(İçsəs)
Zaman – əbədiyyətin gerçəkliyidir.
***
Gerçəklik – həm olaydır, həm zamandır, həm məkandır.
***
Olaylar yaranır – zaman başlayır, olaylar yox olur – zaman bitir.
***
Zamanı yalnız düşüncədə geri qaytarmaq olur.
***
Zaman axır, itir, əldən çıxır – əbədiyyət gerçəkliyi, insanı nəzərə almır.
***
İnsan özü də zaman yaradır – zamanı saxlamaq istəyir.
***
Salınan şəhərlər, kəndlər, gedilən yollar, deyilən sözlər, yazılan şeirlər, qoşulan mahnılar, çəkilən filmlər... hamısı –zamanı saxlamaq, ona yenidən qayıtmaq imkanıdır.
***
İnsan idrakı ilə yaradılan hər şey – zamandır, zamanı qoruyub saxlamaq istəyidir.
***
Hər bir insan – bir zamandır.
***
Olayların yenilənməsi – zamanın yenilənməsidir.
***
Dünyada nə qədər olay, varlıq varsa, hamısı – zamandır.
***
Yaranan, yaradılan nə varsa – zamandır.
***
Doğulub-ölən, yaradılıb-dağıdılan nə varsa – zamandır.
***
Gördüyümüz-görmədiyimiz, duyduğumuz-duymadığımız, bildiyimiz-bilmədiyimiz hər şey – Yer də, Göy də, bir damcı su da – zamandır.
***
Əbədiyyət – zamanlar çeşididir.
***
Gerçəklik – olaylar çeşidi, fərqi, bolluğu olduğu kimi, həm də zamanlar çeşidi, fərqi, bolluğudur.
***
Bir olaydan başqa olaylar yarandığı kimi, bir zamandan başqa zamanlar da yaranır.
***
Olaylar dəyişir, ona görə zaman da dəyişir. Olaylar dəyişmsə, zaman dəyişməz.
***
Zamanın tələbi, hökmü – insanın tələbi, hökmüdür.
***
İnsanın yaratdığı zamanlar – varlığı insan idrakından asılı olan olaylardır.
***
İnsandan asılı olmayan zamanlar – varlığı insan idrakından asılı olmayan olaylardır.
***
Olaylar bir-birindən asılı olduğu kimi, zamanlar da bir-birindən asılıdır.
***
Gerçəklik iç-içə olaylar, iç-içə zamanlar birliyidir.
***
Vahid zaman – yoxdur. Gerçəklik – çeşidli, sonsuz olaylar birliyidir. Ona görə çeşidli zamanlar birliyidir.
***
Dünyada ən böyük zaman – dünyanın özüdür.
***
Zaman nisbidir – ona görə insan onu istənilən yerdən, olaydan başlaya bilir.