Modern.az

“Taqsır bizim Hacıbaladadır!”

“Taqsır bizim Hacıbaladadır!”

Ölkə

11 Fevral 2014, 18:13

Avtobusda gedirəm. İki  qadın – biri yaşlı, biri gəlin - söhbət edirlər. Gəlin deyir:

- Bir ildən çoxdur ki, Metropoliten “Memar Əcəmi-2” stansiyası tikir. “Papanin”  bağlanıb. Yollarda tıxac artıb.

- Ağez, nə metropoliten, metropoliten  salmısan. Taqsır bizim  bu Hacıbaladadır.

- İki ildən çoxdur ki, Nəqliyyat Nazirliyi “3-cü Mikrorayon bazarı”nın qabağındakı küçəni bağlayıb. Tunel-körpü tikir. Nə gecəmiz var, nə gündüzümüz. Tıxac əlindən  tərpənmək olmur. Palçıq içində batırıq.

- Ağez, nə Nəqliyyat Nazirliyi, nə yol tikinti? Taqsır bizim bu Hacıbaladadır.

- Bir bax. “Azərsu” yenə də küçələri qaza-qaza gedir. Dəmir turbaları çıxarır, plastik turbalar basdırır. O küçəni bağlayır, bu  birini açır. Oranı qazır, buranı qazır. Sudan sonra da yəqin başlayacaqlar  kanalizasiya xətlərini dəyişməyə. Deyən lazım ki, ay “Azərsu”,  kanalizasiya, su pulunu bir yerdə yığırsan, turbasın da bir yerdə dəyiş də...

- Ağez, “Azərsu” kimdir e? Taqsır bizim bu Hacıbaladadır.

- Ay başına dönüm, uşaq gedən məktəbi təmirə bağlayıblar. Qışın bu günündə də təmir olar? Yayı gözləyin də. Uşaqlar tətilə çıxsın, nə edirsiniz edin. Qalmışıq yollarda. Bu Bakı Təhsil İdarəsi hara baxır?

- Ağez, Bakı Təhsil idarəsi kimdir e? Taqsır bizim bu Hacıbaladadır.

- Aaaa. Bura bax e. 25-30 tonluq tireylerləri kim buraxıb şəhərə. Bu QAİ, gömrük  hara baxır? Yol örtüyünü, lyukları sıradan çıxara-çıxara gedirlər.

- Ağez, QAİ kimdir? Taqsır bizim bu Hacıbaladadır.

    
Bu an sürücü başqa avtobusla ötüşməyə çıxır.

- Ay qardaş, avtobus sürürsən e, araba yox. Kartoşka-zad daşımırsan.  İndi 20 qəpik artıq qazanacaqsan deyə, bizi qırdıracaqsan?  Sizin yiyəniz yoxdur? Nəqliyyat Nazirliyi hara baxır e? Hər addımbaşı da “Sərnişinnəqliyyat”ın müfəttişləri düzülüb sıraya.

- Ağez, hansı  Nəqliyyat Nazirliyi, nə “Sərnişinnəqliyyat”?  Taqsır bizim bu Hacıbaladadır.

- Səhər metroda yenə  işığı söndürmüşdülər. Qalmışdıq tuneldə. Bu “Azəreneji” də lap ağ eləyib. Həftə ssəkkiz mən doqquz bir oyun çıxarır.

- Onu sənə kim dedi. Taqsır bizim bu Hacıbaladadır.

- Yenə də küçələrdə iki sıra maşın dayandırıb yolları bağlayıblar. Balam yeraltı dayanacaqlar yoxdur? Əvvəllər yox idi, başa düşürdük. İndi ki, var. Gedin saxlayın da. Nə vaxtacan belə davam edəcək? Bu sürücülər də qəribə millətdirlər e? Evakuatorların planın doldururlar, amma dayanacağa enmirlər.

- Nə sürücü? Sürücülərdə taqsır var? Taqsır bizim bu Hacıbaladadır.

- Gör nə gözəl yollar çəkiblər? Şüşə kimidir. Lyukları da təzələyiblər. Üstündən keçəndə bir qram da hiss olunmur.

- Guya ki, yaxşı iş görüblər? Əvvəllər lyuklar yamadan fərqlənmirdi, asfalt da ki,  bərbad vəziyyətdə. Şoferlər də maşınları sınmasın deyə yavaş sürürdülər, lyukları saya-saya gedirdilər.  İndi otururlar maşına, basırlar qazı. Orda adam basırlar, burda bir-birinə girirlər. Sizə deyən var idi ki, yolları düzəldin? Gül kimi yaşayırdıq da.  Taqsır bizim bu Hacıbaladadır.

- O gün qonşunun suyu partlayıb. Bütün evimi su basıb. Deyir ki, neyləyim. Suyun təzyiqi çoxdur da. Smestitellər dözmür.

- Düz deyir. Suyu da daimi verərlər? Heyf deyildi əvvəllər. Üç saat gələndə sevinirdik. İndi gecə-gündüz su gəlir. Kranlar neyləsin? Taqsır  bizim bu Hacıbaladadır.

- Həyətimizdəki zibillliyi, sağ olsunlar, vaxtlı-vaxtında təmizləyirlər.

- Ağez, elə bilirsən təmizləyirlər, yaxşı iş görürlər? Aparıb tökürlər Balaxanının çölünə. Onlar da yandırıb tüstüsünü buraxırlar havaya. Ekologiya da başlayır çirklənməyə. Boğula-boğula qalmışıq. Təmizləməsələr ekologiya da çirklənməz. Bütün taqsır bizim  bu Hacıbaladadır.

- İndi də sağolsunlar, yeni liftlər quraşdırırlar.

- Demə, bacı, demə. Əvvəllər işləmirdi, baş-beynimiz sakit idi. Özümüz də qıvraq idik. İndi lift işləyəni dizlərimiz də tutulub, özümüz də halsızlaşmışıq. Gül kimi məcburi  idman edirdik də. Hardan  lift dəyişdirmək gəldi bunların ağlına.  Bütün taqsırlar bizim bu Hacıbaladadır.

- Nə isə mən çatdım. Hava da yaman tutulub. Deyəsən yağış yağacaq. Amma, sən Allah, day demə ki, buna da səbəbkar Hacıbaladır.

- Ağez, xətrimə dəyirsən. Bura Bakıdır. Mən Bakıda ondan başqasını tanımıram. Dilimizin əzbəridir.  Bakıya yağış yox e... lap qar yağsın, taqsır elə Hacıbaladadır ki, Hacıbalada...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı