Yaxud Qarabağ savaşında neçə ərəb şəhid olmuşdu?
Suriyadakı hadisələr indi bizim üçün yalnız bizə yaxın coğrafiyada yerləşən və dindaşlarımızın yaşadığı ölkədə yaşanan faciə kimi maraqlı deyil. Həm də bəzi Azərbaycan vətəndaşlarının iştirak etdiyi bir qanlı gedişat kimi maraq doğurur. Elə bu günlər yayılan xəbərlərin Azərbaycanda doğurduğu əks-səda kimi... Suriyada gedən döyüşlərdə artıq 6 Azərbaycan vətəndaşının həlak olduğu bildirilir.
Suriyada baş verən savaş çoxdan "vətəndaş müharibəsi" çərçivəsindən çıxıb. Bəşər Əsədi müdafiə edən dövlətlər ona hər cür dəstəyi əsirgəmirlər. Hələ gizli yardımlar bir yana. Bu günlərdə dünya mediası Əsəd əsgərlərinə taktiki təlim keçən İran hərbçilərinin videogörüntülərini yayınlamışdı.
Bəşər Əsədə qarşı döyüşən qüvvələrin palitrası da çox zəngindir. Hətta, o qədər ki, ərazisinin əhəmiyyətli hissəsi Ermənistanın işğalı altında olan Azərbaycandan da Əsədə qarşı döyüşmək üçün Suriyaya gedən fədailər var.
Açığı, Azərbaycandan Suriyaya döyüşməyə gedənləri heç cür anlaya bilmirəm. Yəni, başqa müsəlman ölkələrindən deyil, məhz Azərbaycandan gedənləri.
Öz könüllərinin səsini eşidib Suriyaya gedənlər bu qərarlarını din, iman davası ilə əsaslandırırlar. Halbuki, hazırda Suriyada ölən də, öldürən də müsəlmandır.
Peyğəmbərimiz buyurur ki, "Vətəni sevmək imandandır". Bəs, nə üçün Suriyada din, iman davasına yollanan azərbaycanlılar, vətənlərini işğal etmiş düşmənə qarşı cihad etmirlər? Həm də nəzərə alsaq ki, bu düşmən heç müsəlman da deyil və minlərlə müsəlmanı qanına qəltan edib, yurd-yuvasından didərgin salıb, müsəlman ocaqlarını yerlə-yeksan ediblər, məscidlərdə donuz saxlayıb... Amma hələ ki, heç bir azərbaycanlı mücahid din, iman uğrunda dağları aşıb erməni qəsbkarlarına həyəcan yaşatmayıb. Lakin, kilometrlərlə yolu qət edib Suriya getməyi, döyüşməyi və ölməyi bacarırlar.
Suriyada öldürülən azərbaycanlılarla bağlı xəbəri oxuyarkən, bir anlıq Qarabağ savaşını xatırladım. Qarabağ savaşında ərəb dövlətlərindən ermənilərə göstərilən çeşidli dəstəkləri qeyd etmədən, bir suala cavab istəyirəm: Qarabağ savaşında biz tərəfdən döyüşən neçə ərəb şəhid olmuşdu?