Modern.az

Maraqlar toqquşması korrupsiya üçün şərait yarada bilər - komitə sədri

Maraqlar toqquşması korrupsiya üçün şərait yarada bilər - komitə sədri

Ölkə

Bu gün, 12:32

Maraqlar toqquşması özlüyündə hər zaman cinayət sayılmır, lakin düzgün idarə olunmadıqda korrupsiya üçün şərait yarada bilər.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, layihə dövlət idarəçiliyində şəffaflığın artırılması, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin yüksəldilməsi və dövlət institutlarına ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Sənəd 2022–2026-cı illər üçün Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planının icrası məqsədilə hazırlanıb.

Arzu Nağıyev qeyd edib ki, vəzifəli şəxsin şəxsi marağı dövlət vəzifələrinin icrasına təsir göstərə biləcəyi halda həmin maraq vaxtında açıqlanmalı, qərarların qərəzsiz qəbul olunması təmin edilməlidir. Onun sözlərinə görə, qanun layihəsində məlumatın hansı quruma, hansı müddətdə və necə təqdim ediləcəyi, eləcə də bu məlumatların yoxlanılması və məxfiliyinin qorunması aydın göstərilməlidir.

Komitə sədri maraqlar toqquşması müəyyən edildikdə görüləcək tədbirlərin də dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Belə hallarda vəzifəli şəxsin konkret qərarın qəbulunda iştirakının məhdudlaşdırılması və ya məsələnin başqa səlahiyyətli şəxsə həvalə edilməsi mümkün tədbirlər sırasında göstərilib.

A.Nağıyev məsuliyyət mexanizmlərinin aydın və proporsional olmasını, eyni zamanda şəxslərin hüquqlarının qorunmasını vacib sayıb. O bildirib ki, qəsdən məlumat gizlətmə ilə bilmədən yaranmış və vaxtında açıqlanmış hallar fərqləndirilməli, heç kim yalnız şübhə və təsdiqlənməmiş məlumat əsasında təqsirli hesab edilməməlidir.

Komitə sədri layihənin hazırlanmasında Beynəlxalq Valyuta Fondunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, həmçinin Korrupsiyaya qarşı Dövlətlər Qrupunun tövsiyələri və təcrübəsindən istifadə edildiyini bildirib. O, qanun layihəsinin birinci oxunuşda plenar iclasa tövsiyə olunmasını təklif edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?