcərdə yaşaya bildim. Amma yaddaşımda Kəlbəcər, qayğısız uşaqlıq illərini yaşadığım Başlıbel kəndi ilə bağlı o qədər təəssürat var ki, onları bir neçə cümlə ilə ifadə etmək çox çətindi. Çünki insanın mənən yaşadıqlarını, ona daha doğma olan hissləri sözlə ifadə etmək mümkün olmur. Sadəcə, onu deyə bilərəm ki, Kəlbəcərdən uzaqda yaşadığım 18 ildə o yerlərin yaddaşımda olan xəyallarını yaşatmağa çalışmışam. Artıq neçə illərdir sutkanın 10-12 saatını komputer arxasında keçirirəm. Həm işdə, həm də evdə komputerimin iş stolunda isə ömrümün yarısından da azını yaşadığım Başlıbelin şəklini qoymuşam ki, hər xatırlayanda baxa biləm. Amma nə xəyallarda, nə də şəkillərdə o torpağın qoxusunu almaq mümkün deyil.Təəssüf edirəm ki, 2010-cu ilin yazını da o torpaqsız keçirməli oluruq...”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Etibar Seyidağa: “O dövrü yaxşı xatırlayıram. O zaman 16 yaşım vardı. Kəlbəcər mənim yadımda bu cür qalıbdı ki, çox yerlərdə olmuşam, ancaq Kəlbəcərə bənzər təbiəti olan yer görməmişəm. Kəlbəcər füsünkarlığını heç bir bölgə əvəz edə bilmir. Bu rayonun işğal olunmağı təkcə biz kəlbəcərlilərə yox, Azərbaycana vurulmuş ən böyük zərbə sayılır. Bununla yanaşı, biz Qarabağda olan strateji məntəqəmizi itirmişik. Kəlbəcər itkisini hansısa rəqəmlə, ölçü ilə bildirmək mümkün deyil. Mən düşünürəm ki, Kəlbəcər rayonu işğaldan azad olunmayınca, qalan bütün rayonlar boşaldılsa belə, “qalib gəlmişik” deyə bilmərik. Qarabağın qapısı Kəlbəcərdir, hətta bunu ermənilər də etiraf edirlər...”.
“Vətən səsi” qəzetinin şöbə müdiri Məhəmməd Nərimanoğlu: “Kəlbəcəri işğal etmək düşmənin çoxdankı niyyəti olub. Hələ 1993-cü ildən çox-çox qabaq-1905-18-ci illərdə. O vaxt başıpapaqlı kişilər çox idi, Sultan bəy başda olmaqla Kəlbəcər müdafiə olundu. Çox təəssüf ki, 1993-cü ildə həmin kişilərin sayı azaldığındanmı deyək, rejmin sözün kəsərini azaltdığındanmı deyək Kəlbəcəri qoruya bilmədik. Amma qoruya bilərdik. Sovetlər dövründə Kəlbəcərin böyük ərazisi mədəni işğala məruz qaldı. Kəlbəcər işğala məruz qalandan sonra Azərbaycanın deyərdim ki, 20%-dan da çox torpağı işğal edildi. Qazaxın 8 kəndi bir gecədə işğal edilib. Onu da bura əlavə etməliyik. Bilmirəm bunu nə məqsədlə demirlər. Ermənistan bu gün işğalçı dövlət kimi tanınmır. Tanınırsa, niyə onunla sülh danışıqlarına gedilir. Beynəlxalq aləm Azərbaycandan güzəşt tələb edirsə, niyə Ermənistandan da tələb olunmur. Deməli, məkirli, ikiüzlü siyasət bugün də davam edir. Hansı ki, bu siyasət əsrin o tayından başlayıb”.
“Ədəbiyyat” qəzetinin baş redaktoru Adil Cəmil: “Əslində Kəlbəcərin işğalı 1992- ci il aprel ayının 5-dən Ağdaban kəndinin işğalı ilə başlamışdı. Bu rəsmiyyətdə öz ifadəsini o qədər də tapmamışdı. Ona görə ki, Ağdaban və Çayqovuşan adlı paralel iki kəndin işğalı o zamankı mətbuatda və rəsmi dairələrdə yetirəncə gündəmə gətirilməmişdi. O kənddə 70-ə yaxın insanın qətiliamı baş verib. Bir il ötəndən sonra Kəlbəcər özü bütövlükdə işğal olundu. Ermənilər 2 istiqamətdə hücum edib alınmaz qalanı ala bildilər. Dinc əhali torpağı qoyub qaçdı, bu “torpağı qoyub qaçdı” ifadəsi ümumiyyətlə dinc əhaliyə aid olmayan bir ifadədir, ona görə ki, əhalini bütün ölkələrdə silahlı qüvvələr qoruyar, dövlət qoruyar. Bizim silahlı qüvələrin gücü o zaman erməni gücü qarşısında çox aciz idi. Bu da ondan irəli gəlirdi ki, vahid komandanlıq yox idi. Onu da qeyd etməliyik ki, Ağdaban faciəsi heç də Xocalı faciəsindən geri qalmır. Belə deyirlər, “17 il bir igidin ömrüdür”. Bu, həmçinin böyük bir faciənin, dərdin yaşıdır. Sevinc bayramı olan bu Novruzda biz kəlbəcərlilər ürəkdən sevinə bilmirik. Kəlbəcər elə bu Novruz günlərində işğal olunmuşdu. İnsanların gözünün yaşı bayram aşına qarışmışdı. Kəlbəcərlilər öz torpağını qaytarmaq uğurunda canından keçməyə hazırdır. Çünki insanın doğulub boya başa çatdığı yerdən, o mühitdən kənarda heç də özünü yaxşı hiss etmir. Müdriklərdən biri deyir ki, “vətən doğulduğun yerdən başlayır”. Biz öz haqqımız olan torpaqlara qayıtmalıyıq”.
“Lent.az” portalının əməkdaşı Elxan Salahov: “1993-cü il martın 27-də mən hərbi hissəsinin tibb məntəqəsində idim. Səhhətimdə müəyyən problemlər vardı. Martın 27-də məni evə yazdılar ki, vəziyyət bir az gərginləşib. Kəlbəcər istiqamətində ermənilər hücuma keçiblər. Martın 27-də doğulduğum Başlıbel kəndinə gəldim. Adamlar çox qorxu içərisində idi ki, Kəlbəcər bu gün-sabah itiriləcək. Elə belə də oldu. Rayondan xəbər gəldi ki, dayanmadan kəndi tərk edin. Artıq ermənilər Tutquçay dərəsindən rayonu birləşdirən, Azərbaycana yeganə çıxışı olan tuneli bağlayırlar, orda qızğın döyüşlər gedir. Qadınları, uşaqları yük maşını ilə tunelə göndərdik. Kişilər də atlarla dağ yolu, Dəlidağın ətəyindəb aşaraq rayon istiqamətində gəlməyə başladılar. Bir neçə saat sonra xəbər gəldi ki, tunelə gedən maşınlar geri qayıdıb, artıq tunel ermənilərin nəzarətindədir. Orda bizim valideynlərimiz, uşaqlarımız var idi. Biz geri qayıdıb onları götürəsi olduq. Bir gün səhərdən axşama qədər piyada yol gəldik. Qar, çovğun idi, yollarda donanları görürdük. Bir ana vardı donmuşdu, öz paltarlarını çıxardıb körpəsinə bürümüşdü. Demək olar ki, əynində bir köynək qalmışdı. Ana donub ölmüşdü, uşaq sağ idi. Ancaq uşaq donmuş anasını əmirdi. Bu görüntü gözümün önündən hələ də getmir. Uşağı götürüb gətirdik, amma anasına heç cür kömək edə bilmədik. 18 ildi ki, bu hissləri, hər gün hər an yaşayırıq. Artıq geriyə qayıdacağımıza da ümid qalmayıb. Bir neçə il əvvələ qədər, mənim yaşlı əmim var, o, əminliklə geriyə qayıda biləcəyimizi söyləyirdi. Artıq bir neçə ildir ki, əmim “ya qismət” deyir. Hamımıza səbr diləyirəm, ancaq normasında .Normadan artıq səbr öz doğma torpaqlarımızın itirilməsinə gətirib çıxardacaq”.
ATV telekanalının əməkdaşı Bəxtiyar Səlimov: “Kəlbəcəri tərk edəndə beşinci sinifdə oxuyurdum. Gəldik bir gecə Murovda maşında qaldıq. Bundan əvvəl də 1-2 dəfə rayondan çıxma təhlükəsi olmuşdu. Ancaq çıxmamışdıq. Sonuncu dəfə də inanırdıq ki, çıxmayacağıq. Ancaq belə olmadı. Uşaq vaxtı doğça yerlərlə vidalaşmaq adama elə də təsir etmir. İndi mənə ən çox təsir edən odur ki, başqaları öz rayonlarına gedir, ancaq biz bunu edə bilmirik. Çünki bizim gedəcək yerimiz yoxdur. Çox istərdim ki, sinif yoldaşlarımı, müəllimlərimi görüm. Hansı rayona getsəm gözlərim onları axtarır. Bir televiziya işçisi kimi də arzum odur ki, Kəlbəcərin azad olunma xəbərini mən verim.Təəssüf ki, bu günə qədər qismət olmayıb”.
“Hüriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynli: “Adətən “Qarabağsız Azərbaycan yoxdur” iddiaları tez-tez səsləndirilir. Ancaq Kəlbəcərsiz Azərbaycan papağı yerə girmiş kişiylə, namusuna silsilə təcavüz edilmiş qadınla, təməli pozulmuş, taxtı viran olmuş dövlətlə, kökü kəsilmiş nəsil, sülalə ilə müqayisə oluna bilər. Vətənin əziz olmayan parçası yoxdur. Ancaq bu məmləkətin heç Kəlbəcərdən də əziz parçası yoxdur. Heyf ki, biz itirdikdən sonra qiymət verənlərdənik. Kəlbəcəri itirdiyimiz kimi də qaytara biləcəyikmi?!”