Modern.az

Şuşalı köçkün: “20 ildən artıqdır ki, məcburən Bakının havasını uduram” - MÜSAHİBƏ

Şuşalı köçkün: “20 ildən artıqdır ki, məcburən Bakının havasını uduram” - MÜSAHİBƏ

Ölkə

8 May 2014, 10:25

Bu gün Şuşanın işğalından 22 il ötür. Biz hələ də Şuşasız yaşamağa məhkumuq. Dəyişən zamanın sağalmaz Şuşa yarasına tamaşa etmək isə çətindir. Amma insanın daxilindəki inam hissi əbədi olaraq ölmür. O səbəbdən də Şuşanın işğaldan azad olunacağına hər zaman ümid var.

Şuşanın növbəti işğal tarixi günündə bir şuşalının evində qonaq olduq. Beləliklə, Modern.az saytı məcburi köçkün həyatı yaşayan əslən Şuşadan olan Solmaz Quliyeva ilə müsahibəni təqdim edir.

– Sizinlə Şuşanın işğal tarixində görüşürük. Çətin də olsa soruşmalıyam: Şuşanı necə xatırlayırsınız?

– Şuşa o qədər gözəl, səfalı yer idi ki, onu xatırlamamaq qeyri-mümkündür. Yaz gələndə Şuşa bir cür xatırlanır. Şuşanın axşamları fərqli olduğundan axşamlar bir cür xatırlanır. Mətbəxə girəndə Şuşanın zəngin mətbəxi yadıma düşür. Ümumiyyətlə, elə bilirəm ki, Şuşanın işğalından əsrlər keçib. Bizim ailədə Şuşa haqqında çox danışılır. Nəvəm deyir ki, nənə, uşaq olanda sən Şuşadan çox danışmısan. İndi böyük oğlanam. 18 yaşım var. Bəs Şuşanı nə vaxt görəcəm?! Cavab verə bilmədiyimə görə pis oluram.

– Şuşanın işğalına qədər ermənilərlə bir ərazidə yaşamısınız. Qarabağ hərəkatı başlamamışdan əvvəl ermənilər azərbaycanlılara qarşı hansısa çirkli işlər həyata keçirirdilərmi?

– Ailəmiz bəlkə də Şuşada ilk erməni qəddarlığının qurbanı olanlardandır. Mən ziyalı ailəsində doğulmuşam. Atam Şuşada sayılan adamlardan olub. Həmişə rəhbər vəzifələrdə çalışıb. Gəncliyinin 5 ilini Böyük Vətən müharibəsində keçirib. Meşə təsərrüfatının rəisi işlədiyi vaxt atamın böyrəyindən ağrı tutur. Mən də həmin vaxt Şuşada bir nömrəli orta məktəbdə müəllimə işləyirdim. Atamın halının yaxşı olmadığı xəbərini aldım. Onu əməliyyat etmək üçün Xankəndinə apardılar. Əməliyyatı edən Quqasyan adlı erməni həkim idi. Atamı səhər sağlam yola salsaq da, axşam ölüm xəbərini aldıq. Halbuki həmin əməliyyat qorxulu deyildi.

– Azərbaycalılara qarşı həyata keçirilən qəsdlərə necə reaksiya verirdiniz? Müraciət etdiyiniz yerlər olurdumu?

– Hərəkat başlamamışdan əvvəl hər gün bir azərbaycanlı öldürülürdü. Amma biz Moskvanın qərarını gözləyirdik. Ermənilərə o dərəcədə inanmışdıq ki, bütün bunları onların törətdiyinə şübhəmiz vardı.

– Şuşadan bir neçə ay qabaq Xocalı soyqırımı törədilmişdi. Şuşalılar arasında Şuşanı itirmək qorxusu var idimi?

– Şuşanı tərk etmək fikrimiz yox idi. Halbuki dizə qədər qarda, soyuqda “qrad” atılanda bütün divarlar silkələnirdi. Uşaqları da götürüb binanın zirzəmisinə enirdik. Axşam sakitlik olan kimi evə girdik. Sanki evə top atmışdılar. Buna baxmayaraq, qorxu hissi yox idi. Fikirləşirdik ki, Bakıdan kömək gələcək. Onu da deyim ki, Şuşadan çıxıb harasa gedə biləcəyimiz ağlımıza da gəlmirdi.

– Mühasirədə qaldığınız müddətdə şuşalılar o vaxtkı hakimiyyət tərəfindən necə müdafiə olunurdu?

– Mühasirədə qaldığımız müddətdə bizi topun, mərminin altında yeməklə təmin edirdilər. Özümüzü müdafiə etməmiz üçün Şuşaya çoxlu sayda silah-sursat göndərmişdi.

– Bəs Şuşada yaşayan ermənilər?

– Həmin dövrdə Şuşada çoxlu erməni ailəsi məskunlaşmışdı. Şuşanın işğalından qabaq zirehli rus qoşunları erməniləri bir-bir köçürdü. Erməni ailələrini Xankəndinə aparırdılar. Bizi isə yalançı vədlərə inandırdılar. Ermənilər nə vaxt hansı yerin alınacağını gözəl bilirdilər. Hadisələrdən iki üç il qabaq Şuşada evləri bir-bir gəzib silahları yığmışdılar. Yeganə silah da nömrəli ov tüfəngləri idi. Daşaltı əməliyyatından sonra isə belimiz qırıldı. İnsan illərlə zəhmətlə qurduğu, yaratdığı evi necə qoyub gələ bilər?! 6 ay zirzəmidə suyun içinə daş düzüb uşaqları saxlamışıq. Allah heç kəsə belə həyat nəsib etməsin. İnsan evindən-eşiyindən necə ayrıla bilərlər?! Nəyimiz vardısa, qoyub gəldik.

Mayın 7-si Şuşa artıq mühasirədə idi. Bircə Şuşadan çıxmağa Laçın yolumuz var idi. İşlədiyim məktəb dekabr ayına qədər fəaliyyət göstərdi. Dekabrda məktəbimizi də partlatdılar. Şuşanın o vaxtkı icra hakimi dedi ki artıq biz mühasirədəyik. Heç olmasa uşaqları qocaları, qız-gəlinləri çıxartmaq lazımdır.

Bu gün də qaçqın sözünü heç qəbul edə bilmirəm. Neyləməli idik, qız gəlini erməninin əlinə verməli idik?! Biz öz vətənimizdə necə qaçqın ola bilərik?! Biz öz yurdumuzdan, Şuşadan məcburən köçkün düşdük. İndi 20 ildən artıqdır ki, məcburən Bakının havasını uduram.



Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı