Modern.az

Üzüm Yığımı Festivalında ilk tədbirlər keçirilib

Üzüm Yığımı Festivalında ilk tədbirlər keçirilib

Ölkə

28 Avqust 2026, 20:30

Şəkidə Üzüm Yığımı Festivalı ilə bağlı iki günlük proqram başlayıb.

Modern.az xəbər verir ki, 28 avqustda Bakıdan Şəkiyə gələn qonaqlar üçün təşkil olunan proqram çərçivəsində nahar təşkil edilib, daha sonra şəhər üzrə ekskursiya keçirilib.

Nahar zamanı Şəki Şərab şirkətinin baş direktoru Ernest Mingazov çıxış edərək qonaqları salamlayıb, festivalın əhəmiyyətindən və Şəkinin şərabçılıq ənənələrindən danışıb. Şirkət rəhbəri qonaqların şərəfinə qədəh qaldıraraq qarşıdakı festivalın uğurlu keçməsini arzulayıb.

Naharın ardından qonaqlar üçün təşkil olunan Şəki şəhəri üzrə ekskursiya proqramı da artıq başa çatıb. İştirakçılar şəhərin tarixi və mədəni məkanları ilə tanış olublar.

Festival proqramı çərçivəsində Şəkinin tarixi və mədəni irsi ilə tanışlıq məqsədilə geniş ekskursiya proqramı təşkil olunub.

Ekskursiya zamanı qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisini gəzib. Burada Şəki Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkərək şəhərin qədim tarixi və zəngin mədəni irsi ilə bağlı nadir eksponatlarla tanış olublar.

Daha sonra Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə gediblər. Burada Şəkinin məşhur şəbəkə sənətinin incəlikləri ilə tanış olmaq, emalatxananın fəaliyyəti və şəbəkə ustalarının hazırladığı sənət nümunələrini yaxından görmək imkanı əldə edən qonaqlar, bu sahəyə xüsusi maraq ayırıb.

Ekskursiyanın növbəti dayanacağı Xan məscidi kompleksi oldu. XVIII əsrdə Şəki xanı tərəfindən inşa etdirilmiş qədim məscidə baş çəkilib, kompleksin tarixi ilə tanış olunub.

Şəkidə səfərdə olan qonaqlar şəhərin zəngin tarixi-mədəni irsi ilə tanışlıq məqsədilə qədim Karvansarayı ziyarət ediblər. Qonaqlar burada əsrlərdən günümüzədək qorunub saxlanılan memarlıq xüsusiyyətləri ilə tanış olub, Karvansarayın Şəkinin tarixində və ticarət həyatında oynadığı rol barədə məlumat əldə ediblər. Ziyarət zamanı qonaqlar tarixi məkanın özünəməxsus atmosferini yaxından hiss edib, burada müxtəlif fotoşəkillər çəkdiriblər. Karvansarayın möhtəşəm quruluşu və tarixi görünüşü səfər iştirakçılarında böyük maraq doğurub.

Şəkidə səfərdə olan qonaqlar şəhərin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə Miniatür Muzeyini ziyarət ediblər. Ziyarət zamanı qonaqlara muzeydə nümayiş olunan eksponatlar və Şəkinin tarixi abidələri barədə məlumat verilib.

Beləliklə, Üzüm Yığımı Festivalı öncəsi Şəkidə keçirilən proqram yalnız şərabçılıq ənənələri ilə deyil, şəhərin tarixi, memarlığı, sənətkarlığı, ipəkçilik və mədəni irsi ilə yaxından tanış olmaq baxımından da zəngin təəssüratlarla yadda qaldı.

Günün sonunda qonaqlar Qaxda yerləşən “El resort Hotel”də qarşılanıb. Şam yeməyi ilə günü sonlandırıblar.

Qeyd edək ki, 29 avqustda Şəki Şərab Zavodunun ərazisində Üzüm Yığımı Festivalının əsas tədbirləri keçiriləcək.Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi və “Sheki Wines” tərəfindən təşkil olunan festivalda ənənəvi üzüm yığımı, şərab dequstasiyası, qastronomiya, musiqi və sənətkarlıq yarmarkası təşkil ediləcək. Festival çərçivəsində həmçinin yeni şərabçılıq ilinin başlanğıcı qeyd olunacaq.

Nicat Rüstəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...