Ermənistan prezidenti Serj Sarkisyanın sentyabr ayının 3-də Rusiyaya səfəri gözlənilir. Şimal qonşumuzun dövlət başçısı Vladimir Putinin Azərbaycana səfəri, Ermənistanın Avropa İttifaqına assosiativlik üzvlüklə bağlı istəkləri fonunda işğalçı dövlətin Moskvaya səfəri bir çox mətləblərdən xəbər verir. Kremlin Azərbaycanla bağlı siyasətində müəyyən “loyallaşma” və Rusiyanın silah satışı siyahısında ölkəmizin də yer almasını rəsmi Yerevan həzm edə bilmir. Belə bir məqamda işğalçı dövlət Avropa İttifaqına assosiativlik üzvlüklə məsələni gündəmə gətirir və bir növ rəsmi Moskvaya qıcıq verir. Bundan başqa digər ehtimallar üzərində də düşünmək olar. Ermənistanın öz havadarına qarşı yeni Qərb meylli siyasəti alternativ qoymasına görə Putin Sərkisyana bir dərs vermək niyyətində ola bilər. Ancaq başqa ehtimallar üzərində düşünmək üçün də kifayət qədər əsaslar var. Belə ki, rəsmi Moskvan öz forpostunu “itirməyi” gözə alaraq bu dəfə balanslı siyasət xəttinə üstünlük verir və Azərbaycana gerçəkləşən səfərdən qıcıqlanan işğalçı ölkəni də növbəti danışıqlar prosesinə cəlb edir.
Sərkisyanın Moskvaya səfərin Modern.az-a şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli vurğulayıb ki, Ermənistandakı narahatlıq təkcə Putinin rəsmi Bakıya səfəri ilə bağlı deyil. O bildirib ki, Ermənistanın Aİ-lə adıçəkilən üzvlüklə bağlı müqavilə imzalamaq cəhdi də bir növ Yerevana narahatlıq verib.
“Ermənistanda belə hesab edirlər ki, bu müqavilənin imzalanması, Avropa ilə ticarət münasibətlərinə müəyyən təsir göstərsə də, Rusiya ilə əlaqələr xələl gətirə bilər”-deyən siyasi ekspertin fikrincə gözlənilən nəticə özünü doğrultdu. Q. Hüseynlinin fikrincə,
Putinin Azərbaycana səfərindən sonra Yerevanın əndişələri daha da artıb. “Putinin Bakıya səfərindən sonra Azərbaycana silah satışı ilə bağlı qoyulmuş embarqo götürüldü və silah satışı barədə müqavilə imzalandı. Yerevan açıq surətdə Sarkisyanın dili ilə bəyan etdi ki, bu silahlar hamısı Ermənistana tuşlanacaq. Beləliklə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi hər gün artırdı”-deyə politoloq qeyd edib.
Onun sözlərinə görə bu situasiyada Kremlin tabeliyində olan erməni dövlət başçısı Moskvanın dəvətini həvəslə qəbul etdi. Keçmiş dövlət müşaviri güman edir ki, Moskvada Sarkisyana Azərbaycanla bağlı münasibətlərin Rusiyanın geostrateji amillərlə əlaqəli olduğunu başa salacaqlar. “Azərbaycanın Qərbə inteqrasiyasının qarşısını almaq üçün Rusiya belə bir addımı atmaq məcburiyyətində qaldı. Amma Ermənistanla münasibətlərdə hər hansı bir geri çəkilmə yoxdur. Əslində Ermənistanla strateji əməkdaşlıq müqaviləsinin müddəaları işlək vəziyyətdədir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qərarına uyğun olaraq Ermənistandan başlayan raketdən müdafiə sistemləri qurulmaqdadır. Ermənistana deyəcəklər ki, bu raketlər sizdə olduğu halda Azərbaycanda yoxdur”.
Siyasi şərhçi dediklərini əsaslandırmaq üçün deyib ki, Rusiyanın Azərbaycana silah satışının əslində bölgədə “hərbi balansın” qorunmasına xidmət etdiyini Kreml Sarkisyana başa salacaq. “Hələ ola bilər ki, Ermənistani sakitləşdirmək üçün bəzi silahlar da əlavə olaraq onlara hədiyyə ediləcək. Ermənistanın nə cürəti var ki, Rusiyanın qarşısında sakitləşməsin?!”-deyə Q. Hüseynli ironiya ilə şərh edib. Eks dövlət müşaviri rus-erməni münasibətlərində illüziyaya qapılmağın əsassız olduğunu da dilə gətirib.
Aqşin KƏRİMOV