Modern.az saytı “Milli qəhrəman övladları” layihəsini davam etdirir. Müsahibimiz Milli Qəhrəman Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyevdir. O, Milli Qəhrəmanın yeganə oğul övladıdır. Cahandar Milli Aviasiya Akademiyasının Hüquq fakültəsində təhsil alır.
Milli Qəhrəman haqda arayış: Kərəm Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. 1977-ci ildə orta məktəbi bitirib. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olub və oranı bitirdikdən sonra öz doğma kəndinə qayıdıb. 1983-1985-ci illərdə hərbi xidmətdə olub. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayıb. Müharibə başlayanda Kərəm Mirzəyev baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bu zaman Kərəm Mirzəyev 30 yaşını yenicə başa vurmuşdu. Hamı kimi onun da gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa plana keçirdi.
Vətən uğrunda gedən döyüşlərdə iştirak etmək və torpaqlarımızın düşmən tapdağından azad olunması onun hələlik yeganə arzusuna çevrildi. Bir sıra döyüşlərdə şücaət göstərən Kərəm "Laləzar" əməliyyatının keçirilməsində xüsusi rol oynayıb. Kərəm Mirzəyevin iştirak etdiyi bu əməliyyat zamanı erməni quldur dəstəsi tam məhv edildi. Erməni qaniçənlərinin başçısı Karen döyüş meydanında gəbərdi, onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdilər.
1992 -ci il oktyabrın əvvəllərində erməni quldurları Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Bu zaman Kərəm Mirzəyev mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edərkən düşmən gülləsinə tuş gəldi və qəhrəmancasına həlak oldu. Hadisə 1992-ci il oktyabrın 1-də Mazutlu kəndində baş verdi.
Qubadlıda Xanlıq kənd orta məktəbi Kərəm Mirzəyevin adınadır. Memarlıq və İnşaaat Universitetində onun guşəsi yaradılıb, Polis Akademiyasında isə büstü qoyulub.
Milli Qəhrəmanın oğlu Cahandar Mirzəyevlə söhbəti təqdim edirik.
“Milli Qəhrəman övladı olmaq böyük şərəfdir”
- Məni rayonumuzda Kərəm Mirzəyevin övladı olaraq tanımaları çox qürurvericidir. Böyüdükcə dərk edirəm ki, Milli Qəhərəman övladı olmaq böyük şərəfdir. Çalışıram ki, bu ada layiq olum. Təhsil aldığım universitetdə də tələbə yoldaşlarımın və rəhbərliyin mənə qarşı olan münasibəti çox yaxşıdı. Hər zaman hörmət edirlər.
“Ata qədər hörmət etdiyim babam və əmim var”
Atam şəhid olandan sonra biz anamla əmimin və babamın himayəsində yaşadıq. Onlar bizə həm maddi, həm də mənəvi dəstək olublar. Mən ailənin tək övladı olduğum üçün heç vaxt maddi sıxıntı çəkməmişəm. Tək atamın yoxluğundan başqa. Babam və əmimin sayəsində ali təhsil alıram. Əmim mənə atamın yoxluğunu heç zaman hiss elətdirməyib. Onun mənim şəxsiyyət kimi formalaşmağımda çox böyük rolu var.
Atamla hər zaman fəxr eləmişəm. Onun göstərdiyi şücaətə görə mən bütün dostlarımın yanında həmişə başıuca gəzirəm.
“Atasız və anasız böyüməyi heç bir övlad istəməz”

- Atam rəhmətə gedəndə mən hələ dünyaya gəlməmişdim. Anam danışırdı ki, o könüllü olaraq orduya gedəndə öncə məni düşünürmüş. Amma bir tərəfdən də çox rahat imiş. Bilirmiş ki, qardaşları və atası ailəsinə onun kimi yaxşı baxacaqlar. Mən əmimə və babama çox hörmət edirəm. Amma atasız böyüməyi heç bir övlad istəməz.
Atamla anamın arasında 11 yaş fərqi olub. Anam deyirdi ki, atam ona da uşaq gözündə baxırmış. Elə düşünürmüş ki, anamın yaşı azdır və bir çox şeyləri dərk etmir. Ona görə də anama çox güzəştlər edib. Anamın dediyinə görə atam ailədə dava-dalaşı, mübahisələri heç sevməzmiş. Atamın həyatda olmamağı hamıdan çox anam üçün ağır idi.
Anam rəhmətə gedəndə mən 4-cü sinifdə oxuyurdum. Atasızlıq və heç gözləmədiyimiz anda anamım dünyasını dəyişməsi mənim üçün çox ağır idi. Amma bu hadisə ən çox əmimə təsir etmişdi. Çünki anamə əmimgildə tok vurmuşdu. Bu itki bizə, əmimə ikiqat zərbə oldu. Çünki atam bizi əmimə tapşıraraq “mənim başıma bir iş gəlsə, ailəmə sən dayaq olarsan” demişdi.
Hadisə gecə baş vermişdi. Bu zaman hamı oturub televizora baxırdı. Anam sanki öləcəyini hiss edirmiş kimi məni bərk-bərk qucaqlayıb öpdü. Artıq gec olduğu üçün yatmalı olduğumu dedi. Mən gecə nə baş verdiyinin fərqində olmamışam. Hadisə barədə ertəsi gün bildim. O vaxtlar balaca idim, bəlkə də baş verənlər mənə o qədər də təsir etmirdi. Amma zaman keçdikcə anamın yoxluğunu daha çox hiss edirəm.
Anam rəhmətə gedəndən sonra babamla yaşamağa başladım. 9-cu sinfə qədər Bakıda yaşadıq. Sonra universitetə hazırlaşmaq üçün Sumqayıta köçdük.
“Döyüş dostlarının xatirələri...”
- Atamın döyüş dostları ilə münasibətlərimiz var və bundan sonra da olacaq. Çünki atamı görmədiyim üçün onların atam haqda danışacaqları hər şey mənə əzizdir. 4-5 gün bundan əvvəl rayonumuzun Polis şöbəsində praktikada idim. Ordakı insanların mənə qarşı olan münasibətlərindən bir daha gördüm ki, atam çoxlarının xatirəsində yaşayır və göstərdiyi qəhrəmanlıqlara görə bundan sonrada yaşayacaq.
Atamın döyüş dostu Adıgözəl Adıgözəlov (hazırda Daxili İşlər Nazirliyində işləyir) danışır ki, atam şəhid olmazdan bir neçə gün öncə onunla söhbət edirmiş. Atam ölümdən qorxmadığını söyləyərək, alnını göstərib, “əşi güllədir də, uzaqbaşı başımı dəlib keçəcək” deyib.
Başqa bir cəbhə yoldaşı isə danışır ki, atam ermənilərin bizim qız-gəlinlərimizin başına açdığı oyunları ölən günədək sakit qarşılamayacağını deyirmiş.
“Onları heç kim əvəz edə bilməz”
- Həytada heç kim atanın, ananın yerini verə bilməz. Onların yoxluğunu hər zaman hiss edirəm. Mən nə qədər mübariz olsam da, onların yoxluğu ilə barışmağa çalışsam da, hərdən çox zəif olduğumu da düşünürəm. Sevincimi, kədərimi paylaşmaq üçün valideynlərimin yanımda olmağını çox istərdim. Universitetdə ilk imtahanımı verib çıxanda zəng etmək üçün valideynlərimi axtarırdım. Hamı atasına zəng vururdu, mən isə əmimə, babama.
Bu gün dövlətimiz müharibə şəraitində yaşayır. Əgər müharibə olarsa, mən də cəbhəyə gedərəm. Amma atamın etdiyi qəhərəmanlığı çox güman ki, təkrarlaya bilmərəm.
Cəmiyyətimiz şəhid və Milli Qəhrəmanları fərqləndirməli, onların xatirəsi hamının qəlbində əziz saxlanılmalıdır. Düşünməliyik ki, onlara bu ad Milli Qəhrəmanlara vətən uğrunda göstərdikləri şücaətdən dolayı verilib. Dövlət Milli Qəhrəmanlara status veribsə, bunun səbəbi və şərtləri var.


Pərvin ARZUQIZI