AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
İslam dini ilə bağlı müqəddəs bayramlardan biri də Qurban bayramıdır. Azərbaycan xalqı da digər müsəlman millətləri kimi həmişə Qurban bayramını yüksək səviyyədə qeyd etmişdir. Doğrudur, SSRİ dövründə digər milli və dini bayramlar kimi Qurban bayramı da yasaq edilmiş, onun əleyhinə yüzlərlə məqalələr, əsərlər yazılmışdır. Ancaq bütün bunlara baxmayaraq, SSRİ rejimi azərbaycanlıların ruhundan və həyat tərzindən Qurban bayramını tamamilə silə bilməmişlər. Şübhəsiz, buna başlıca səbəblər arasında bir tərəfdən xalqın səmimi qəlbdən Qurban bayramına inanması, digər tərəfdən isə Azərbaycan türk mütəfəkkirlərinin onun mahiyyəti ilə bağlı bizə miras qoyduğu mədəni irs olmuşdur.
Qurban bayramının fəlsəfi-mənəvi mahiyyəti ilə bağlı dəyərli əsərlər yazan Azərbaycan türk mütəfəkkirləri arasında Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Məhəmməd Əmin Rəsulzadə, Yusif Ziya Talıbzadə və başqalarının adlarını çəkmək olar.
Hələ, 1870-ci illərdə Həsən bəy Zərdabi «Əkinçi» qəzetində Qurban bayramı günü ilə bağlı yazırdı ki, bu günün mənası heç də müsəlmanların qurban kəsib kef-damaqla yeməsi demək deyildir: «Qurban günü tavana müsəlmanlar Məkkəyə cəm olub, bir yerdə ziyarət edib, bir-birinə öz dərd qəmlərindən xəbər verirlər. Yəni Qurban bayramının artacaq şərafətli olmağına səbəb odur ki, bu bayramda olan ziyarət ittihadi-islama baisdir. Məkkəyə getməkdən murad bir bu deyil ki, gedib ziyarət edib qayıdasan. Lazımdır ki, oraya cəm olan müsəlmanları görüb əhvalpürsan olub öz qardaşlarını tanıya bilsin».
Onun fikrincə, Məkkəyə gedən müsəlmanlar bu baxımdan ziyarətlə kifayətlənməməli, bir-birlərinin dərdlərindən hali olmalı, öz din qardaşlarını yaxından tanımalıdırlar, ancaq Məkkəyə gedənlərdən heç kəs buna əməl etmir: «Biz elə avam olmuşuq ki, nə ki, qeyri tayfaları, hətta öz qardaşlarımızı tanıyıb bilməyə qadir deyilik. Qardaşlar, məktəbxanalar bina edib oxuyun ki, heç olmasa öz qardaşlarınızın dilini öyrənib, müsəlmanlığın ittihadına əməl edə biləsiniz, yoxsa bizim gözəl Qurban bayramı və Məkkə səfəri ölünün əyninə geyilən faxir libasa oxşayır».
Azərbaycan mütəfəkkitrlərindən Axund Yusif Talıbzadə isə «Füyuzat»da «Həccə dair» (1907) məqaləsində yazırdı ki, bu günü icra edənlər və qurban kəsənlər onun mənasını və məqəsdini anlamalıdırlar. Onun fikrincə, hər bir müsəlman qurbanlıq günündə ilk növbədə, öz nəfsinə qalib gəlməli, şeytani nəfsdən azad olmalı və bunun üçün səmimi qəlbdən tövbə etməli, Mina qurbangahında İbrahim peybəmbər (s) kimi öz övladını insanlıq yolunda qurban etməyin mənasını anlamalıdır: «Nəfsi-şeytankarın tərd və dəfi üçün surəti-ciddiyyədə rəmyi-əhcar etdilərmi? Mina qurbangahında İbrahimsisal insaniyyət yolunda öz bvladından keçmək mərtəbəsinə etila etdilərmi? Həqiqət mehmanxanasında «innəməl muminunə ixvatun» əhdi-müqəddəsini təcdid qıldılarmı? Öz amali-şəxsiyyələrini həqiqət naminə qurban edə bildilərmi? Rəsuli-Əkrəmə peyröv olub ehtiyacati-insaniyyəyə dair bəliğanə xütbələr inşad qılıdlarmı?».
Talıbzadə hesab edirdi ki, həcc əmrinin mühüm və müqəddəs vəziflərindən biri də, insanın möhtac olduğu məsələləri həqiqət şurasına çatdırmaq, eyni zamanda digər müsəlmanlarla bir yerdə Allaha ibadətin mahiyyətini dərk etməkdir. O yazırdı: «Milləti-islamın şəşəəli sabiqəsini dər xatir etməklə gələcək islahı üçün hali-hazırı qənimət sandılarmı? Amma bizlərə gəldikdə, islamca eyd nə üçün olduğunu bilirzmi? Həqiqət qurbanı nə yolda qəbula yetdiyini düşünürüzmü? Eyd namazın cəmaətlə əda edib məzamini-xütbələr nəyə şamil olduğuna alim oluruzmu? Eyd günlərində müsafihə ilə görüşməkdən məqsəd nələr olduğunu anlıyoruzmu? Milli və dini ehtiyacatmızda maddi və mənəvi vəzifələrimizi icra edirizmi? Fəqir və möhtac vətəndaşlarımızın təmini-halına dair təşəbbüsatda bulunuruzmu? Həsanati-ixvaniyyəyi qərəzi-şəxsiyyələrinə qurban edən cani kəslər də məvəddət və məhəbbət uğrunda qurban kəsə bilərmi? Məgər bayram behəqq insan olanlara məxsus degilmidir? Məgər bizim bu halda mükəlləfün-bih vəziflərimiz nə olduğunu islamiyyət insanilə föqəz-zikr mətləblər bəyan etmiyormu?».
Azərbaycan türk mütəfəkkiri Ömər Faiq Nemanzadə isə «Qurban bayramı» (1915) məqaləsində daha çox həmin bayramın əsil mahiyyətini açmağa çalışmışdır. Onun fikrincə, insanlar arasında ilk yenilik gətirənlər peyğəmbərlər olmuşdur ki, onlardan biri də Həzrət İbrahimdir. Belə ki, Həzrət İbrahim ona qədər mövcud olan qurban üsulunu tamamilə dəyişdirmiş və ona yeni bir məna vermişdir. Çünki Həzrət İbrahim peyğəmbərə qədər insanlar özləri öz aralarından seçərək (püşk atma və s. yol ilə) allah və yaxud da allahlar yolunda qurban kəsərmişlər. Nemanzadə yazırdı: «O həzrət ki, o zaman vavirlərdə hər kəsin «Allah» tanıdığı Günəş, Ay və Yıldız çıxdıqca: xeyr, xeyr bunlar Allah olmaz, - deyə qışqırırdı. O ancaq haqq yolu axtarırdı. Ümumun etiqadına, millətin əski adətinə toxunur - deyə əsla fikir etməzdi.
O həzrət ürəyindəki sağlam imanı ilə hər kəsin tərsinə gedir, böyük cürət ilə ən böyüklərə qarşı durardı. Əqlə uyğun olmayana inanmaz, kor-koruna etiqadı insanlıq şərəfinə əskiklik sayardı. İştə, o idi ki, əski adət, əski fikrə məğlub olaraq oğlu İsmayılı qurbanlığa götürüb kəsəcək vaxt:
- Bu nə?! İnsanları boğazlamaq, Allahın rizasını almaq deyil, bəlkə rəhmət və ayinini, Yer üzərindəki zinət və bəxşeyşini kəsməkdir, - deyə söylənib düşünməyə başladı. Bu heyndə onun nazik və ülvi ürəyinə vəhy gəldi ki:
- Ya İbrahim! İsmayılın yerinə qoç kəs!
Həzrət İbrahim İsmayılı buraxdı, sürüdən bir qoç tutub kəsdi. Çox ehtimal ki, o zaman kəsilən qurbanlar sadəcə tələf olub gedirdi.
Zaman keçdi. Həzrət Məhəmməd əliyyun-islam yetişdi. Kəsilib atılan qurbanları nahaq buldu. Həzrət buyurdu ki, kəsilən qurbanın bir azını sahibi dadsın, qalanı möhtaclara paylansın!
İştə qurban kəsib fəqirlərə payladığımız gün bizim üçün bayram oldu. Həm də böyük bayram oldu. Böylə ya dünyada fəqir və möhtacların könüllərini almaq, dərdlərinə qalmaq qədər nə savab və təsəlli ola bilər. Şübhəsiz ki, bu böyük bayramdan qərəz, can tələf edib qan axıtmaq deyil, bəlkə onunla fəqirlərin canlarını diriltmək, qanlarını artırmaqdır».
Ömər Faiq çox doğru buyururdu ki, ən böyük xoşbəxtlik insanın həyata keçirdiyi, yaxud da bayram kimi qəbul etdiyi günlərin mənasını anlamaqdır. Anqlayıb da, Qurban kimi bayramlarda öz və yaxınlarının qarınlarını deyil, ona möhtac olanların qarınlarını doydurmaqdır: «Bəli, o gün bizim üçün əsil bayram odur ki, dava üzündən yurdu yaxılıb ocağı sönən, bir loxma çörəyə möhtac olanlar ilə boyunları bükük bir halda qapılarımıza qədər sürünüb gələn yetimlərimiz də bayram edələr.
Nə olar ki, o möminlər kəsdiyi qurbanın ətini doğrudan möhtaclara, dərisini də «yetimlər evi» üçün saxlayıb insanlıq, müsəlmanlıq borcunu yerinə yetirməklə bayram edə. Ümid olunur ki, zəiflərin, əzilənlərin haqqı uğrunda insanlardan qurban verilən böylə bir həngamədə biz də kəsdiyimiz heyvanları zəfilərimizə qurban edək».
Milli operamızın banisi Üzeyir Hacıbəyli də Nemanzadlə kimi, Qurban bayramının bir yardımlaşma günü olaraq qəbul edirdi. O yazırdı ki, Peyğəmbərimiz (s) dini bayramlarda, o cümlədən Qurban bayramında müsəlmanlara yardımlaşmağı, bir-birinə kömək etməyi buyurmuşdu. Hacıbəyli buna nümunə olaraq yazırdı: «Məhəmməd pyeğəmbər (s.) deyibdir ki:
- Allah yolunda qurban kəsin, amma o qurbanı fəqir-füqarəyə, yetim-yesirlərə, tamarzılara ehsan edin!
Çox əcəb! Borcumuz itaət etməkdir!
Lakin - qurbanın yağlı və qəşəng yerlərindən dövlətli qonşulara göndərin! - Bunu hansı peyğəmbər deyibdir - bilmirəm. Hər halda onu əmr edən «peyğəmbər» görünür çox vacib əlataətdir ki, əmrinə bu cürə sədaqət ilə iatət edirik!».
Azərbaycan türk mütəfəkkiri Məhəmməd Əmin Rəsulzadə isə «Qurban» (1916) adlı məqaləsində Qurban bayramını Adəm övladının köhnə adəti kimi qələmə vermişdir. Onun fikrincə, insan təbiət hadisələrini, o cümlədən zəlzələ, tufan, şimşək və sairəni dərk etməkdə çətinlik çəkmiş, bu mənada qurbanı olduğu həmin şeylərin bir daha baş verməməsi üçün qurban kəsmişdir: «İnsan təəbbüd elədigi təbiəti dərk etmək istəmiş - qurban olmuş, qurban kəsmişdir. Qurban bir din (kult) təşkil etmişdir. Daha ibtidai bir hal və mənəviyyat zamanı keçirən bəşəriyyət, təbiətin yaxşılıq və yamanlıqlarını birər büt şəklində təcəssüm etdirərək onları təəbbədüdə başlamış və bu ibadəti də müxtəlif şəkillərdə verdiyi qurlanlarla əda etmişdir. İnsan idrakından ən çox uzaq ünüsr təbiətə, günhuni dərkdən aciz olan hadisələrə daha çox qurban vermişdir. Bütpərəstlərin illə-deyə təsəvvür etdikləri heykəllərə qurban olduqlarıv, saiblərin asimanı saiqələr qarşısında övladlarını zibh etdikləri, Həzrət İbrahimə qədər bəni-İsrailin də insan qurban kəsmək müqtəzbati-diniyyələrindən olduğu məlumumuzdur».
Rəsulzadə yazırdı ki, indiki insanlar üçün vəhişilik hesab olunan adamlardan qurban kəsilməsi o zamanlar adi bir hal idi. Belə ki, bəşəriyyət uzun müddət insanların qurban kəsilməsinə şahidlik etdikdən sonra, buna son vermişdir. Yalnız Həzrət İbrahim oğlu İsmayılın əvəzinə qoç kəsdikdən sonra insanların qurban kimi kəsilməsi ənənəsi aradan qalxmışdır. Ancaq Rəsulzadənin fikrincə, bəşəriyyət bütlərə qarşı qurban kəsmək adətini ortadan qaldırsa da, fəqət qurban olmaq adəti atılmamışdır: «Əski zamanlarda insanlar müdhiş bir div heykəli və ya yırtıcı bir heyvan şəkli yonuyor da, sonra buna qurban oluyorlardı. İndiki mədəni insanlar dəxi bundan başqa bir şey yapmıyorlar. Bunlarla öz xəlqkərdərləri olan mənəviyyata qurban oluyuorlar. Heyəti-cavmiənin xəlq etdigi əsas və əqnümalara fəda oluyorlar. Vətən fikri, milliyyət məfkurəsi, hürriyyət və müsavat amilləri iştə hazırki insanlardan minlərlə, milyonlarlanurğanlar istəyən bütlər!».
Beləliklə, Rəsulzadə hesab edirdi ki, əslində vaxtilə insanların qurban kəsilməsi yeni bir mahiyyət almışdır. Əgər qədim dövrlərdə insanlar təbiət hadisələrini dərk edə bilmədikləri üçün və ya anlamadıqları başqa qeyri-adi səbələrə görə özlərini qurban edirdilərsə, indi isə Vətən, Milliyyət və Hürriyyət amallarına görə qurban olurlar. Onun fikrincə, insan daima qurban vermiş, bəşəriyyət hər zamanda qurban kəsmişdir. Bu mənada, Birinci Dünya müharibəsini nəzərdə tutaraq Rəsulzadə yazırdı: «Millətlər təəbbüd etdikləri amallarına çatmaq üçün qurbanlar veriyorlar. «Mülkül-mal»ın qana susamış bu zamanında verilən qurbanları övladı-bəşər heç zaman verməmişdir. Dünyada həqqi-bəqa qazanmaq istəyən millətlər Kəbeyi-amanları təvafa gələrək Mina səhrasında bulunuyor, iştə üç ildən bəridir ki, qurban kəsiyorlar. Nə dəhşətli qurbangah! Bu meydanda kəsilən qurbanlar iki növdür: bəziləri öz arzusu, eşqi və iradəsi ilə bilərək, tanıyaraq, təəbbüd etdigi ilahisinə qurban oluyor. Digərləri isə bizim kəsəcəgimiz qurbanlar kibi başqalarının amal və arzularına fəda olub boğazlanıyorlar».
Göründüyü kimi, Azərbaycan mütəfəkkirləri Qurban bayramını yardımlaşma, paylaşma, bütövləşmə, müsəlman birliyi və bəşərilik kimi dəyərləndirmişlər. Başqa sözlə, Qurban bayramı nə qədər müsəlman dünyasında daha geniş şəkildə və bayram olaraq qeyd edilsə də, əslində bu bayram bütün bəşəriyyətin ortaq tarixi, ortaq keçmişi və ortaq dəyəridir.