Bu sual çox mübahisə predmetinə çevrilib. Çoxları bu sualı müxtəlif cür, özünəməxsus tərzdə cavablandırıb. Bütün cavablarda isə dolayısıyla ortaq qənaət var; Zövqlər mühakimə olunmur. Əslində, bu yanlış yanaşmadır, mövzudan boyun qaçırma vasitəsidir. Zövq doğuluşdan formalaşmır. Formalaşması üçün uzun zaman gərəkdir. Zövqün formalaşmasında əsas rolu fərdin əhatə olunduğu mühit və bu mühitin ona etdiyi şüuraltı təsir oynayır. Belə bir məsəl var:Aşıq gördüyünü çağırar.
XXI əsrin əvvəli Azərbaycan incəsənətinə susqunluq dövrü kimi öz damğasını vurmaqdadır. Bu incəsənətin bütün sahələrində olduğu kimi, musiqidə, daha pis formada isə ifaçılıq sənətində özünü göstərir. Bunun da obyektiv səbəbləri var. Əvvəla ona görə ki, Azərbaycan cəmiyyətində maariflənmə qıtlığı var. Nə qədər sərt olsa da deyim ki, kitab fobiyası hökm sürür. Estetik ideyalar məcmusu olan incəsənətə yanaşma üçün mütləq intellektual səviyyə və bundan irəli gələn yüksək ideyalar tələb olunur. İstər istehsalçı, istərsə də istehlakçı nöqteyi-nəzərindən. Doxsanıncı illərin əvvəlindən başlayan kütləvi savadsızlıq öz təsirini incəsənətdə də buraxıb. Keyfiyətli bəstəkarlar barmaqla sayılacaq qədər azdır. Eləcə də nəğməkar şairlərin şerləri bəsitdir. İfaçılardan isə danışmasaq yaxşıdır. Bunun nəticəsidir ki, Azərbaycan ifaçılıq sənəti estafeti incəsənətlə yaxından-uzaqdan əlaqəsi olmayan, bunun üçün heç bir parametrə uyğun gəlməyən şəxslərə verib.
Millilik ifrat təbliğ olunur. Muğam, meyxana hegemoniyası hakim kəsilib. Bir növ zövqün fövqündə dayanır. İncəsənətin inkişafı üçün onun novator meyllərə ehtiyacı var. Bu novatorluq beynəlmiləlliklə, inteqrativ meyllərlə tənzimlənməlidir. Daha fatalizm aşılayan konervativ meyllərlə yox.
Haqqında bəhs etdiyimiz novatorluq özünü eybəcər formada meyxanada, muğamda göstərir. Bir vaxtlar kiçik çevrədə keçərli olan meyxana artıq musiqiyə ayaq açıb. Muğam toylarda popuri halına gətirilib (Popuri sözünün hərfi mənası "həftəbecər" deməkdir). Zövqsüzlüyün yaranmasında əsas səbəb də məhz budur. Yatmış, savadsız gəncliyin zövqünü təbii ki, ancaq mərsiyəyəbənzər fatalist ifalar oxşaya bilər. Cahil insan bəllidir ki, rok və cazı dəlilik kimi görəcək, estrada və popa absurd mental dəyərlərlə yanaşacaq. Belə olan halda isə onun zövqünü kor-koranə şəkildə sürünün arxasınca gedib dinlədiyi, çox vaxt dərk etməkdə belə, çətinlik çəkdiyi musiqilər müəyyənləşdirəcək. Yetər ki, ifada ağlaşma, mərsiyə çalarları olsun. Heç sözlərin də bir o qədər önəmi yoxdur.
Artıq neçə vaxtdır ki, yuxusuzluqdan əziyyət çəkirəm. Belə hallarda adətən, ciddiliyinə güvəndiyim saytlarda eyni keyfiyyəti şamil etdiyim yazarların analitik yazılarını oxuyuram. Saytların birinin videoarxivinə nəzər yetirirdim ki, qarşıma bir neçə ay öncə özəl telekanalların birində yayımlanan veriliş çıxdı. Düzü, ölkə televiziyaları ilə bir o qədər də aram yoxdur. Qonaqlar arasında imzasına rəğbət bəslədiyim Murad Köhnəqalanı gördükdə ən azından maraqlı diskussiya keçəcəyini zənn edib, sonadək verilişi izləmək qərarına gəldim. Digər qonaqlar isə özünü mühafizəkar sənət fədaisi adlandırsa da, sadəcə emosiyalarının qurbanı olan Əli Mirəliyev və Azərbaycan gəncliyinin böyük hissəsinin rəğbətini qazanmış, onların sevə-sevə dinlədiyi Balabəy və Mürsəl idi. İlk baxışdan söhbət aşırı paradoks vəd edirdi. Bayağı, jarqon ifadələrlə zəngin, 6/8 ritmindən kənara çıxmayan musiqiləri, qafiyə xatirinə, nirvana halında olanların halına uyğun biçilmiş sözləri ilə cəmiyyətin cahil hissəsinin zövqünü müəyyənləşdirən Balabəy və Mürsəl, yeri gəldi-gəlmədi əks fikirli "opponent" olan Əli Mirəliyevlə müqayisədə, Murad Köhnəqalanın yanaşması tam fərqli, geniş aspektdən idi. Açığı, bu tip qonaq seçimi televiziyanın reytinqi üçün vacibdir. Ona görə ki, istənilən dünyagörüşünə malik təbəqənin marağına səbəb olur. Verilişin sonlarına yaxın Əli Mirəliyevə cavab olaraq, Balabəy özünəməxsus "fəlsəfi" sitat gətirdi; İnsan qabağı, sağı və solu görür, arxanı yox. Bu o demək deyil ki, o arxanı görə bilməz. Bunun üçün arxaya dönmək lazımdır.
Hörmətli Balabəy bəy, uzağa getmək lazım deyil. Elə özünüzə baxıb, sual verin, mən doğrumu edirəm, vəziyyətdən sui-istifadə edib, yıxılana balta vurmaqla? Ancaq xahiş, hətta rica edirəm vicdanınızın səsinə qulaq asın cavabınızda. Bu xalq onsuz da zövqsüzlük burulğanına düşüb. Nəzərə alın ki, sizi dinləyənlərin zövqü bir yana, amalı yox olma təhlükəsi ilə üz-üzədir.
Fransız rəssamı, impressionizm cərəyanının ən görkəmli nümayəndələrindən biri Pyer Ogüst Renuarın təbirincə desək; Zövqümüz və məqsədimiz yoxdursa, yaşamağın mənası da yoxdur.