Modern.az

Elmi işçilərin intizarında olduğu sənəd - “Elm haqqında” qanunda nələr nəzərdə tutulur? - DEPUTATIN ŞƏRHİ

Elmi işçilərin intizarında olduğu sənəd - “Elm haqqında” qanunda nələr nəzərdə tutulur? - DEPUTATIN ŞƏRHİ

Ölkə

11 Fevral 2014, 09:50

Uzun zamandır ki, müzakirə olunan lakin heç cür qəbul olunmayan “Elm haqqında” qanun layihəsi Milli Məclisin bu yaz sessiyasında müzakirəyə çıxarılacaq. Qanun layihəsi bir sıra dəyişikliklərdən sonra müzakirəyə təqdim olunacaq. Modern.az qanunun bir çoxları üçün maraqlı olacağını nəzərə alıb, layihədə yer alan məsələləri işıqlandırır.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı bildirib ki, “Elm haqqında” qanun elmin inkişafında yeni bir addım olacaq.

“İndiyə qədər ayrıca olaraq, elm sahəsinə aid ayrıca qanun qəbul edilməmişdi. Bu layihə heç şübhəsiz, komitədə geniş müzakirə olunacaq. Məsləhət olarsa, plenar iclasın gündəliyinə tövsiyə ediləcək. Layihədə bütövlükdə Azərbaycan dövlətinin elm siyasətini özündə əks etdirən məsələlər yer alıb. Bu layihədə dövlət siyasətinin əsas prinsipləri, dövlət siyasətinin əsas istiqamətləri, elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət tərəfindən təminat verilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyası, elmi işçilər, onların tutduqları ixtisas səviyyələri , elmi işçinin işə qəbulu, elmi müəssisə və təşkilatlar, Azərbaycan Milli Elmlər Akademiyasında elm, ali təhsil müəssisələri və digər texnoloji müəssisələr, elmi işçilərin ictimai birlikləri və fondlar, elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları, yüksək elmi ixtisaslı kadrların yetişməsi, elmi dərəcələr, dissertasiya şuraları, elmi adlar haqqında dövlət sənədi, elmi fəaliyyət sahəsində dövlətin vəzifələri, elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi işçilərin akkreditasiyası, elmi fəaliyyətin nəticələrindən istifadə edilməsi, elmi etika, intellektual mülkiyyət hüququnun qorunması, elmi işçilərin hüquqları, vəzifələri, onların sosial müdafiəsi məsələləri nəzərdə tutulur”.

Qanun layihəsində elmi fəaliyyətin və elmi işçilərin fəaliyyətinin stimullaşdırılması məsələsinə toxunulduğunu deyən millət vəkili sənəd qəbul edildikdən sonra elmi işçilərin sosial müdafiəsi sahəsində ciddi dəyişikliklər olacağını da vurğulayıb. Onun sözlərinə görə, layihədə elm və elmi pedaqoji fəaliyyətlə məşğul olmasından asılı olmayaraq, fəlsəfə və elmlər doktorlarına elmi dərəcəyə görə əlavələr müvafiq əmək haqqının 3 və ya 5 misli həcmindən az olmayaraq, sonrakı artımlar ödəniləcək. Bundan başqa, Akademiyanın həqiqi və müxbir üzvlərinə yaşa görə əmək pensiyasının məbləği orta aylıq əmək haqqının 80 faiz miqdarında, orta aylıq əmək haqqındakı sonrakı artımları da nəzərə alınmaqla təyin edilməsi nəzərdə tutulur.

“Bu sənəddə nəzərdə tutulur ki, Akademiyanın həqiqi və müxbir üzvü vəfat etdikdə, onun ailə başçısı əmək pensiyası almaq hüququna nail olur. Həmin şəxsə orta əməkhaqqının 80 faizi məbləğində pensiya təyin edilməsi nəzərdə tutulur”, – deyə deputat qeyd edib.


Alimlərin mənzil məsələsinin də yer aldığı qanun layihəsində gənc alimlərə mənzillərin verilməsi, torpaq sahələri ilə təmin edilmələri kimi məsələlər də öz əksini tapıb.

“Belə ki, dövlət mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan elmi işçilərin, gənc alimlərin növbəsiz mənzillə təmin olunması üçün şərait yaradacaq, onlara güzəştli sosial ipoteka kreditlərinin verilməsinə təminat verəcək. Dövlət yaşayış sahəsi olmayan gənc alim və istedadlı işçilərə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada pulsuz torpaq sahəsi ayrılmasını təmin edəcək. Elmi işçilər qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli kreditlə götürmək və qrantlar almaq hüququna malik olacaqlar. Qanun qəbul olunduqdan sonra elmi işçilərə qanunvericiliklə müəyyən edilmiş 1 il müddətinə elmi-yaradıcılıq məzuniyyəti veriləcək. Elmi müəssisə və təşkilatlar büdcədənkənar vəsaitləri hesabına elmi və digər işlər üçün sosial təminatlar müəyyən edə biləcəklər. Bu çox ciddi qanun layihəsi olacaq. Geniş müzakirədən keçirilməsinə ehtiyac var. Odur ki, qanun layihəsinin qəbulundan sonra elmimizin inkişafında yeni mərhələ açılacağına, elmlərimizin sosial vəziyyətinin yaxşılaşacağına, beynəlxalq aləmə çıxacağına ümid edirəm”, – deyə M.Qasımlı bildirib.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı