Modern.az

Hər gün 55 km yol gedir, 6 dəfə çay keçir - Ucqar kənddə dərs deyən müəllimin HEKAYƏSİ

Hər gün 55 km yol gedir, 6 dəfə çay keçir - Ucqar kənddə dərs deyən müəllimin HEKAYƏSİ

Təhsil

Bu gün, 11:00

Müəllim olmaq sadəcə sinif otağında dərs keçmək deyil. Bəzən qarlı yolları piyada keçmək, bir kənd uşağının gözündə dünyaya pəncərə açmaq, ən çətin şəraitdə belə ümidi yaşatmaqdır. Azərbaycanın ucqar bölgələrində fəaliyyət göstərən minlərlə müəllimdən biri də Səbinə Heydərli­dir. O, Lənkəranda yaşayır və hər gün Köhnə Gəgir kəndinə dərs deməyə gedir. Bunun üçün iki saat ərzində 55 kilometrdən çox məsafə qət edir. O, yolun çətinliyinə rəğmən bu peşəni sevdiyini və şagirdlərin yolunu işıqlandırmağı özünə hədəf seçdiyini deyir.

Səbinə Heydərli bu şərəfli peşədə inkişaf etməyi ucqar bölgədə seçib. Ucqar kənddə işləyən coğrafiya müəllimi Modern.az-a müsahibə verib.

– Müəllimliyi seçməyə nə vaxt qərar verdiniz?

– Müəllimlik mənim üçün sonradan verdiyim bir qərar deyil, uzun illər içimdə daşıdığım bir arzu idi. Universitetdə oxuduğum müddətdə də əsas məqsədim məhz müəllim olmaq və öyrəndiklərimi şagirdlərə çatdırmaq idi. MİQ imtahanlarından sonra fəaliyyətə başlamaq imkanım yarandıqda qarşıma kənd məktəbinin çıxması məni bu yoldan çəkindirmədi. Əksinə, düşündüm ki, müəllimə olan ehtiyacın daha çox hiss olunduğu yerdə özümü sınamaq mənim üçün daha mənalı olar. Məktəbim Lənkərandan kifayət qədər uzaqdadır, hər gün təxminən iki saata yaxın yol gedirəm. Amma bu yol mənim üçün artıq sadəcə məsafə deyil, müəllimliyə gedən yolun bir hissəsidir.


– Gündəlik iş prosesiniz necə keçir?

– Mənim adi bir iş günüm səhər saat 5:00-da başlayır. Saat 6:00-da artıq yola çıxmış oluram. Məktəbim şəhərdən kifayət qədər uzaqda, dağlıq ərazidə yerləşən, əhalisi çox az olan ucqar bir kənddədir. Ora çatmaq üçün iki fərqli maşın dəyişirəm və yolun böyük bir hissəsini “Niva” ilə gedirəm.

Bu yolun özünəməxsus çətinlikləri var. Yol asfalt deyil, bəzi hissələri palçıqlı və daş-kəsəklidir. Yol boyu eyni çayı altı dəfə keçirik. Çayın üzərində körpü yoxdur və hər keçid ayrıca bir çətinlik yaradır. Xüsusilə yağışlı havalarda yolda hərəkət daha da çətinləşir, bəzi yerlər demək olar ki, keçilməz vəziyyətə gəlir. Ona görə də hava şəraiti mənim gündəlik yoluma birbaşa təsir edən amillərdəndir. Bütün bunlara baxmayaraq, mən hər səhər həmin yolu gözə alıb işə gedirəm. Çünki bilirəm ki, yolun sonunda məni şagirdlərim gözləyir.

– Sizi ucqar bölgədə müəllim kimi fəaliyyət göstərməyə motivasiya edən nədir?

– Məni ən çox motivasiya edən şey şagirdlərdə yaratdığım kiçik dəyişiklikləri görməkdir. Mən müəllimliyi sadəcə bir peşə kimi görmürəm. Bir uşağın coğrafiyaya marağının yaranması, xəritəyə əvvəlkindən başqa gözlə baxması, dərsdə daha fəal olması və ya “Müəllim, mən bunu evdə də araşdırdım” deməsi mənim üçün çox böyük motivasiyadır. Hər gün iki saata yaxın yol getməyim, uzaq məsafə və kənd şəraiti bəzən çətinlik yarada bilər. Amma məktəbə çatıb qarşımda şagirdlərimi görəndə bütün çətinlikləri unuduram. Mənim üçün əsas məsələ harada dərs deməyimdən çox, kimə nə qazandırmağımdır.


– Sizcə, şəhərdən kənarda müəllim olmağın üstünlüyü var?

– Bəli, var. Məncə, ən böyük üstünlüyü şagirdlərlə daha yaxın münasibət qurmaq və onların inkişafındakı kiçik dəyişiklikləri belə daha aydın görməkdir. Kənd məktəbində müəllim təkcə dərs deyən insan olmur. Bəzən şagirdin dünyagörüşünü genişləndirən, ona yeni bir istiqamət göstərən, özünə inanmasına səbəb olan şəxs olur. Burada müəllimin bir fikri, bir sözü şagird üçün şəhərdə olduğundan daha böyük təsir yarada bilər. Mən bunu müəllimliyimin ən gözəl tərəflərindən biri hesab edirəm.

– Ucqar kənddə şagirdlərin dərsə davamiyyətini və motivasiyasını artırmaq üçün hansı fərqli metodları tətbiq edirsiniz?

– Mən çalışıram ki, dərsi yalnız izah edib sual-cavabla bitirməyim. Xüsusilə coğrafiya kimi əyani və praktik imkanları çox olan bir fənni oyunlaşdırmağa, qrup işlərinə, xəritə üzərində tapşırıqlara, kiçik yarışlara və gündəlik həyatdan nümunələrə çevirməyə üstünlük verirəm. Mənim üçün əsas məqsəd şagirdin məktəbə “Yenə dərs başladı” düşüncəsi ilə deyil, “Görəsən, bu gün nə edəcəyik?” marağı ilə gəlməsidir. Dörd nəfərlik kiçik bir sinifdə də, daha böyük qruplarda da hər şagirdin dərsdə özünü iştirakçı hiss etməsinə çalışıram.


– Ucqar bölgədə müəllimin bir çətinliyi də internet resurslarının əlçatan olmamasıdır. Bunun sizin metodlarınıza təsiri varmı?

– İnternetin və texnoloji imkanların məhdud olması dərsi maraqsız etməməlidir. Coğrafiya müəllimi kimi ən böyük resurslarımdan biri xəritədir. Xəritələrdən, atlaslardan, şəkillərdən, hazırladığım kartlardan, lövhədə çəkdiyim sxemlərdən və şagirdlərin özlərinin hazırladığı kiçik materiallardan istifadə edirəm. Bəzən bir vərəq, rəngli qələm və bir neçə sual kifayət edir ki, adi izahı maraqlı bir oyuna çevirək. Məncə, yaxşı dərsin əsas resursu yalnız texnologiya deyil, müəllimin yaradıcılığıdır.

– Dərsdənkənar vaxtlarda şagirdlərin dünyagörüşünü artırmaq üçün hansısa vərdiş formalaşdıra bilmisinizmi?

– Şagirdlərlə dərsdənkənar söhbətlərdə onların yalnız dərslikdə yazılanlarla kifayətlənməməsinə çalışıram. Məsələn, gündəlik həyatdan, müxtəlif ölkələrdən, şəhərlərdən, təbiət hadisələrindən danışırıq, xəritədə onların harada yerləşdiyini birlikdə axtarırıq. İstəyirəm ki, onlar yaşadıqları kənddən dünyaya baxa bilsinlər və eyni zamanda dünyanın nə qədər böyük və maraqlı olduğunu hiss etsinlər. Mənim üçün ən gözəl nəticə şagirdin dərsdən sonra özü sual verməyə başlamasıdır. Çünki sual vermək artıq marağın yarandığını göstərir.


– Bu çətin yolda yorulanda seçiminizdən peşman olduğunuz anlar olurmu?

– Mənim üçün şagirdlərin dərsə maraq göstərməsi, sual verməsi və öyrənmək həvəsi bütün yolun yorğunluğunu unutdura bilir. Dərslər bitdikdən sonra həmin yolla geri qayıdıram. Mənim bir iş günümün böyük hissəsi əslində yolda keçir. Bu, etiraf edim ki, asan deyil. Amma mən bu şəraiti əvvəldən bilə-bilə seçim etmişəm və hər gün həmin çətinlikləri gözə alaraq yola çıxıram.

Bəzən insanın qarşısına rahat seçimlər də çıxır. Amma mənim üçün önəmli olan ehtiyac duyulan yerdə faydalı ola bilməkdir. Səhər saat 5-də oyanmağım, uzun və çətin yol getməyim bir məqsədə xidmət edir: mən o kənddə uşaqlara bildiklərimi öyrətmək və onların dünyagörüşünə kiçik də olsa, bir töhfə vermək istəyirəm.

Lamiyə Cənnətzadə

Sizə yeni x var
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?