
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında bu dəfə sizə kiminsə fotosunu deyil, gördüyünüz əlyazma şəklini təqdim edirik. Vətən uğrunda döyüşmək, onun torpaqlarını göz bəbəyi kimi qorumaq bu torpaqda yaşayan hər kəsin şərəf borcudur. 20 il əvvəl Qarabağda qanlı döyüşlərə gedən azərbyacanlı gənclər üçün din də, vətən də, sevgi də eyni “kasa”da idi. Heç kim “din ayrı, vətən ayrı” demirdi... Elə müqəddəs yazılar da “vətəni sevmək imandadnır” deyir...
Son aylarda Qarabağ qazisinin özünü yandırması və Suriyada döyüşən gənclər məsələsi ən çox müzakirə edilən mövzu omaqla sovet ateziminin “letargiya yuxusu”nda uyuyan cəmiyyət üçün soyuq düş effekti yaratdı.
“Öncə vətən”mi, yoxsa “müqəddəs cihad” uğrunda döyüşmü? Hamletsayağı qoyulan bu sualın cavabı əslində çox sadədir: Vətən və iman bir-birindən ayrı tutula bilməz...
Təqdim etdiyimiz bu əlyazma şəkli Azərbayacanda əksəriyyətin müəyyən bir ironiya və bədbinliklə baxıdğı vətənpərvlik anlayışını açmaq üçün kod saymaq olar...
Tarix 1992-ci il... Azərbaycanın Qobustan rayonunda orta məktəblərdən birinin 9-cu sinfində oxuyan 11 yeniyetmə könüllü olaraq Qarabağa döyüşə getmək üçün Müdafiə Nazirliyinə ərziə yazıb.
O uşaqlar indi bəlkə də atəşkəs dövürünün onların tale payına yazdığı ömrü yaşayırlar: Kimi oxuyub elm dalınca gedib, kimi bazarda alver edir, kimi də bəlkə hərbçidir... Amma o dövrdə cəmi 14 yaşlı uşaqların vətən sevgisi indiki nəsil üçün rekviyemdir...
Müdafiə Nazirliyinin rəsmi cavabı da var: Bu cavab indi bəsit görünə bilər. Amma o cümlələrdə inam və gələcək nəsil üçün bir məsuliyyət notu var.
“Əziz uşaqlar! Biz sizin vətənpərvərlik hisslərinizə inanırıq. Sizin kimi oğullarımızla fəxr edirik. Xalqımızın bu ağır günündə heç kim haqq mübarizəmizdən kənarda dayanmamalıdır. Hamılıqla müqəddəs torpaqlarımızı müdafiə etməliyik. Lakin siz təhsilinizi davam etdirməlisiniz, məktəbi başa vurmalısınız. Çünki həm xalqımızı, həm də elə torpaqlarımızı qorumağa qadir olacaq Azərbaycan Ordusunun sabahı savadlı, bacarıqlı gənclər olmadan mümkün deyil. Təki Sizin bu təşəbbüsünüz xidmətdən və torpaqlarımızın müdafiəsindən yayınan yurddaşlarımız üçün ibrət olaydı, onları da ön cəbhələrə səsləyəydi”.
Vətən uğrunda döyüşmək üçün hər zaman əsgərə ehtiyac var. İmanı və vətən sevgisi bir-birini tamamlayan əsgərə..

X.SƏFƏROĞLU