Modern.az

Bir şəklin tarixçəsi: Vəhdət Sultanzadə Barış Mançonun vizasını bir günə necə verdi?

Bir şəklin tarixçəsi: Vəhdət Sultanzadə Barış Mançonun vizasını bir günə necə verdi?

Reportaj

31 Avqust 2026, 20:06

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti maraqlı təqdimat edir.

Zaman 1990-cı ilin yayı… Məkan İstanbulun Beyoğlu ilçəsi, SSRİ-nin Baş Konsulluğu.

Şəkildəkilər soldan sağa: Azərbaycanlı jurnalist İbrahim Nəbioğlu, türkiyəli televiziya prodüseri və rejissoru Erkmen Sağlam, SSRİ-nin Türkiyə Respublikasındakı azərbaycanlı konsulu Vəhdət Sultanzadə və Türkiyənin məşhur müğənnisi Barış Mançonun köməkçisi…

Fotonun tarixçəsi barədə İbrahim Nəbioğlu danışıb:

“Hələ heç 30 yaşım olmamışdı. İstanbuldakı bütün qəzet sahiblərini, baş redaktorları və çox sayda fərqli-fərqli adamlar tanıyırdım, hər yerdə dostum, tanışım vardı. Ancaq gənc və təcrübəsiz idim, hamıya inanırdım.

Bu fotonun çəkildiyi tarixdən bir gün əvvəl mərhum prezident Turqut Özalın oğlu Ahmet Özalla İstanbulun Anadolu yaxasındakı Maçka səmtində Barış Mançonun evində həyat yoldaşı Lalə xanımın dəmlədiyi çayı içirdik. Barış Manço və onun çəkiliş qrupuna 1 gün içində Sovet vizası almaq lazım idi. Ancaq bu, mümkün olan iş deyildi - ruslar bir günə 7-8 nəfərə vizanı həyatda verməzdilər. Sovet İttifaqının İstanbuldakı Baş konsulluğunun əməkadaşı, tanınmış diplomat Vəhdət Sultanzadə ilə çox yaxın idim. Ertəsi gün Barış Mançonun çocuqluq arkadaşı və silahdaşı, TV proqramçısı və prodüseri Erkmen Sağlamla Beyoğludakı tarixi Baş konsulluq binasının dəmir darvazasının girişinə yaxınlaşdıq. Düşünürdük ki, sənədləri verib gedək.

İçəridən mühafizəyə zəng edib bizim hamımızı konsulluq şöbəsinə dəvət etdilər. Vəhdət bəy qapıda bizi qarşılayıb çay otağına apardı. Əlimdə bir banka mürəbbə vardı. Vəhdət bəyin azərbaycanlı olduğunu biləndə Lalə xanım ona öz deyimi ilə "murabba" göndərmişdi. Vəhdət bəy təşəkkür edib mürəbbəni götürmədi, “ailəm Moskvadadır, payızda gələcək, apar çayla özün içərsən” dedi. Bir az söhbət edib qalxmaq istəyirdik ki, Vəhdət bəy otaqdan çıxıb bir dəqiqə sonra əlində qovluqla qayıtdı - vizalar hazırdı. Erkmen bey gözlərinə inanmırdı. Mən artıq bir qəhrəmandım onların gözündə...

İllər sonra Barış Manço bizim əfsanəvi televizyonçumuz, əziz Etibar Babayevin dəvətilə Bakıya "7-dən 77-yə" proqramının çəkilişlərinə gələndə kameraları çalışmadı. O vaxt Bakıda “Betacam” kamerası ancaq mənim rəhbərlik etdiyim studiyada vardı. Və mən kameranı heç düşünmədən öz operatorumla Barış Mançoya verdim. Proqram çəkilişi bitdi və 2 gün sonra bütün qrup Türkiyəyə qayıtdı.

Ertəsi gün operatorumuz Suad əlində bir zərflə yanıma gəldi. Zərfin içində Barış Mançonun şirkətinin rəsmi qəbzi və 770 alman markı vardı. “Niyə 770, niyə 800 deyil” soruşanda Suad "Abi, Barış bəy cibində nə vardısa hamısını çıxarıb bizə verdi" dedi. Çalışan uşaqların 4 aylıq maaşı və xərclərimiz çıxmışdı. Sabaha baxırdıq və ümidli idik, elə bilirdik ki, sürəkli Günəş olacaq...

P.S. Fotonu o vaxt fotomüxbir işləyən, bu gün isə Türkiyənin tanınmış qəzetçisi və televizyonçularından biri, “Habertürk” yazarı, "Airport" proqramının prodüseri və aparıcısı, 30 illik dostum Güntay Şimşek çəkib. O gün orada necə peydahlandığını xatırlamıram. Fotonu da orda ayaqüstü lentə alıb. Lalə xanımın "murabbası" Güntaya nəsib oldu... Güntay 30 il sonra arxivini təsnif edərkən bu fotonu tapıb mənə göndərməklə ikimizi də o gözəl zamanlara apardı...”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...