Nəriman Nərimanov
20-ci əsrdə Azərbaycanda çox inqilabçının xatirəsini əbədiləşdirmişik. Heykəllərini ucaltmış, adlarına metrostansiyalar, rayon və şəhərlər, küçə və prospektlər, orta və ali məktəblər, saraylar, mədəniyyət evləri vermişik. Necə də vermişiksə, müstəqillik qazandıqdan sonra hamısını da bir-bir geri aldıq. Dəxli yoxdur rusdur, ermənidir, azərbaycanlıdır, yəhudidir, yaxud da gürcü. Əzizbəyovlar, Kirovlar, Şaumyanlar, Fialetovlar, Çaparidzelərin izin artıq itirmişik. Tarixçi deyiləm. Ona görə də dərinə getmək istəmirəm. Yəqin günahları olub ki, bu addımlar atılıb. Amma birindən başqa.
Nəriman Nərimanovun heykəli də durur, adına metrostansiya, rayon da var, küçə də. Lap Tibb Universitetini də hərdən çaşıb əvvəlki illərdəki kimi onun adıyla çağırırlar. Sovet vaxtı fəxr edirdik ki, Kreml divarlarında uyuyan yeganə azərbaycanlıdır Nəriman Nərimanov. Haqqında bədii film də çəkilib. Neçə-neçə alim onun fəaliyyətindən namizədlik, doktorluq dissertasiyası müdafiə edib. Oğlu böyük şəxsiyyət olmasa da Nəriman Nərimanova görə Bakıda Nəcəf Nərimanov küçəsi də var. Deməli böyük, ağıllı adamdır ki, onun xatirəsinə onda da, indi də böyük hörmət və ehtiram göstərilir.
Sovet vaxtı küçə və meydanlarımızı böyük adamların sözləri, müdrik fikirləri bəzəyirdi. Uşaq yaddaşımda Nərimanovun yalnız bircə sözü qalıb. Soruşacaqsınız ki, niyə məhz bircə fikri? Çünki onun məhz bu fikri o vaxtın təbliğatına uyğun gəlirdi: “Azərbaycanın əbədi səadəti Rusiya ilə bağlıdır”.
Nazim Hikmət
Bir Türk şairi vardı. Nazim Hikmət. Kommunist idi. Türkiyədə kommunist fəaliyyətinə görə dəfələrlə həbs etmişdilər. Sovet İttifaqına qaçmış, ömrünün axırına qədər də orda yaşamışdı. Qəbri də Moskvadadır. Sadə dildə desək SSRİ, Rusiya həmişə onu himayə edib, qoruyub. Ölümün pəncəsindən qurtarıb. Onun da gözəl bir fikri var. Şeirlə ifadə edib:
Məni Şimala aparmayın,
ölmək istəmirəm.
Məni Cənuba aparmayın,
ölmək istəmirəm.
Məni Qərbə aparmayın,
ölmək istəmirəm.
Məni Şərqə aparmayın,
ölmək istəmirəm.
Məni burda qoymayın,
ölmək istəmirəm...
Akif Məlikov, Tofiq Abbasov, Rəhman Hacıyev, Həmid Həmidov
Dünən bir qrup ziyalının prezidentə Açıq məktubunu oxudum. Belə başa düşdüm ki, Avropaya – “Şərq əməkdaşlığı”na qarşıdırlar və bu fikirlərini əsaslandırmağa çalışıblar. İndi müxtəlif dövrlərin yetirmələri olan bu insanların üç fikri beynimi qazır. Görəsən hansı düz deyir?
Nəriman Nərimanova qulaq assaq “Avrasiya İttifaqına” qoşulmalıyıq, Nazim Hikmətin poeziyasına uysaq, yaşamağa dəyməz – istəsək də istəməsək də o dünyaya köçməliyik. Axırıncı dörd nəfərə qulaq assaq, bircə söz deməliyik: “Allah Nəriman Nərimanova rəhmət eləsin!”.