Modern.az

İsrail “erməni soyqırımı”nın tanınması müzakirələrini DAYANDIRDI

İsrail “erməni soyqırımı”nın tanınması müzakirələrini DAYANDIRDI

Ölkə

Bu gün, 22:15

İsrail Xarici İşlər Nazirliyinin iyun ayında  qondarma “erməni soyqırımı”nın tanınması məsələsini müzakirəyə çıxarmaq təşəbbüsü Azərbaycanın narahatlığına səbəb olub.

Modern.az-ın məlumatına görə, rəsmi Bakı bu təşəbbüs barədə əvvəlcədən məlumatlandırılmayıb.

Bildirilir ki, rəsmi Bakı təşəbbüs hazırlanarkən məsələnin Azərbaycan üçün həssaslığının, Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterinin, eləcə də bunun Azərbaycan-İsrail strateji tərəfdaşlığına mümkün təsirlərinin kifayət qədər nəzərə alınmadığını hesab edib.

Məlumata əsasən, iyunun 29-da Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi mövqeyini İsrail tərəfinə çatdıraraq təşəbbüsə yenidən baxmağa çağırıb. Diplomatik kanallar vasitəsilə İsrail tərəfinə bu addımın həm Türkiyə-İsrail münasibətlərinə, həm də Azərbaycanla əməkdaşlığa mənfi təsir göstərə biləcəyi barədə arqumentlər təqdim olunub.

Qeyd olunur ki, təşəbbüsün yenidən nəzərdən keçirilməsini dəstəkləyənlər İsrailin müxtəlif siyasi dairələrində də olub. Azərbaycanın arqumentlərinin müxtəlif siyasi düşərgələrin nümayəndələri, ekspertlər və dövlət qurumları tərəfindən dəstəkləndiyi bildirilir.

Nəticədə təşəbbüsün irəlilədilməsi prosesi faktiki olaraq dayandırılıb və məsələnin İsrail hökuməti və parlamenti səviyyəsində müzakirəsi davam etdirilməyib.

Bu hadisə Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, strateji tərəfdaşları ilə konstruktiv dialoqu davam etdirmək siyasətinin nümunəsi kimi qiymətləndirilir. Həmçinin qeyd olunur ki, Bakı İsraillə strateji tərəfdaşlı çərçivəsində Türkiyənin milli maraqlarına toxunan məsələlərdə Ankaraya prinsipial dəstəyini nümayiş etdirib.

Xatırladaq ki, son aylarda Azərbaycan Türkiyə ilə İsrail arasında Suriya məsələsi üzrə dialoq platformalarından biri kimi də çıxış edib. Bir sıra beynəlxalq media orqanları Bakının Ankara ilə Təl-Əviv arasında əlaqələrin normallaşdırılması istiqamətində diplomatik səylər göstərdiyini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...