Maddi rifahla təmin olunmuş “Qərb” insanı “Qərb” üçün sonuncu insandır
Biz inanırıq ki, heç bir zaman tarixin və dünyanın sonu olmayacaqdır. Başqa sözlə, “tarixin, dünyanın və insanın sonu” anlayışı nisbi xarakter daşıyır. Səmavi dinlərdəki “qiyamət günü” anlayışı belə “tarixin, dünyanın və insanın sonu” ilə deyil, dünyada yolunu azmış, xeyiri unudaraq şəri əlində bayraq etmiş “sivilizasiya”nın məhvi ilə bağlıdır. Hazırda bu “Qərb sivilizasiyası”dır. Artıq “Qərb sivilizasiyası”nın tənəzzülü prosesi başlamışdır ki, bu isə onun məhv olmasını qaçılmaz edir.
Digər tərəfdən, bütün millətlər üçün eyni tarix keçərli deyil. Hər bir millətin öz tarixi, bu tarixi baxımından da ümümdünya tarixi var. Bu gün və gələcəkdə baş verənlər də bir millət üçün keçərlidir. Əgər hər hansı bir millət tarix səhnəsindən tamamilə silinirsə, yaxud da arxa palana keçirsə həmin millət üçün dünyanın və tarixin sonudur.
Bir millətin tarix səhnəsindən tamamilə silinməsi, yaxud da arxa palana keçməsini şərtləndirən 3 başlıca amil var:
1. Texnolojidən yanlış istifadə;
2. Təbiətin amansizcasına istismarı;
3. Maddi rifahın inkişafı fonunda mənəvi dəyərlərin aşılanması.
Fukuyama fəxrlə yazır ki, təbiətə hökm etməyə avropalılar çatdı. Modern təbiət elmi dünyaya Avropadan yayıldı. Amma o, bu fəxarətlə yanaşı gizlətmir ki, modern və texnoloji üstünlüyə malik “Qərb”in yıxılması və barbarlığa dönməsi qorxusu var. Çünki bu gün modern təbiət elminin mövcud toplumlar tərəfindən rədd edilməsi inandırıcı deyil. Halbuki, “Qərb”in modern təbiət elmi dünyanın sonunu yaxınlaşdırır. Doğrudur, bu gün bəzi millətlər modern təbiət elmindən vaz keçərək Elmi Texniki Tərəqqinin hansısa uğurlarından imtina edə bilərlər. Amma əksər millətlərin özəlliklə, “Qərb”in ETT-dən imtina etməsini gözləmək mənasızdır. Modern təbiət elminin “inkişafı” isə ona gətirib çıxaracaq ki, qlobal bir fəlakət baş verəcəkdir. Həmin qlobal fəlakətdə modern təbiət elminin məhvinə gətirib çıxaracaqdır. Fukuyama bunu sual kimi qoysa da, bizcə bu gec-tez baş verəcəkdir. Çünki “Qərb” təbiəti yalnız ram etmədi, həm də təbiəti insanın köləsi halına gətirdi. Bununla da təbiət və insan dostluğu düşmənçiliyə çevrildi. Bunu, vaxtilə fransız filisofu Jan Jak Russo görərək dünyanı bundan xəbərdar etmişdir. Amma Avropa bundan nəticə çıxarmaq əvəzinə liberalizm ve demokratizm ideyalarını gerçəkləşdirmək naminə mənəvi insan deyil maddi insana, müdrik insana deyil robot insana üstünlük verdi.
Bu anlamda maddi rifahla təmin olunmuş “Qərb” insanı “Qərb” üçün sonuncu insandır. Bu, “Qərb”in məhsulu olan maddi insandır. Ancaq “Qərb”üçün o, yalnız maddi deyil, həm də azad insandır. Çünki “Qərb” insanının artıq maddi rifah (bunun özü də mübahisəlidir) problemi olmamaqla yanaşı, azadlıqlarının da demək olar ki, sərhədləri yoxdur. “Qərb” insanı o qədər azaddır ki, onun üçün adət-ənənələr, gələnəklər yox səviyyəsindədir. Onlar mənəvi məsələni yalnız xırda-para münasibətlərlə ölçürlər. Bu anlamda “Qərb”də mənəvi dəyərlər ikinci plandadır. Artıq “Qərb” insanı üçün Xristianlıqdakı cənnət deyilən anlayış da yox kimidir. Yaxud da bu yalnız çox az insanların şüurlarının bir güncündə ilişib qalıb.
Bunun üçün bir neçə məsələyə diqqət yetirmək kifayətdir.
Məsələn, “Qərb” aydınları bir tərəfdən “Qərb”də mənəvi problemlərin olmasını etiraf edir, digər tərəfdən “Qərb sivilizasiyası”nı, “Qərb demokratiyası”nı üstün tutmaq naminə hədəf kimi İslam-Türk sivilizasiyasını seçirlər. Yəni onlar mövcud problemlərini həll etmək əvəzinə, İslamı tənqid edir, Xristianlığı isə liberal-demokratizmin, “Qərb sivilizasiyası”nın əsas təməllərindən biri kimi müdafiə edirlər. Artıq bu bir ənənə şəklini almışdır. Çox təəsüflər olsun ki, bunun elmi əsalarını yaradanlardan biri də alman filisofu Hegel olmuşdur. Çağdaş “Qərb” aydınları da “Qərb sivilizasiyası”nı böyütmək yolunda Hegelin mirasından eninə-boynuna istifadə edirlər. Məsələn, Fukuyama da Hegel kimi bir tərəfdən İslam dinini liberal-demokratizmə qarşı qoyduğu halda, Xristianlığı liberal-demokratizmin təməl prinsiplərindən biri hesab edir. Guya, Xrisianlıq İslamla müqayisədə daha azadlıqsevərmiş. Fukuyama yazır: “Hegelin Xristianlığı “mütləq din” olaraq qiymətləndirməsi, dargörüşlü bir etno-mərkəzçilikdən deyil, Xristian öyrəti ilə Qərbi Avropadakı liberal demokratik toplumların oluşumu arasındakı nəsnəl tarixi münasibətdən dolayıdır. Bu münasibət daha sonra Veber və Nitsşe kimi çox sayda politik düşünür tərəfindən qəbul edildi. Hegelə görə azadlıq düşüncəsi Xristianlıqda sondan bir öncəki biçimini alır, çünki Xristianlıq əxlaqi qəraralma, ya da inanma yetənəkləriylə bütün insanların Tanrının gözündəki dünyəvi bərabərliyi ilkəsini ilk təməlləndirən dindi”.

Bir sözlə, Fukuyama və Hegel üçün İslam az qala liberal demokratizmin düşməni olduğu halda, Xristianlıqda insan azadlıqları və bərabərlikləri üst səviyyədədir. Çünki Xristian azadlığı fiziki, maddi deyil, ruhi və mənəvidir. Digər tərəfdən, bu ideyanın müəlliflərindən olan Hegel Fukuyama üçün etnomərkəzçi deyil. Amma eyni sözləri bir İslam düşünürü yazarsa, o, artıq etnomərkəzçidir. Məsələn, Fukuyama üçün “Qərb” milliyyətçiliyi və liberal-demokratizmi, “Qərb” dini-Xristianlığı və demokratiya bir-birini tamamlayır. Amma eyni anlayışların İslamla müqayisəsinə gələndə Fukuyama və onun digər fikirdaşları tamam fərqli fikirlər irəli sürürlər. Üstəlik, özünü “Qərb”dən müdafiə edənlər “İslam fundamentalizmi”ndə ittiham olunurlar. Hətta, İslam dini, “İslam fundamentalizmi” adı altında Avropa faşizmi ilə bərabər belə tutulur.
Bizcə, Fukuyama qəsdən İslam dinini liberal-demokratizmə qarşı qoyur, eyni zamanda İslam fundamentalizmini Avropa faşizmi ilə eyniləşdirir. Yəni Fukuyama nə yazdığının fərqindədir. Fukuyama da yaxşı bilir ki, əslində liberal-demokratiyanın təməl prinsipləri kimi göstərdiyi azad, bərabər və öz-özünün sahibi müdəaları İslamla heç bir ziddiyyət təşkil etmir: “İslam da, liberalizm və kommunizm kimi, bəlli bir əxlaq koduna, politik və sosial ədalət doktrininə sahib bütöv bir ideolojidir. Dünyəvi gerçəklik iddiasındadır və bütün insanalara azad etnik, ya da milli qrupların üzvləri olaraq deyil, insan olaraq səslənməkdədir. Gerçəkdən də İslam, İslam dünyasının önəmli kəsimlərində liberal-demokratizmi yenilgiyə uğratmışdır və politik iqtidara sahib olmadığı ölkələrdə də liberal dəyərlər qarşısında böyük bir təhdid yaratmaqdadır”.
Ona görə də, Fukuyamanın İslam dnini liberal-demokratizmə qarşı qoyması adi bir yanlışlıq deyildir. Əksinə, liberal-demokratizmin mənşəyini Yunan-Roma və Xristianlığa aparıb çıxaran Fukuyamanı çox yaxşı başa düşürük. Bunu, Fukuyama deyil, əslində liberal-demokratizmi yaxına buraxmayan, ya da qismən yaxına buraxan ölkələrdə anlayırlar. Hansı ki, bu cür ölkələri Fukuyama liberal-demokratizmə dirəniş göstərməkdə tənqid edir. Amma sonra da yazır ki, İslam liberal-demokratizmlə baş edə bilməz. Birinicisi, İslamın kültürəl fəthlər dönəmi keçmişdə qalmışdır, ikincisi, İslam öz sahəsində, fikir sahəsində liberal-demokratizmin qarşısına çıxamaz, çünki bu dünyada ən doğru ideologiya odur. Amma liberalizm, “Qərb dəyərləri” nə qədər doğruymuş ki, ondan kənarda qalanlar, özəlliklə İslam dünyası üçün bir təhdid yaratmışdır. Deməli, “Qərb dəyərləri”nin dünya üçün tək seçənək omadığını Fukuyama da yaxşı bilir. Üstəlik, onu da yaxşı bilir ki, bəlkə insanın maddi rifahı ilə bağlı bu gün Xristianlıq əsaslı “Qərb dəyərləri” arzuolunandır. Ancaq bunu insanın mənəvi rifahına aid etmək mümkün deyildir.
İnsanın mənəvi rifahı məsələsində isə İslam dini Xristianlığı üstələyir. Sadəcə “Qərb”in texnoloji ilə gələn maddi rifahı İslam dünyasında bir sıra problemlərə yol açmış, “Qərb”də bundan bacardığı qədər yararlanmış, hələ də buna davam edir. İslan dünyasının mınıəviyyatsızlığa yol açan “Qərb” maddı rifahına qarşı dirənişini “İslam fundamentalizmi”, “Avropa faşizmi” kimi yozan Fukuyamaların bunu bilərəkdən etməsi gün kimi aydındır. Bu baxımdan Fukuyamanın məqəsdi “Qərb dəyərləri”nin İslam dünyasında yol açdığı problemləri göstərmək deyil, əksinə bu problemləri çıxılmaza sürükləmək və bunu önləmək istəyənləri isə “İslam fundamentalizmi” adıyla ittiham etməkdir.
Bütün bunları bir kənara qoyaraq sual edirik ki, əgər doğrudan da liberal demokratizmin təməllərindən olan Xristianlıq maddiyə deyil mənəviyə, köləliyə deyil azadlığa əsaslanırsa, bəs onda bugünkü “Qərb” insanının mənəvi böhranını nə ilə izah etmək olar! Deməli, Hegelin dediyinin tam əksi olmuş, Xristianlıq mənəviyə deyil, maddiyə əsaslanmış, bununla da “Qərb” mənəvi dəyərlərdən çox uzaqlaşmışdır. Artıq onlar üçün Xristianlıqdakı Cənnət belə, bu dünyanın özüdür. Hər halda, “Qərb” insanının əksəriyyəti artıq bu düşüncədədir.
Bu anlamda “Qərb” deyil, “Qərb”dən kənarda qalanlar üçün pis-yaxşı bir mənəvi gözləntiləri var. Başqa sözlə, “Qərb”dən kənarda qalanlar “qərb”lilərlə müqayisədə, mənəvi məsələlərə münasibətdə qənaətbəxş durumdadırlar. “Qərb”dən kənarda qalanlar arasında inkişaf etməkdə olan İslam-Türk sivilizasiyası daha çox diqqəti cəlb edir. Zatən, “Qərb” aydınlarının, ideoloqlarının daha çox tənqid hədəfinə də onlar tuş gəlirlər. Çünki “Qərb” mədəniyyətinin və “Qərb” liberal-demokratizminin qeyd-şərtsiz həyata keçirilməsində ən çox elmi və siyasi etiraz burdan gəlir. Hazırda yalnız İslam-Türk sivilizasiyasının bir çox təmsilçiləri hesab edirlər ki, “Qərb” mədəniyyəti və liberal-demokratizm dünya üçün örnək ola bilməz. Hər halda, ötən iki əsrlə müqayisədə bu gün “Qərb” mədəniyyəti və “Qərb” liberal-demokratizminin İslam-Türk dünyasındakı tərəfdarlarının sayının xeyli dərəcədə azalması da ortaya çıxarır.