
Mərkəzi Seçki Komissiyası 2013-cü il oktyabrın 9-na təyin edilmiş prezident seçkilərində iştirak etmək iddiasında olan 21 nəfərin namizədliyinin irəli sürüldüyünü təsdiq edib. Hələlik onlardan iki nəfər – YAP sədri İlham Əliyev və Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi rəsmən qeydə alınıb. Bu sıranın genişlənəcəyi istisna deyil. Bəs prezidentliyə namizəd olan şəxslər seçicinin diqqətini cəlb eləmək üçün səs-küylü seçki platformasından əlavə daha nələrə diqqət yetirməlidir?
Mütəxəssislər deyirlər ki, namizədlər seçiciləri təkcə şirin və gurultulu vədlərlə cəlb etməməli, həm də danışığı, geyim tərzi, davranışı, xarici görünüşü ilə nümunə göstərməlidirlər. Bir sözlə, imic məsələsinə önəm verilməlidir.
Modern.az bu mövzu ilə bağlı psixoloq,sosioloq və stilistdən münasibət öyrənib.
Psixoloq Elnur Rüstəmov hesab edir ki, dünyanın hər yerində prezident seçkiləri ən vacib seçkilər sayılır ki, bu prosesdə əsas hədəf insanların inam və etimadını qazanmağa yönəlməlidir. Burda ola bilər ki, namizədlər iqtisadi və sosial platformanı ortaya qoyaraq gələcəklə bağlı nə edəcəklərini insanlara çatdırsınlar. İnsanları inandırmaq və onların etimadını qazanmaq əsas şərtdir.
”Amma namizədin vizual imici və onu sözləri necə deyəcəyi də çox önəmlidir. Mövlanənin gözəl bir kəlamı var: “Nə deyirsən de, söyləyəcəklərin qarşındakının anlayacağı qədərdir”. Yəni seçici qarşısında çıxış edən namizəd çox söz deyə bilər, amma insanlar onun dediklərinin birini qəbul edəcəklər.
Namizəd olan hər bir insan düşünməlidir ki, insanlar ondan daha inandırıcı sözlər eşitmək istəyir və həmin o sözü axtarıb tapmalıdır. Dünya praktikasında inkişaf etmiş ölkələrdə ictimai və siyasi xadimlərin özlərinin yaşam kursu olur ki, buna texnoloq da deyilir. Texnoloqlar namizədin hansı dünyagörüşünə malik olduğunu və digər şeyləri analiz edəndən sonra həmin namizədə konkret çıxış verilir və hansı məqama diqqət yetirməsi lazım olduğu deyilir. Burda onun geyiminə və danışığına böyük önəm verilir. Bugünkü mübarizə insanların etimadını qazanmaq uğrunda gedir. Uzağa getməyək, qonşu Türkiyənin baş naziri insanlarla davranışda, onlara xitab edərkən onun səs frekansı elə məqam olur ki, yuxarı qalxır və ya əksinə. Bütün bunlar insanların etimadına qazanmağa yönəlib. İlk amil xarizmadır, yəni insanlar qarşılarındakı namizədi nə cür görürlər. Bütün inkişaf etmiş ölkələrdə bu məqama diqqət yetirirlər. Elə namizəd ola bilər ki, insanlar onu çox yaxşı ziyalı kimi qəbul edə bilər. Amma onu heç vaxt prezident kimi görmürlər. Onun davranışı, jesti və səs frekansı bunlara uyğun olmalıdır”.
Elnur Rüstəmovun fikrincə, İlham Əliyev həm xarici görünüş, həm də dünyagörüşü baxımından Azərbaycanı xarici ölkələrdə təmsil edəcək bir imicə sahibdir.
“Amma elə namizədlər var ki, dünyagörüşü və savadı olsa da, onlar imic baxımından prezident ola bilməzlər. Moskvanın meri olan Yuri Luşkovun çox güclü elektoratı vardı. Amma o vaxt rusiyalı vətəndaşlar onu prezident gözündə görmədilər. Onda prezident imici yox idi. Bu imic çox fərqli bir şeydir və texnoloqlar bunu xüsusi diqqətə alırlar. Yaxşı olardı ki, namizədlər bu məqama diqqət yetirsinlər”.
Sosioloq Əhməd Qəşəmoğlu da namizədlərin xarizmatik görünüşünün hazırlanması ilə imicmeykerlərin məşğul olduğunu deyir: ”Bu işlərlə imicmeyker deyilən insanlar xüsusi olaraq məşğul olurlar. Və təbii ki, hər ölkədə namizədlərin seçki öncəsi davranış qaydası ilə bağlı tövsiyələr müxtəlif ola bilər. Seçicilər bəzən xarici ölkənin tövsiyələrini götürüb oxuyurlar və bunu öz üzərində tətbiq edirlər. Dünya praktikasında da var ki, namizədlərin seçicilər qarşısında sərgilədikləri davranış onların reytinqinə də müəyyən mənada təsir edir. Hələ illər öncə Ayaz Mütəllibov prezident seçiləndə mən ondan qabaq sosioloji tədqiqatlar aparırdım. Nəzərimizdən yayınmayan maraqlı məqamlardan biri də Ayaz Mütəllibovun çox səliqəli olduğu təqdirdə ona qarşı olan kəskin münasibət idi. Bu insan o qədər özünə fikir verirdi ki, hətta “güzgü-daraq” məsələsi ortaya düşmüşdü. İlk öncə bu yaxşı bir hal kimi görünürdü, amma bunun özü Azərbaycan seçicisinin görmək istədiyi səliqə-sahmandan artıq olduğundan onun əleyhinə işlər başlamışdı. Əslində hər bir seçicinin özünün təxəyyülündə yaratdığı bir prezident obrazı var. Müəyyən sosioloji aspektə söykənərək seçki öncəsi əhalinin kimlərə səs verəcəyini bir növ müəyyənləşdirmək olar. Müharibə şəraiti olduğu dövrlərdə əhali namizədi bir cür görmək istəyirdi, amma bugünkü şəraitdə tamam başqa cür görmək istəyindədir. Bizdə xalq namizədini daha çox rəsmi geyimdə görməyə üstünlük verir. Amma digər ölkələrdə namizədlər şortikdə də seçicilərin qarşısına çıxıb çıxış edə bilirlər”.
Stilist Anar Ağakişiyev də deyir ki, prezidentliyə namizəd olan insanların seçici qarşısına çıxarkən istər danışığı, istər geyim tərzi ilə seçilməlidir: “Onlar seçicini daha çox düşünməli və müəyyən kodekslərə əməl etməlidirlər. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda dövlət məmurları və siyasətçilər rəsmi kodekslə geyinirlər. Onlar rahatlığa heç vaxt önəm vermirlər”.
Pərvin ARZUQIZI