Bu gün Vətən müharibəsi şəhidi Əlikram Şahbazlının anım günüdür.
Modern.az xatırladır ki, hərbi xidmətə yollandığı gündən düz bir il sonra - 7 oktyabr 2020-ci ildə doğma Bor-bor kəndində torpağa tapşırılan Əlikram qısa ömrünə böyük arzular, elmə və tarixə sevgi, Vətənə bağlılıq və qəhrəmanlıq sığdırıb.
Tarixi sevən, savadlı gənc
Əlikram Şahbazlı 1 oktyabr 2001-ci ildə Şabran rayonunun Bor-bor kəndində anadan olub. Məktəb illərindən elmə, biliyə xüsusi marağı ilə seçilib. Xüsusilə tarix fənnini çox yaxşı oxuyub, keçmişimizi, Azərbaycan tarixini və xalqımızın yaşadığı faciələri dərindən öyrənməyə böyük maraq göstərib.
Onu tanıyanların sözlərinə görə, Əlikram savadlı, dünyagörüşlü və məqsədləri olan gənc olub. Ali təhsil almaq arzusunda olan Əlikram universitetə qəbul olsa da, ailəsinin maddi çətinlikləri səbəbindən təhsilini davam etdirə bilməyib.
Lakin təhsil almaq imkanı əldə edə bilməməsi onun biliyə və tarixə olan marağını azaltmayıb. O, mütaliə edən, öyrənməyi sevən və Vətəninin keçmişi ilə maraqlanan gənclərdən biri olub.

Bir il əvvəl başladığı hərbi xidmət Vətən müharibəsi ilə başa çatdı
Əlikram Şahbazlı 7 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Düz bir il sonra - 7 oktyabr 2020-ci ildə isə doğma kəndində şəhid kimi torpağa tapşırılıb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Əlikram da döyüşlərə qatılıb. O, Talış kəndi, Hadrut və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Əlikram 6 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Anasının doğulduğu torpağın da ağrısını daşıyırdı
Əlikramın anası Cəbrayıl rayonundandır. Azərbaycan torpaqlarının işğaldan azad olunması onun üçün yalnız Vətən qarşısında borc deyil, həm də ailəsinin yaşadığı ağrıların aradan qaldırılması demək idi.
Cəbrayılın işğalı ilə bağlı ailəsinin yaşadığı nisgil Əlikramın da qəlbində olub. Vətən müharibəsində döyüşərək şəhid olması onun bu torpaqların azadlığı uğrunda mübarizəsinin son nöqtəsi oldu.
Tarix fənnini sevən, Azərbaycanın keçmişini yaxşı bilən Əlikramın ən böyük arzularından biri də doğma torpaqların azad olunmasını görmək idi.
Şəhidlik zirvəsinə ucaldı
Əlikram Şahbazlı ölümündən sonra Vətən müharibəsində göstərdiyi şücaətə görə müxtəlif medallarla təltif edilib.
Onun həyat yolu bir daha göstərir ki, Vətən sevgisi yalnız sözlə deyil, əməl və fədakarlıqla yaşanır. Ali təhsil almaq arzusu yarımçıq qalan, lakin biliyə, tarixə və Vətəninə böyük sevgi bəsləyən Əlikramın ömrü qısa oldu, adı isə əbədi yaddaşlara yazıldı.
Bu gün Əlikram Şahbazlının doğmaları onun yoxluğunun ağrısını yaşasalar da, onunla qürur duyurlar. Çünki Əlikram Vətən uğrunda canından keçən Azərbaycan oğullarından biridir.
Onun xatirəsi doğulduğu Bor-bor kəndində, Şabran rayonunda və onu tanıyan hər kəsin qəlbində yaşayır.
Allah rəhmət eləsin!



