Azərbaycan 2025-ci ildə Türkmənistanla 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov “Facebook” hesabında yazıb.
Deputatın sözlərinə görə, Türkmənistandan idxalda enerji məhsulları üstünlük təşkil edir. Ötən il bu ölkədən 36,4 milyon dollarlıq təbii qaz, 12,5 milyon dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı, 7,7 milyon dollarlıq ağır distilyatlar və qazoyllar, 7,4 milyon dollarlıq maye yanacaq idxal olunub.
Həmçinin Türkmənistandan 2,3 milyon dollarlıq mineral və ya kimyəvi azot gübrələri, 1,4 milyon dollarlıq sürtkü yağları alınıb.

Azərbaycanın Türkmənistana ixracında isə 22,4 milyon dollarlıq ağ şəkər və digər saxaroza, 7,8 milyon dollarlıq dəmir və ya aşqarlanmamış polad məhsulları, 3,9 milyon dollarlıq pambıq lifi, 1,8 milyon dollarlıq qara metal konstruksiyalar və 931 min dollarlıq kərə yağı yer alıb.
Vüqar Bayramov qeyd edib ki, Türkmənistanla ticarət dövriyyəsinin artırılması prioritetdir. Əsas hədəf qeyri-neft-qaz məhsulları üzrə ticarət əməkdaşlığını gücləndirməkdir.