Modern.az

Məhkumluq işsizliyə məhkum edir - İş qapıları niyə bağlanır?

Məhkumluq işsizliyə məhkum edir - İş qapıları niyə bağlanır?

Ölkə

Bu gün, 09:55

Cəzaçəkmə müəssisəsindən azadlığa çıxan şəxslərin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətə adaptasiya olmaq və dolanışıq mənbəyi tapmaqdır. Lakin təcrübə göstərir ki, məhkumluq keçmişi onların sosial həyata qayıtmasına mane olan amillərdən birinə çevrilir. Bir çox işəgötürənin keçmiş məhkumları işə götürməkdən çəkinməsi və peşə bacarıqlarının zamanla zəifləməsi bu şəxslərin məşğulluq imkanlarını məhdudlaşdırır.

Hüquqşünas Çingiz Qənizadə mövzu ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, bir çox müəssisə və qurum keçmiş məhkumları işə götürməkdən yayınır. Bunun səbəblərindən biri törədilmiş cinayətin xarakteridir.

“Bir çox müəssisə və qurumlar məhkumları işə götürməkdən yayınırlar. Bunun müxtəlif səbəbləri var. Törədilmiş cinayətin xarakteri də şəxsin işə qəbul olunmasına təsir göstərir. Məsələn, narkotiklərlə bağlı cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmuş şəxsi işə götürmədikləri halda, ehtiyatsızlıqdan cinayət törətmiş şəxs normal iş tapıb işləyə bilir. Təbii ki, bu, bəzi hüquq-mühafizə orqanlarına şamil olunmur. Həmin qurumlarda işə qəbul və ya xidmətə bərpa xüsusi yoxlamalar əsasında həyata keçirilir”, – deyə hüquqşünas bildirib.

Ç.Qənizadə qeyd edib ki, azadlığa buraxılan şəxslər islah olunduqları üçün cəzalarını çəkdikdən sonra cəmiyyətə qayıdırlar. Lakin bu fakt onların gələcək həyatında əsas meyara çevrilməməlidir.

Hüquqşünasın sözlərinə görə, keçmiş məhkumların özəl sektorda iş tapmaq imkanları daha genişdir. Xüsusilə, müəyyən peşə bacarıqlarına malik olan şəxslər üçün müxtəlif sahələrdə işləmək imkanları mövcuddur.

“Təmir sahəsində ustalıq, çilingərlik və bu kimi peşələrdə onların iş tapmaq şansları daha çoxdur”, – deyə Çingiz Qənizadə vurğulayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi