
“Kənd Təsərrüfatında bu saat müəyyən çətinliklər var. Biz sadəcə problemi qaldıra bilirik. Kreditlərin uzunmüddətli verilməsi əksərən təmin olunmur”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası baş katibinin müavini Mehman Mehmanov prezident İlham Əliyevin kənd təsərüfatı sahəsində investisiyalarla bağlı ciddi problemlərin olması barədə tənqidinə münasibət bildirərkən deyib.
M.Mehmanovun sözlərinə görə, subsidiyaların verilməsi ilə bağlı onlar yalnız məsələ qaldıra bilərlər.
“Bunu icra etmək təbii ki, hökumət orqanlarından asılıdır. Kənd təsərrüfatının problemlərinin qabardılmasına yönəlik bir sıra addımlar atmaq lazımdır”.
“Qusarda alma, Göyçayda xurma çürüyür”
Konfedrasiya rəsmisi qeyd edib ki, fermerler məhsul istehsal etsə də, onu satışa çıxara bilmir.
“Qusarda almalar, Göyçayda xurmalar çürüyür, insanlara nə qədər ziyan dəyir. Zərər görmüş sahibkar gələn il kənddə qalmır. Varını- yoxunu yığıb paytaxta üz tutur, kirayə ev tutub burda pul qazanmağa gəlir. Bu, böyük bir problemdir. Kənd təsərrüfatında istehsal olunan məhsulun nəticəsinə maraq yaratmaq lazımdır”-deyə M.Mehmanov bildirib.
Onun sözlərinə görə, əvvəllər dövlət orqanları məhsulun tədarükünü, xaricdə satışını təmin edirdi.
“İndi belə bir xidmət yoxdur. Əkib-becərən adam onu sata bilmir”.
“Bazarlarda mafiya oturub”
M.Mehmanov kəndlilərin bazarlara buraxılmadığını deyib.
“Bazarlarda mafiya oturub. Onlar həmin məhsulu kəndçidən qəbul etmir. İstehsalçı məcbur olub məhsulu qiymətindən ucuz satır. Ortada dəllallar, alverçilər qazanır”.
Konfederasiya rəsmisi bildirib ki, bu gün fermer çəkdiyi əziyyətinin nəticəsini görə bilmir.
“Nə qədər ki, insanlar şəhərə qaçacaq, kəndlər də boşalacaq, kənd təsərrüfatı da acınacaqlı vəziyyətdə olacaq”.
M.Mehmanov bildirib ki, kənd təsərrüfatında inkişafın strateji məqsəd elan olunduğuna dair prezidentin imzaladığı sənəd var: “Bunun üçün güzəştli kreditlər verilməlidir”.
”Biz xaricdən sahibkarlara partnyorlar tapırıq”
Konfederasiya sahibkarların problemini hökumət qarşısında qaldırır. “Onların həllinə kömək edirik. Məsələn “Quşçular” Assosiasiyasının müəyyən problemləri vardı. Konfederasiyanın sədri Məmməd Musayev baş nazirin qarşısında vəsatət qaldırdı. Biz xaricdən sahibkarlara partnyorlar tapırıq. Onların ixrac olunan məhsullarının alışını təmin edirik. Həmçinin maarifləndirici, öyrədici treninqlər, seminarlar keçiririk”.
Gülşən Raufqızı