Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzularına, növlərinə, həmçinin vətəndaşların hansı kateqoriyası tərəfindən yazıldığına diqqət yetirərkən məlum olur ki, əvvəlki illərdən fərqli olaraq indi vətəndaşları öz şəxsi problemlərindən daha çox yaşadığı şəhərin, qəsəbənin, kəndin problemləri düşündürür.
Modern.az saytının məlumatına görə, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
Onun sözlərinə görə, respublikada mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, o cümlədən yerli icra hakimiyyəti başçılarının keçirdikləri qəbulların və burada iştirak edənlərin sayı kifayət qədər yüksək olsa da, bilavasitə Prezident Administrasiyasının struktur bölmələri rəhbərlərinin qəbulunda olmaqla əlaqədar müraciətlər hələ də daxil olmaqdadır.
2014-cü ilin birinci yarısında qəbulla əlaqədar Prezident Administrasiyasına Lənkəran, Ağcabədi, Ağdam, Balakən, Bərdə, Biləsuvar, Binəqədi, Cəlilabad, İmişli, Qaradağ, Laçın, Sabunçu, Suraxanı, Yasamal şəhər və rayonlarından daha çox müraciət daxil olub.
S.İsmayılov bildirib ki, vətəndaşların müraciətlərinin mövzuları əvvəlki illərdə olduğu kimi, yenə də ünvanlı sosial yardımlar verilməsi, ümumiyyətlə sosial məsələlər, hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, mənzil, torpaq, şəhərsalma və tikinti, səhiyyə, enerji daşıyıcıları və su təchizatı, şəhər və rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti, dövlət qulluğu və kadr, elm və təhsil, nəqliyyat, kənd təsərrüfatı və digər məsələlər üstünlük təşkil edir.
”Prezident Administrasiyasına daxil olan müraciətlər mütləq həmin gün qeydə alınır, 34 əsas, 135 alt mövzu üzrə sistemləşdirilərək 40-dan artıq parametr üzrə təhlil olunur. Xüsusilə vətəndaşların kollektiv müraciətləri nəzarət qaydasında araşdırılır, hər bir müraciətə vaxtında, obyektiv və əsaslı cavab verilməsi hər bir dövlət orqanından tələb olunur, bu məsələlər vaxtaşırı mərkəzi və yerli icra hakimiyyəti orqanlarında öyrənilir, bunun nəticələri barədə hazırlanmış arayış və icmallar tanış olmaq və icra edilmək üçün müvafiq dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına göndərilir”.
S.İsmayılovun sözlərinə görə, rayonların icra hakimiyyəti orqanlarının fəaliyyətində torpaqayırma, dövlət ehtiyacları üçün istifadə olunan torpaqlara görə ödənişlərin aparılmaması, dövlət meşə fondunda, həmçinin torpaq islahatı zamanı damazlıq və toxumçuluq təsərrüfatları üçün saxlanmış torpaqların digər məqsədlər üçün paylanması və istifadəsi, xüsusilə kənd təsərrüfatı təyinatlı pay torpaqlarında qum, çınqıl karxanaları, istirahət mərkəzləri və digər istehsalat obyektləri tikilməsinə icazə verilməsidir.
”Təəssüf ki, hələ də bəzi şəhər və rayon icra hakimiyyətlərinin başçıları torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasına lazımınca diqqət yetirmirlər.
Şəhər və rayon icra hakimiyyətlərində vətəndaşların müraciətlərinə baxılmasında kargüzarlıq qaydalarına əməl edilməsində də nöqsanlar nəzərə çarpır. Çox vaxt yerli icra hakimiyyəti orqanlarının işçiləri, eləcə də onların yerli nümayəndələri, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının rəhbərləri kargüzarlıq qaydalarını lazımınca öyrənmir, bu işi tənzimləyən normativ hüquqi aktların tələblərinə riayət etmirlər.
Belə nöqsanların aradan qaldırılması üçün şəhər və rayon icra hakimiyyətlərində, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarında müraciətlərin müvafiq mövzular və növlər üzrə təhlillərinin aparılması, müraciətlərə nəzarət qaydasında, ayrı-ayrı hallarda bilavasitə yerində baxılması vacib məsələlərdən biridir. Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri barədə verilən məlumatların dəqiq olmadığı, hətta yanlış məlumatların verildiyi üzə çıxır ki, bu da yolverilməzdir”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin sayı 2014-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrünə nisbətən ümumiyyətlə 22,5 faiz, kollektiv müraciətlərin sayı isə 24,8 faiz azalıb. Ötən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı Gəncə, Sumqayıt, Binəqədi, Gədəbəy, Xətai, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabirabad, Sabunçu, Səbail, Şəmkir, Yasamal, Zaqatala şəhər və rayonlarında azalmışdır. Lakin Kəlbəcər, Kəpəz, Qobustan, Laçın, Samux rayonlarında müraciətlərin sayı nisbətən artıb.
Müraciətlərin ümumi sayında olduğu kimi, əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayında da ötən ilə nisbətən azalma nəzərə çarpır. Lakin ümumi azalma ilə yanaşı, 2014-cü ildə digər şəhər və rayonlara nisbətdə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Astara, Beyləqan, Biləsuvar, Binəqədi, Xəzər, Xocalı, İmişli, Kəlbəcər, Qaradağ, Laçın, Lerik, Sabunçu, Yasamal, Zəngilan, Zərdab şəhər və rayonlarında bir qədər yüksək olub.
“Vətəndaş müraciətlərinin təhlilində onların növlər üzrə bölgüsü mühüm əhəmiyyət kəsb etdiyindən, xüsusilə şikayətlərin hansı rayondan daha çox daxil olması üzərində bir qədər ətraflı dayanmaq lazımdır. 2014-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə təhlili göstərir ki, əvvəlki ilə nisbətən şikayətlərin sayında böyük azalma baş vermişdir. Bu azalma Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Abşeron, Ağcabədi, Binəqədi, Gədəbəy, Xətai, Xəzər, Quba, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Şəmkir, Yasamal şəhər və rayonlarında daha çox nəzərə çarpır.
Bununla belə qeyd etməliyik ki, bütövlükdə 2014-cü ilin birinci yarısında isə daxil olan müraciətlərin ümumi sayında şikayətlərin faizi Astara, Zərdab, Samux, Zəngilan, Beyləqan, Laçın, Yevlax, Tərtər, Cəlilabad şəhər və rayonlarında nisbətən yüksək olmuşdur”.
S.İsmayılov bildirib ki, müraciətlərin mövzularında əhalinin bilavasitə ünsiyyətdə olduğu şəhər, rayon icra hakimiyyətlərinin, onların aparatlarının, həmçinin bələdiyyələrin fəaliyyəti ilə əlaqədar müraciətlər daha çox diqqəti cəlb edir. Göstərilən mövzu üzrə müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Beyləqan, Binəqədi, Cəlilabad, Qaradağ, Qazax, Laçın, Lerik, Sabunçu, Şamaxı, Suraxanı şəhər və rayonlarında daha yüksək olmuşdur. Bu mövzuda müraciətlərin sayı Naftalan, Şirvan, Ağstafa, Xızı, Xocalı, Qax, Qəbələ, Qubadlı, Qusar, Oğuz, Pirallahı, Siyəzən, Şabran, Ucar, Yardımlı şəhər və rayonlarında daha az olub.
Respublikanın müraciət göndərən kənd və qəsəbələrinin sayı üzrə aparılan təhlil göstərir ki, Prezident Administrasiyasına müraciət göndərmiş kənd və qəsəbələr onların ümumi sayının 48,1 faizini təşkil edirsə, müraciət etməyən kənd və qəsəbələr 51,8 faizdir. Elə rayonlar var ki, onların 1 və ya 2 yaşayış məntəqəsindən başqa əksəriyyətindən müraciətlər daxil olub. Bu sahədə ən çox kənd və qəsəbəsinin müraciət etdiyi rayonlardan Lənkəran, Şəki, Balakən, Beyləqan, Göygöl, İmişli, Kürdəmir, Saatlı, Salyan, Samux, Zərdab rayonlarını göstərmək olar.
Modern.az