Modern.az

ABŞ İranla razılaşmağa yaxındır - Tom Barrek

ABŞ İranla razılaşmağa yaxındır - Tom Barrek

Dünya

Bu gün, 09:22

ABŞ İranla gərginliyin müvəqqəti azaldılması barədə razılaşma əldə etməyə yaxındır. Lakin münaqişənin yaxın vaxtlarda tam həll olunması ehtimalı azdır.

Modern.az xəbər verir ki, bunu ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrek Dohada keçirilən “Global Perspectives” tədbiri çərçivəsində CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qətər, Pakistan və ABŞ-ın digər tərəfdaşları Vaşinqtonla Tehranı yenidən danışıqlar masasına qaytarmaq üçün diplomatik səylərini gücləndiriblər.

“Qətər, Pakistan və bütün müttəfiqlərimiz bizi eyni otaqda bir araya gətirmək və müəyyən proses barədə razılığa gəlməyimiz üçün yaxşı iş görüblər. Biz buna yaxınıq. Düşünürəm ki, nəhayət, “gəlin, sadəcə bir qədər fasilə verək” deyə biləcəyimiz məqama çox yaxınlaşmışıq”, – deyə ABŞ nümayəndəsi bildirib.

T.Barrek vurğulayıb ki, hazırda söhbət hərtərəfli razılaşmadan deyil, münaqişənin eskalasiyasının müvəqqəti dayandırılmasından gedir. Bu, region ölkələrinə münaqişənin həlli istiqamətində gələcək yolu müstəqil şəkildə müəyyənləşdirmək imkanı verə bilər.

Onun qiymətləndirməsinə görə, gərginliyin azaldılması prosesi qarşıdakı iki həftə ərzində başlaya bilər.

ABŞ nümayəndəsi Qətərin təklif etdiyi yeddi günlük fasilə variantını da xatırladıb. Bildirib ki, bu təklif hələ də nəzərdən keçirilir.

Bununla belə, Barrek İranın həmin təkliflə razılaşdığını və ya tərəflər arasında artıq hər hansı sazişin imzalandığını açıqlamayıb.

Tom Barrek danışıqların İran rəhbərliyi ilə əlaqə yaratmaqda yaranan çətinliklər səbəbindən mürəkkəbləşdiyini etiraf edib.

Onun sözlərinə görə, münaqişə zamanı ABŞ tərəfinin əlaqə saxladığı İran rəsmilərinin öldürülməsi kommunikasiya prosesini çətinləşdirib.

“İranda həmsöhbətlərimizi aradan götürdükcə kommunikasiya daha da çətinləşir”, – deyə o bildirib.

ABŞ nümayəndəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) qərarların qəbul edilməsi prosesinin şəffaflığını da şübhə altına alıb.

O qeyd edib ki, Vaşinqton bu strukturun mövqeyini konkret olaraq kimin müəyyənləşdirdiyini və onun fəaliyyətinə hansı amillərin təsir göstərdiyini anlamaqda çətinlik çəkir.

Barrek diplomatik səylərdə region dövlətlərinin rolunun getdikcə artdığını vurğulayıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə gərginliyi azaltmağa çalışaraq İranla təmaslar qurur, eyni zamanda ABŞ-la fəaliyyətlərini əlaqələndirirlər.

“Təəccüblüdür: Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə gərginliyi azaltmağa çalışmaq üçün İrana gedirlər, biz isə onlarla koordinasiyalı şəkildə hərəkət edirik. Hamımız fərqli xarici siyasət modelinə alışırıq”, – deyə Barrek bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı