“Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycanın Türkmənbaşı şəhərində keçirilən VIII Məşvərət Görüşü regional əməkdaşlıq baxımından yeni siyasi mərhələnin konturlarını müəyyənləşdirdi. Bu görüşün əhəmiyyəti növbəti regional sammitin gündəliyi ilə məhdudlaşmır. Söhbət artıq Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli münasibətlərinin intensivləşməsindən deyil, Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazı vahid qarşılıqlı əlaqələr sistemində birləşdirən yeni regional arxitekturanın formalaşmasından gedir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin görüşdəki çıxışı bu prosesin mahiyyətini aydın şəkildə ortaya qoydu: əməkdaşlıq artıq sistemlilik, davamlılıq və institusionallaşma mərhələsinə daxil olur. Əgər əvvəlki dövrdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri daha çox ayrı-ayrı ikitərəfli tərəfdaşlıqlar çərçivəsində qiymətləndirilirdisə, bu gün həmin münasibətlər getdikcə daha aydın regional məzmun qazanır. Bu baxımdan, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatında tamhüquqlu iştirakı prinsipial siyasi əhəmiyyət daşıyır. Bu qərarın yekdilliklə qəbul olunması göstərir ki, Azərbaycan artıq Mərkəzi Asiya ilə əməkdaşlıqda kənar tərəfdaş deyil, formalaşmaqda olan regional siyasi və iqtisadi sistemin təbii və ayrılmaz iştirakçısı kimi qəbul edilir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsünün Türkmənistan tərəfindən irəli sürülməsi də təsadüfi deyil. Prezident İlham Əliyevin bu prosesdə Türkmənistanın rolunu xüsusi vurğulaması qarşılıqlı siyasi etimadın səviyyəsini göstərməklə yanaşı, Xəzərin iki sahili arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəldiyini təsdiqləyir. Türkmənbaşı görüşünün nəticələri onu da göstərdi ki, Məşvərət Görüşləri formatı tədricən yalnız siyasi dialoq platforması olmaqdan çıxaraq daha strukturlaşdırılmış əməkdaşlıq mexanizminə çevrilir. Birgə Bəyanatın və formatın fəaliyyətini tənzimləyən sənədlərin imzalanması regional qarşılıqlı fəaliyyətin institusional əsaslarının möhkəmləndiyini göstərir. Bu isə gələcək əməkdaşlığın ayrı-ayrı siyasi təşəbbüslərdən deyil, davamlı mexanizmlərdən asılı olacağı anlamına gəlir.
“Əslində, burada daha geniş geosiyasi prosesdən danışmaq mümkündür. Müasir beynəlxalq münasibətlər sistemində regionların sərhədləri artıq yalnız fiziki coğrafiya ilə müəyyən edilmir. Nəqliyyat dəhlizləri, enerji marşrutları, ticarət axınları, rəqəmsal kommunikasiya, siyasi etimad və ortaq təhlükəsizlik maraqları yeni geosiyasi məkanlar formalaşdırır. Bu kontekstdə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir” – deyən Sevinc Fətəliyeva əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında yerləşən mühüm geosiyasi və geoiqtisadi bağlantı nöqtəsidir. Lakin ölkənin artan regional rolu yalnız coğrafi mövqeyi ilə izah edilə bilməz. Coğrafi üstünlüyün real siyasi təsirə çevrilməsi üçün sabit dövlətçilik, inkişaf etmiş nəqliyyat və enerji infrastrukturu, iqtisadi potensial, geniş beynəlxalq əlaqələr və tərəfdaşların etimadı tələb olunur. Azərbaycan son illərdə məhz bu elementlərin sistemli şəkildə birləşdiyi regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirib.
Onun sözlərinə görə, siyasi dialoqun intensivliyi bunu təsdiqləyən əsas göstəricilərdən biridir. Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin sayı davamlı şəkildə artır. Təkcə Azərbaycan və Türkmənistan arasında ötən ildən etibarən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi münasibətlərin artıq epizodik diplomatik təmaslar çərçivəsindən çıxaraq davamlı siyasi koordinasiya səviyyəsinə yüksəldiyini göstərir. Bu siyasi yaxınlaşmanın ən mühüm xüsusiyyəti onun sürətlə konkret iqtisadi məzmun qazanmasıdır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artması, ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi, yeni birgə layihələrin və investisiya mexanizmlərinin yaradılması qarşılıqlı maraqların artıq real iqtisadi dayaqlara söykəndiyini göstərir.
“Beləliklə, özünü gücləndirən yeni regional model formalaşır: siyasi etimad iqtisadi əməkdaşlığı genişləndirir, iqtisadi əməkdaşlıq nəqliyyat və logistika bağlantılarına tələbat yaradır, nəqliyyat və enerji infrastrukturu isə tərəfdaşlığı uzunmüddətli və qarşılıqlı asılı xarakterə çevirir. Azərbaycanla Mərkəzi Asiya arasındakı əməkdaşlığı digər regional formatlardan fərqləndirən mühüm məqamlardan biri də münasibətlərin yalnız praqmatik maraqlara söykənməməsidir” – deyən deputat qeyd edib ki, Mərkəzi Asiyanın qardaş dövlətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirakı bunun ən aydın nümunəsidir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kürmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın təşəbbüsü ilə Füzulidə məscidin tikilməsi münasibətlərin mənəvi-siyasi mahiyyətini ortaya qoyur. Bu layihələrə yalnız humanitar təşəbbüslər kimi yanaşmaq düzgün olmazdı. Onların daha dərin siyasi və mənəvi mənası var. Mərkəzi Asiya dövlətləri Azərbaycanın müasir tarixinin ən mühüm mərhələlərindən birində — Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində ölkəmizin yanında yer alırlar. Bununla da ortaq tarixi, mədəni və mənəvi bağlar konkret siyasi həmrəylik və praktiki əməkdaşlıq formasında öz ifadəsini tapır. Belə bir modeldə praqmatizm və tarixi yaxınlıq bir-birinə alternativ deyil. Əksinə, bu iki amil qarşılıqlı şəkildə bir-birini gücləndirir. Eyni zamanda, formalaşan yeni regional əməkdaşlıq modeli üçüncü dövlətlərə qarşı yönəlmiş qapalı siyasi blok xarakteri daşımır. Onun əsas üstünlüyü açıqlığında və iqtisadi məntiqindədir. Məqsəd regionun daxili bağlılığını gücləndirmək, xarici bazarlara çıxış imkanlarını genişləndirmək, tranzit və enerji marşrutlarını şaxələndirmək, nəticədə isə region dövlətlərinin iqtisadi və siyasi subyektliyini artırmaqdır.
Sevinc Fətəliyevanın fikrincə, bu kontekstdə Xəzərin geosiyasi rolu da dəyişir. Xəzər artıq Cənubi Qafqazla Mərkəzi Asiyanı ayıran coğrafi məkan deyil. O, getdikcə daha çox bu iki regionu birləşdirən strateji körpüyə çevrilir. Xəzərin şərqində böyük təbii ehtiyatlara, artan iqtisadi imkanlara və xarici kommunikasiya marşrutlarının şaxələndirilməsinə ehtiyac duyan Mərkəzi Asiya dövlətləri yerləşir. Qərb sahilində isə Türkiyə və Avropa istiqamətində çıxış imkanları təmin edən geniş nəqliyyat-logistika və enerji infrastrukturu qurmuş Azərbaycan dayanır. Bu iki potensialın birləşməsi yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə regionun geoiqtisadi çəkisini artırır. Məhz buna görə Azərbaycanın Mərkəzi Asiya formatında tamhüquqlu iştirakına ayrıca diplomatik nailiyyət kimi baxmaq kifayət deyil. Bu, daha dərin geosiyasi transformasiyanın göstəricisidir.
“Yeni reallıq ondan ibarətdir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz getdikcə bir-birindən təcrid olunmuş iki ayrı geosiyasi məkan olmaqdan çıxır. Onların arasında ticarət, investisiya, nəqliyyat, enerji, rəqəmsal kommunikasiya və təhlükəsizlik maraqları əsasında davamlı qarşılıqlı əlaqələr sistemi formalaşır. Bu sistemdə Azərbaycanın rolu xüsusilə diqqətəlayiqdir. Azərbaycan burada yalnız tranzit ölkə və ya coğrafi körpü rolunda çıxış etmir. O, siyasi etimadı, iqtisadi imkanları, nəqliyyat infrastrukturu və beynəlxalq əlaqələri birləşdirən əsas regional mərkəzlərdən birinə çevrilir. Başqa sözlə, bu gün söhbət təkcə Azərbaycanın Mərkəzi Asiyaya yaxınlaşmasından getmir. Eyni zamanda, Mərkəzi Asiyanın Cənubi Qafqaz və Avropa istiqamətində yeni geosiyasi və geoiqtisadi imkanlar əldə etməsindən danışırıq. Bu proseslərin əsas siyasi nəticəsi də məhz budur: Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni qarşılıqlı asılılıq və əməkdaşlıq məkanı yaranır, Azərbaycan isə formalaşmaqda olan bu regional arxitekturanın strateji dayaqlarından və əsas əlaqələndirici mərkəzlərindən birinə çevrilir” – deyə, Sevinc Fətəliyeva vurğulayıb.