Bu ilin sonunadək Ağdam rayonunda məskunlaşan ailələrin sayının 5 minə, əhalinin sayının isə 21 minə çatdırılması planlaşdırılır.
Modern.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalında deyib.
Onun sözlərinə görə, hazırda Ağdam rayonunda 2 mindən çox ailə, ümumilikdə 8 mindən çox insan yaşayır. Ailələrin 932-si Ağdam şəhərində, 1110-u isə Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində məskunlaşıb.
Emin Hüseynov bildirib ki, ilin sonunadək nəzərdə tutulan köç Ağdam şəhərində tikilən dördüncü və beşinci yaşayış komplekslərinin istifadəyə verilməsi, həmçinin Eyvazlı və Baş Qərvənd kəndlərində aparılan tikinti işləri hesabına həyata keçiriləcək.
Eyvazlı kəndində nəzərdə tutulan 450 evdən 150-sinə ilin sonunadək 150 ailənin köçürülməsi planlaşdırılır. Baş Qərvənd kəndində isə ümumilikdə 851 evdən 555-nin hazır olması və həmin evlərə 555 ailənin köçürülməsi nəzərdə tutulur.
Xüsusi nümayəndə qeyd edib ki, qayıdış prosesi gələn il də davam edəcək. Onun sözlərinə görə, 2027–2030-cu illəri əhatə edəcək ikinci dövlət proqramı çərçivəsində Ağdam rayonuna əlavə 30–40 min insanın köçürülməsi hədəflənir.
Emin Hüseynov festivalın Ağdamda keçirilməsini Böyük Qayıdışın mühüm rəmzlərindən biri kimi qiymətləndirib. O, rayonda yaşayış komplekslərinin tikintisi və kəndlərdə bərpa-quruculuq işlərinin davam etdiyini vurğulayıb.
Nicat Rüstəm