Cəlal Məmmədov: “Əmim Qurbanla atam mütləq barışacaq”
Modern.az saytının “Siyasətçi övladları” layihəsinin budəfəki qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun oğlu Cəlal Məmmədovdur.
– Cəlal bəy, ilk təhsilinizi harada almısınız?
– Naxçıvanda doğulmağıma baxmayaraq, Bakıda 46 saylı orta məktəbi bitirmişəm. Orta məktəbi bitirdikdən sonra o zamanlar Ali Diplomatiya Kolleci vardı, indiki Avrasiya Universiteti, ali təhsilimi orda aldım.
– Bəs necə oldu təhsilinizi İngiltərədə davam etdirmək qərarına gəldiniz?
– Universitetin 4-cü kursundan İngiltərəyə yollandım. Əslində İngiltərəyə getməyim 2003-cü il hadisələri ilə bağlı idi. Bildiyiniz kimi, həmin il Azərbaycanda prezident seçkiləri keçirilirdi. Seçkilər zamanı qarışıqlıq olduğundan İngiltərəyə getməyi qərara aldım.
– Hər bir ölkədə seçkilərin keçirilməsi normaldır. Seçkilərdən sonra mütləq ölkəni tərk etmək lazımdır?
– Daha çox siyasi liderlərin tutulması mənə təsir etdi. Həmin vaxt mitinqlər, iğtişaşlar olmuşdu. Mitinqlərdə mən də iştirak etmişdim. Əslində, İngiltərəyə getmək fikrim vardı. Elə həmin il baş verən siyasi hadisələrdən sonra qərarımı qətiləşdirdim.
– 2003-cü ildə keçirilən seçkilərin fəal iştirakçısı olmusunuz. Yeri gəlmişkən, bu il də seçki ilidir. Bu yaxınlarda Milli Şuranın da mitinqi baş tutdu. Hansı fərqi hiss etdiniz?
– 2003-cü ilin prezident seçkiləri zamanı təşkil olunan mitinq miqyasına görə çox geniş idi. Dünya mətbuatının belə, onlardan xəbəri olmuşdu. Bu yaxınlarda keçirilən mitinqə gəlincə, onu deyə bilərəm ki, 2003-cü ilin effektini vermədi. Amma 2003-cü ildə Azərbaycanın siyasi həyatında çox şey dəyişə bilərdi. Sadəcə olaraq, xalq öz gələcəyinə, taleyinə biganə yanaşmağı üstün tutdu.
– Sizcə xalqın bugünkü siyasi hadisələrə biganə yanaşmasının səbəbi siyasi liderlərə etibarın olmamağından irəli gələ bilərmi?
– Mümkündür. Gerçəklik odur ki, müxalifət çox vədlər verdi, səbəbi bəlli olan-olmayan məsələlərdən alınmadı. Xalq da inamını itirdi. 1998-ci ildən bu yana çox liderlər dedi, qayıdacağıq. Amma qayıdan olmadı.
– Bütün siyasi liderlər Azərbaycandadır. Rəsul Quliyevdən başqa...
– 2003-cü ildə Azadlıq meydanında İqbal Ağazadə, Pənah Hüseyn, Arif Hacılı, Rauf Arifoğlu, atam həbs olunarkən çoxları otaqdan çölə çıxmadı. Onu demək istəyirəm ki, millətin istədikləri liderlər millətin qabağında getmədi.
– Evinizdə hansı siyasətçilər olub?
– Pənah Hüseyn, Sülhəddin Əkbər, Arif Hacılı, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, İsa Qəmbər, İqbal Ağazadə, Yusif Bağırzdəni isə ADP-də görmüşəm.
– 2003-cü il baş verən hadisələr zamanı tələbə yoldaşlarınız sizə necə münasibət göstərdi?
– Əlaqələr normal idi. 2003-cü ildən sonra hər şey dəyişdi. Ancaq kimsə təhqir etmədi məni. Çünki Azərbaycan xalqı siyasətdən danışmağı sevsə də, siyasi məsələlərə qarşı çox biganədir. Tələbə yoldaşlarım arasında az da olsa, soyuqluğu hiss etdim. Hətta bizim bir müəllim vardı, dekan müavini idi. Səs verdiyimiz məntəqədə məntəqə seçki komissiyasının üzvü idi. 2003-cü il hadisəsindən sonra dərs vaxtı məni çəkdi kənara və dedi ki heç nə görməmisən, heç nə bilmirsən. Orda sadəcə olaraq atama salam vermişdi. Hadisələrdən sonra həmin iştirakçılara salam vermək belə qorxulu idi. Hamının iradəsi eyni deyil axı!
– Məktəb illərinizdə atanızın siyasi mövqeyinə görə ailənizə qarşı hansısa müdaxilələr olurdu?
– Uşaq olanda elə bir gün olmurdu ki, bizim evin qabağında post qurulmasın. Nə vaxt qapıya çıxırdın, görürdün ki, bayırda adamlar durub bizi izləyir. Yaxşı yadımdadır. “Nizami” metrostansiyasının qabağında mitinq olacaqdı. Mitinqə anamla gedəsi oldum. Həmin gün evdən çıxar-çıxmaz qapımızın ağzında növbə tutanlar da mindilər maşına bizi “Nizami”yə qədər təqib etdilər. Amma heç bir təzyiq göstərmədilər. Bu cür narazılıqlara baxmayaraq, anam da həmişə atamın siyasi fikirlərini dəstəkləyib.
– Sərdar Cəlaloğlunda nəyi daha çox bəyənirsiniz?
– Atamın siyasi hadisələri çox güclü təhliletmə qabiliyyəti var.
– Az müddət öncə Sərdar Cəlaloğlunun mərhum xalq şairi Səməd Vurğunu da “yaxşı” təhlil etmişdi...
– Atam gerçəkləri deyibsə, niyə onu bu dərəcədə şişirdirik. Bir nəfər bunu araşdırmalıdır, ya yox. Atamın dediklərini təhqir kimi qələmə verdilər. Hətta atam həqiqəti dedikdən sonra bir çox saytlar Səməd Vurğunun çıxışını yaydılar. Pisə-pis, yaxşıya-yaxşı deyəndə adamı topa tutmaq olmaz axı! Kimsə elə düşünməsin ki, ailəsi atamın bu cür çıxışlarına etiraz edir. İngiltərədə yaşasam da, atamın bütün çıxışlarını dəstəkləyirəm. Çünki istər Səməd Vurğun, istər Həcər haqqında atamın dediyi həqiqətləri bilənlər belə, bu vaxta qədər susub. Atam isə həmişə olduğu kimi, cəsarətli olduğunu sübut elədi. Ailədə hər kəs atamı bu cür çıxışlarına görə dəstəklədi. Sonra çox adam dedi ki, Səməd Vurğun Sərdar müəllimin dediyi kimi bir adam olub.
– Atanızın cəsarətli olduğunu deyirsiniz. Sizin də atanız kimi fəal siyasətə gəlmək fikriniz var?
– Hazırda yox. Nə atam, nə də başqa siyasətçilər kimi siyasətdə baş rolda oynamaq fikrim var. Bəlkə, nə zamansa siyasətə qoşularam, amma indi yox.
– 2003-cü ildən bu yana 10 ildir İngiltərədə yaşayırsınız. Hazırda nə işlə məşğulsunuz?
– İngiltərədə evim, şəxsi biznesim var. İşim özümü dolandıracaq qədər məni qane edir.
– Nə vaxtsa Azərbaycana qayıdıb burda yaşamaq fikriniz varmı?
– Ailədə ara-sıra Azərbaycana qayıtmağım haqqında nəsə deyirlər. Eyni zamanda, özümün belə fikrim yoxdur. O səbəbdən ki, dünya İngiltərədən daha aydın görünür. Azərbaycanda isə sanki qapalı bir mühit səni əhatə edir. İngiltərə vətəndaşıyam. Azərbaycana gələndə 30 gündən artıq qala bilmərəm. Viza problemi var. Nə vaxtsa münasib zaman yetişərsə, qayıdaram.
– İngiltərənin, ingilislərin bizdən üstünlüyü nədədir?
– Onlar öz mənafeyi üçün hər şeyə gedən xalqdır. Əslində, orda yaşamağıma baxmayaraq, onların həyat tərzi darıxdırır insanı. Çünki ingilislər sosial həyat yox, gündəlik həyatda yaşayırlar. Biz, azərbaycanlılar üçün qəbul olunmayan həyat tərzidir. İngiltərədə belə ənənə var. Kiminlə söhbət etmək istəyirsənsə, heç vaxt nə siyasətdən, nə də dindən danış. Bizdə isə tərsinədir. Adi taksiyə də minəndə taksi sürücüsü səninlə siyasətdən, dindən elə söhbət edər ki, elə bilirsən birbaşa işin içindədir. İngilislər isə ya futboldan, ya da havadan danışırlar.
– İngiltərədən Azərbaycana gələn kimi 2 həftə Naxçıvanda oldunuz. Halbuki, ailəniz Bakıda yaşayır.
– Naxçıvanda olan böyük əmim 16 ildir yataq xəstəsidir. Ona görə gələn kimi Naxçıvana getdim. Artıq Naxçıvan kosmopolit bir şəhərə çevrilib. Bakıda yaşamaqdansa, Naxçıvanda yaşamağı üstün tutaram.
– Böyük qardaşınız da Norveçdə ailəsi ilə birgə yaşayır. Nə yaxşı siz ailə qurmursunuz?
– Mən bir dəfə ailəli olmuşam. Bir övladım var. Sözgəlişi, bacım da İngiltərədə yaşayır.
– Yoldaşınızdan ayrılmağınıza Sərdar Cəlaloğlunun ata kimi münasibəti necə oldu?
– Atam nə evlənəndə, nə də ayrılanda işimə qarışdı. Evlənəndə xeyir-dua verdi. Ayrılanda isə fikirlərimə hörmətlə yanaşdı.
– Əminiz Qurban Məmmədovla atanız arasında soyuq münasibətlərin olduğu söylənilir. Bu doğrudurmu?
– Münasibətlər indi də soyuqdur.
– İki qardaş arasında yaranan gərginliyin səbəbi nədir?
– Siyasi düşüncələrin üst-üstə düşməməyi əsas rol oynayıb. Proseslərə yanaşmaqları, analiz edərkən yaranan fikir ayrılıqları münasibətləri soyutdu. Buna baxmayaraq, iki qardaş barışacaqlar. Onların küsülü qalmağı nə qədər çəkə bilər ki! Soyuq münasibətlərin mənə dəxli yoxdur. İngiltərədən gələn kimi ilk getdiyim ev əmim Qurbanın evi olub. Mənim əmimlə münasibətim çox yaxşıdır.
– Hansı siyasətçini daha yüksək qiymətləndirirsiniz?
– Təvazökarlıqdan uzaq da olsa deyəcəm. Siz demişkən, atamın çıxışları ikili başa düşülsə də, atamı yüksək qiymətləndirirəm.
– Sərdar Cəlaloğlundan başqa, kimin adını çəkə bilərsiniz?
– Siyasi lider kimi yox, həqiqi bir şəxsiyyət kimi Rəsul Quliyevə çox böyük hörmətim var. Onun bir çox siyasi prosesləri analiz etməsini bəyənirəm.
– Atanızla eyni masa ətrafında oturarkən nədən danışırsınız?
– Daha çox dini məsələlərdən söhbət edirik. Hər ikimizin müxtəlif dini baxışlarımız var.
– Sərdar Cəlaloğlu ailədə necədir?
– Bəlkə də yaxşı deyil. Çox demokratik insandır.
– Sərdar müəllim prezident seçkilərinə namizədliyini irəli sürüb. Atanızın prezident seçiləcəyindən əminsiniz?
– İndiki şəraitdə yox.
– Niyə elə fikirləşirsiniz?
– Prezident seçilmək xalqın istəyi ilə olmur. Sadəcə Azərbaycan üzərində öz mənafeyini güdən böyük dövlətlərin də istəyi az rol oynamır.
Namidə BİNGÖL