Modern.az

ZƏ(r)İF ÇƏRŞƏNBƏ

ZƏ(r)İF ÇƏRŞƏNBƏ

Ölkə

20 May 2010, 11:41

Türkiyənin tanınmış jurnalistlərindən Mehmet Ali Birandın hələ aprelin ikinci ongunluyündə işıq üzü görən “Türkiye çırpınıyor Azeriler ise hiç oralı değiller” başlıqlı yazısına bir çox Azərbaycan jurnalistləri kimi mən də cavab yazmışdım. Həmin cavabı həm mətbuatda dərc etmiş, həm də Birandın e-poçtuna ünvanlamışdım. Birandın Azərbaycanı qınayaraq və ittiham edərək yazdıqlarını mən bir gün əvvəl “Özümüzü bu qədər kiçiltməyək” başlıqlı yazımda (www.modern.az) tamam fərqli müstəvidə yanaşmışdım.

Etiraf edək ki, Birandın yazısı ilə bağlı Azərbaycan bir az da olsa silkələndi. Lakin həmin yazıdan tam bir ay sonra Birandın ANS-də görünməsi məni çox sevindirdi. Düşünürdüm ki, istedalı xanım jurnalistlərimizdən hesab etdiyim Sevil Nuriyevanın müəlliflik etdiyi “Zərif Çərşənbə” proqramına qatılan Birand yəqin ki, Azərbaycanla bağlı açıqlamalarına aydınlıq gətirəcək. Birand aydınlıq gətirməsəydi belə, S.Nuriyevanın onu buna məcbur edəcəyinə çox inanırdım. Amma təəssüf ki, S.Nuriyevanın sonuncu “ZƏRİF ÇƏRŞƏNBƏ”si məndə “ZƏİF ÇƏRŞƏNBƏ” təəssüratından başqa heç nə yaratmadı. 

Proqram boyu bir çox məsələlər açıq qaldı. Sanki Birandı hesab verməyə deyil, hansısa bir sponsor barədə məlumatlandırmağa dəvət etmişdilər. Sizcə minlərlə tamaşaçının gözlədiyi o anları heçə endirməyə dəyərdimi?

Etiraf edim ki, mən ötən “ZƏ(r)İF ÇƏRŞƏNBƏ”də Azərbaycan jurnalistikasının S.Nuriyevanın timsalında nə qədər zəif və bərbad vəziyyətə düşdüyünün şahidi oldum.  Birand danışır, efirdə onun danışıqları tərcümə edilərək alt yazı kimi verilirdi. Bəs, Sevil Nuriyevaya nə olmuşdu? Açığını deyim ki, bu xanım jurnalist “bozuq tükcəsi” (ifadə Seda Sayanındır) ilə nəyi başa salmağa çalışdığını hələ də anlaya bilmirəm. 

M.A.Birand yazısında olduğu kimi “ZƏ(r)İF ÇƏRŞƏNBƏ”dəki çıxışında da Azərbaycanda bir zamanlar Türk bayraqlarının endirilməsini narahatlıqla ifadə etdi. Amma özünü pofessional adlandıran S.Nuriyeva Birandı heç olmasa “bozuq tükcəsi” ilə də olsa başa sala bilərdi ki, biz o bayraqları dirəklərdə deyil, qəlbimizdə yaşadırıq… Və hər zaman da yaşatmışıq. Bəli, 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar göründü. 1999-cu ildə isə onların şərəfinə Şəhidlər Xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan Türk və Azərbaycanlı əsgər və zabitlərin ruhuna dualar oxuyur.

Onlar nə edir? Ermənistan prezidentinin gözünə girməsin deyə, Azərbaycan bayrağını çöp qutularına atırlar. Azərbaycan hökumətini bayraq məsələsinə görə ittiham etmək qərəzdən başqa bir şey deyildi.  

M.A.Birandın Azərbaycanın soyqırım məsələsində heç bir addım atmaması iddiasına da cavab verilmədi. Yaxşı bəs, bu dörd zərif cinsin zəif nümayəndəsi Türkiyəyə nə üçün getmişdi?

Soyqırımı məsələsində Azərbaycan prezidenti, parlamenti, xaricdəki diasporu, mətbuatı və sadə vətəndaşlarının belə öz etiraz səslərini daim ucaltmalarından niyə danışmadılar? Bu məsələdə hər zaman Türkiyəyə ən böyük dəstəyin elə məhz Azərbaycanın verdiyini niyə anlatmadılar?  Məgər ölkə parlamentində çıxış edən Azərbaycanın millət vəkillərinin az qala ABŞ Konqresi Nümayəndələr Palatasını topa tutmaları uzaq keçmişdə qalıb. Azərbaycanın xaricdəki diaspor təşkilatları həm türklərlə birgə, həm də ayrı-ayrılıqda aksiyalar keçirib, küçələrdən yığışmayıblar. Bunları görməmək mümkündürmü?

M.A.Birandın iddiasından fərqli olaraq, Türkiyə–Ermənistan sınırının açılmasında əngəl olaraq Qarabağ sorunu birinci deyil, sonuncudur. Türkiyə hakimiyyəti əvvəla qətlə yetirilmiş diplomatları, dinc sakinlərinin ruhları qarşısında hesabat verməlidir. Sonra isə ərazi bütövlüyünün Ermənistan tərəfindən hələ də tanınmamasının səbəblərini çözməlidir.

Paşaların (Nuru, Ənvər, Xəlil, Mürsəl) Azərbaycana dəstəyini məmləkətimizdə böyükdən-kiçiyə bilməyən yoxdur. Hələ o zaman Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".

Əlbəttə, bunlar unudulası məqamlar deyil, amma bu iş biz edirik, siz etmirsiniz deməklə də olmaz.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı