Modern.az

Qarabağ və Şərqi Zəngəzur aqrar inkişafın yeni mərkəzinə çevrilir

Qarabağ və Şərqi Zəngəzur aqrar inkişafın yeni mərkəzinə çevrilir

Ölkə

Bu gün, 09:48

Prezident cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr göstərir ki, Azərbaycan aqrar sektorun inkişafında yeni mərhələyə qədəm qoyur. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin ərzaq təhlükəsizliyi, regional inkişaf, ixrac potensialının artırılması və kəndlərin sosial-iqtisadi dirçəlişi baxımından strateji əhəmiyyət daşıyan mühüm sənəd kimi qiymətləndirilir. 

Cənab Prezidentin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanda kənd təsərrüfatı yalnız iqtisadi sahə deyil, milli təhlükəsizlik, sosial rifah, məşğulluq və regional inkişafın əsas istiqamətlərindən biri kimi qəbul edilir. Dövlət başçısının vurğuladığı kimi, hələ 2004-cü ildə qəbul edilmiş ilk Regional İnkişaf Proqramı kənd təsərrüfatının inkişafına hesablanmış strateji yanaşmanın əsasını qoymuşdu. Sonrakı illərdə qəbul olunan proqramlar isə bu siyasətin ardıcıl və sistemli şəkildə davam etdirilməsini təmin etdi. Son 20 ildə regionlarda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri aqrar sektorun inkişafı üçün fundamental baza formalaşdırdı.

Qazlaşdırmanın yüksək səviyyəyə çatdırılması, elektrik təminatının tam stabilləşdirilməsi, magistral və kənd yollarının tikilməsi, su anbarlarının yaradılması və yeni suvarma sistemlərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın və məşğulluğun artmasına ciddi təsir göstərdi. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi iri layihələr, kanalların yenidən qurulması və müasir su infrastrukturu bölgələrin iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirdi. Ölkə başçısının qeyd etdiyi kimi, dövlət proqramları nəticəsində vaxtilə zəifləyən və ya demək olar ki, sıradan çıxmış sahələr yenidən inkişaf etməyə başladı.

Pambıqçılıq, baramaçılıq, üzümçülük, fındıqçılıq kimi ənənəvi istiqamətlərə verilən dövlət dəstəyi həm istehsalın artmasına, həm də kənd yerlərində məşğulluğun genişlənməsinə səbəb oldu. Xüsusilə pambıqçılıqda istehsalın 20 min tondan 360 min tondan artıq səviyyəyə yüksəlməsi həyata keçirilən siyasətin nəticəsini açıq şəkildə nümayiş etdirir. Bu gün Azərbaycan bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünü təmin edən və ixrac potensialını artıran ölkəyə çevrilib. Tərəvəz, meyvə-giləmeyvə, bostan məhsulları, şəkər, yumurta və digər istiqamətlər üzrə göstəricilər bunu təsdiqləyir.

Dövlət başçısının səsləndirdiyi rəqəmlər göstərir ki, bəzi məhsullar üzrə ölkə artıq ixrac edən dövlət statusunu gücləndirib. Eyni zamanda, bu statistik məlumatlar yeni investisiya istiqamətlərini də ortaya qoyur. Prezident cənab İlham Əliyev çıxışında son illər kənd təsərrüfatında müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu açıq şəkildə bildirdi. Bu isə dövlət idarəçiliyində mövcud vəziyyətin obyektiv qiymətləndirilməsi və nəticəyönümlü siyasətin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırlanacaq yeni Dövlət Proqramının əsas məqsədi məhz bu dinamikanı yenidən gücləndirmək, aqrar sektoru daha modern və rəqabətqabiliyyətli mərhələyə çıxarmaqdır.

Yeni proqramın əsas istiqamətlərindən biri idxaldan asılılığın azaldılmasıdır. Xüsusilə buğda, bitki yağları, quş əti, kərə yağı və bəzi digər məhsullar üzrə daxili istehsalın artırılması prioritet kimi müəyyən olunub. Cənab Prezidentin səsləndirdiyi rəqəmlər göstərir ki, hazırda Azərbaycanın buğda üzrə özünü təminetmə səviyyəsi 55 faizdir və bu göstəricinin artırılması strateji vəzifə hesab olunur. Dövlət başçısı dünyada baş verən müharibələr, nəqliyyat zəncirlərinin qırılması, enerji böhranı və iqlim dəyişikliklərinin kənd təsərrüfatına ciddi təsir göstərdiyini vurğulayaraq ərzaq təhlükəsizliyinin artıq milli təhlükəsizlik məsələsinə çevrildiyini qeyd etdi. Bu baxımdan Azərbaycanın daxili istehsal imkanlarını maksimum genişləndirməsi zəruri hesab olunur.

Müşavirədə məhsuldarlığın artırılması ilə bağlı konkret hədəflər də müəyyən edildi. Taxılçılıqda məhsuldarlığın hektardan 5 tona çatdırılması, pambıqçılıqda məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin 300 min hektar sahədə tətbiqi, intensiv bağçılığın genişləndirilməsi və yeni istixana komplekslərinin yaradılması qarşıdakı dövrün əsas prioritetləri kimi təqdim olundu. Cənab Prezidentin çıxışında diqqət çəkən mühüm məsələlərdən biri də kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdış prosesinin təmin olunması ilə bağlı idi.

Dövlət başçısı vurğuladı ki, bölgələrdə yaşayış şəraiti, sosial xidmətlər, məşğulluq imkanları və infrastruktur elə səviyyədə qurulmalıdır ki, insanlar doğma torpaqlarında yaşamağa üstünlük versinlər. Son illərdə regionlarda xəstəxanaların, məktəblərin, xidmət sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması da məhz bu siyasətin tərkib hissəsidir. Azad edilmiş ərazilərdə həyata keçirilən aqrar və su layihələri də müşavirədə xüsusi yer tutdu. Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının bərpası, yeni kanalların tikilməsi və müasir suvarma sistemlərinin qurulması həmin bölgələrin böyük aqrar potensialının reallaşdırılmasına xidmət edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın su ehtiyatlarının mühüm hissəsi məhz bu ərazilərdə formalaşır və onların səmərəli idarə olunması ölkənin kənd təsərrüfatı inkişafında strateji rol oynayacaq. Müşavirədə kənd təsərrüfatında rəqəmsallaşma, süni intellekt, peyk texnologiyaları və torpaq analizləri ilə bağlı məsələlərə də xüsusi diqqət yetirildi. Torpaqların “pasportlaşdırılması”, məhsuldarlığın elmi əsaslarla müəyyən edilməsi və subsidiya mexanizmlərinin çevik şəkildə yenilənməsi aqrar sektorun idarə edilməsində yeni yanaşmanın formalaşdığını göstərir.

Cənab Prezidentin investorlara ünvanladığı çağırış da xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı bildirdi ki, kənd təsərrüfatının inkişafı yalnız dövlət dəstəyi ilə deyil, özəl sektorun fəal iştirakı ilə mümkün olacaq. İlkin hesablamalara görə, proqram çərçivəsində dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiyanın yatırılması nəzərdə tutulur. Bu isə aqrar sektorun qarşıdakı illərdə Azərbaycanın ən mühüm investisiya istiqamətlərindən birinə çevriləcəyini göstərir.

Fikrimcə cənab Prezidentin müşavirədəki çıxışı bir daha göstərdi ki, Azərbaycan kənd təsərrüfatının inkişafına artıq yalnız sosial və iqtisadi sahə kimi deyil, milli inkişaf strategiyasının əsas sütunlarından biri kimi yanaşır. Yeni Dövlət Proqramı ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixrac potensialının genişləndirilməsi, regionların inkişafı və kənd əhalisinin rifahının yüksəldilməsi baxımından mühüm dönüş mərhələsi olacaq.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı