Modern.az

Sülh uzansa müharibə yaxınlaşacaq 

Sülh uzansa müharibə yaxınlaşacaq 

Ölkə

Bu gün, 09:35

Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesi davam etdirilir. Lakin hazırda yekun sülh sazişi üçün Azərbaycanın əsas tələbi Ermənistan tərəfindən hələ də yubadılır. Ermənistan tərəfi hələ də konstitusiyasına dəyişiklik etməyib. Proses isə getdikcə uzanır. Digər yandan Ermənistanın silahlanmasına da şahidlik edirik. 

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror tədbirləri zamanı böyük həcmdə silah itirib:

“Şişirtməyə ehtiyac yoxdur. Ermənilərin özlərinin dediyinə görə, İkinci Qarabağ müharibəsi və Azərbaycanın birgünlük antiterror əməliyyatı zamanı 2-3 milyard dollar civarında silah itiriblər. İndi Rusiyadan silah ala bilmirlər, heç kim onlara pulsuz silah vermir. Ona görə Hindistandan və Fransadan silah alırlar. Ancaq hələlik Azərbaycanın hərbi imkanlarının heç 30 faizinə də yaxınlaşmayıblar. Ermənistanın revanş barədə düşünməsi intihara bərabər olardı. Yaxın və orta perspektivdə onların Azərbaycana qarşı çıxmaq imkanları yoxdur”.

Deputat sülh sazişinin imzalanmasının uzanmasını isə Ermənistanın yeni konstitusiyanın qəbulu ilə bağlı prosedurları ilə əlaqələndirib. O qeyd edib ki, Azərbaycanın tələbi Ermənistan konstitusiyasının preambulasında yer alan və Müstəqillik Bəyannaməsinə istinadla bağlı olan müddəanın aradan qaldırılmasıdır.

R.Musabəyovun sözlərinə görə, Ermənistan bu məsələni yeni konstitusiyanın qəbulu yolu ilə həll etməyə çalışır. Bunun üçün sənədin hazırlanması, tərəfdarlar arasında razılaşdırılması, parlamentdən keçirilməsi və referenduma çıxarılması kimi mərhələlər nəzərdə tutulur.

“Bir var ki, Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik referendumda səsə qoyulsun. Bu halda müsbət nəticənin əldə olunması ilə bağlı risklər var, çünki boykot çağırışı da effektiv ola bilər. Ona görə Nikol Paşinyan yeni konstitusiyanın qəbulu variantı ilə çıxış etmək istəyir. Yeni konstitusiyanın qəbulu isə müəyyən prosedurlar tələb edir”, - deyə deputat bildirib.

O əlavə edib ki, Ermənistanın qarşısında təkcə konstitusiya məsələsi deyil, digər mürəkkəb məsələlər də dayanır. Bunlara eksklav və anklavlarla bağlı mümkün razılaşmalar, eləcə də Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə münasibətlərinin gələcəyi barədə müzakirələr daxildir.

Deputat hesab edir ki, Azərbaycan konstitusiya məsələsini həddindən artıq qabartmamalıdır:

“Azərbaycan bu tələbi nə qədər az şişirtsə, Nikol Paşinyanın yeni konstitusiyanı parlamentdən keçirmək və referendumda qəbul etdirmək şansı bir o qədər artar. Ona görə də bu məsələ ilə bağlı həyəcan üçün əsas görmürəm”.

R.Musabəyov Paşinyanın sülh prosesini 2031-ci ilə qədər uzatmaq istədiyi barədə fikirlərlə bağlı isə  bildirib ki, Paşinyan 2031-ci ilə qədər görmək istədiyi işlərdən danışsa da, bu, sülh sazişinin həmin vaxta qədər təxirə salınacağı anlamına gəlmir. Deputatın sözlərinə görə, Paşinyan sülh sazişinin imzalanması prosesinin 2026-cı ildə yekunlaşmaya biləcəyini, bunun 2027-ci ilə qədər uzana biləcəyini də ifadə edib.

“Buna görə də prosesi 2031-ci ilə qədər uzatmaq istədiyini demək düzgün deyil. Söhbət təkcə konstitusiyanın preambulasının dəyişdirilməsindən getmir. Yeni konstitusiyanın qəbulu ayrıca prosedurlar tələb edir”, - deyə o vurğulayıb.

Ermənistanın Fransa və Hindistandan silah alması Azərbaycanın hərbi üstünlüyünü aradan qaldırmayacaq. Bununla belə, silahlanma prosesi Azərbaycanla sülh danışıqlarını ləngidə bilər. Ermənistanın gələcək təhlükəsizliyi isə konstitusiya dəyişikliyindən və Azərbaycanla sülh sazişinin imzalanmasından asılıdır.

Politoloq Elxan Şahinoğlu isə  bildirib ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanın hərbi potensialına çatmaq imkanında deyil:

“Ermənistan nə qədər silahlansa, Fransadan və ya Hindistandan silah alsa da, Azərbaycanla ayaqlaşa bilməyəcək. Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsindən çoxdur. Gələn il Azərbaycanın müdafiə və hərbi xərcləri 9 milyard manat civarında nəzərdə tutulub. Azərbaycan özü də hərbi texnika istehsal edir, dost və tərəfdaş dövlətlərdən müasir hərbi texnika və silahlar alır”.

Politoloqun sözlərinə görə, Ermənistanın silahlanması sülh prosesini müəyyən qədər ləngidə bilər, lakin bu, sülh quruculuğuna mane olmamalıdır. Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan da bunu anlayır və ölkəsi üçün ən sərfəli yolun konstitusiya dəyişikliyini həyata keçirərək Azərbaycanla sülh sazişi imzalamaq olduğunu başa düşür.

“Paşinyan özü də anlayır ki, Azərbaycan və Türkiyə ilə sülh əldə etməsə, müvafiq razılaşmalara nail olmasa, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Ona görə də Ermənistanın silahlanmasına baxmayaraq, Paşinyan hökumətinin Azərbaycanla sülh quruculuğunu davam etdirəcəyi qənaətindəyəm”.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan sülh prosesini və konstitusiya dəyişikliyini ləngidərsə, regionda gərginlik arta bilər. Onun sözlərinə görə, mümkün referendumun nəticələri də bölgədəki vəziyyətə ciddi təsir göstərə bilər.

“Əgər referendum keçirilsə və erməni cəmiyyəti yeni konstitusiyanın əleyhinə səs versə, bu, köhnə konstitusiyanın, eləcə də Azərbaycanın ərazi iddialarının dəstəklənməsi anlamına gələ bilər. Bu da avtomatik olaraq bölgədə vəziyyəti gərginləşdirə bilər. Bəlkə də elə buna görə Paşinyan referendum məsələsində tələsməməyə üstünlük verir. Ancaq prosesi uzatmaq da risklidir. Çünki radikal qüvvələr xarici təsir altında Ermənistanda vəziyyəti gərginləşdirə və hakimiyyətə gələ bilərlər. Belə bir ssenari isə regionda yenidən müharibə təhlükəsinin yaranmasına şərait yarada bilər”, – deyə politoloq vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ramiz Mehdiyevin milyardları əlindən alınır - Şok sərvət siyahısı - Xəbəriniz Var?