Modern.az

Anasını vətəninə qurban verdi - Şəhid Teymur Məcidzadənin son FOTOSU

Anasını vətəninə qurban verdi - Şəhid Teymur Məcidzadənin son FOTOSU

Qarabağ

Bu gün, 11:40

Vətən müharibəsi başlayanda minlərlə ana kimi Yasəmən Camalovanın da qəlbi nigaran idi. Oğlu Teymur Məcidzadə isə anasını sakitləşdirir, onu narahat olmamağa çağırırdı. Amma ana ürəyi sanki qarşıda nələrin baş verəcəyini duyurdu...

Teymur evdən döyüşə yollananda anası onun arxasınca dua oxuyurdu. Oğlunun son dəfə dönüb ona baxdığını, həmin an dediyi sözləri və günlər sonra gördüyü son fotosunu Yasəmən ana bu gün də unuda bilmir.

Modern.az saytının “Şəhidin son fotosu” rubrikası Şuşa uğrunda döyüşlərdə şəhid olmuş Teymur Məcidzadəyə həsr olunub.

Şəhidimizin anası Yasəmən Camalova həmsöhbətimiz olub.

“Bu şəkil elə müharibə başlayan gün – sentyabrın 27-də çəkilib. Həmin gün saat 6-da Bakıdan Füzuliyə yollandılar. Ora çatanda bu şəkli çəkib dayısı oğlu Turqaya göndərib. Turqay onu bir neçə gündən sonra mənə göstərdi. Şəkli görəndə ürəyim dayanmış kimi oldum. Heç nə düşünmək istəmirdim. Düşündükcə ağlıma pis şeylər gətirirdim. "Mənə niyə göndərməyib?" – deyə soruşanda Turqay dedi ki, "istəməyib pis olasan, mənə də tapşırmışdı ki, sənə göstərməyim".

İndi şəklə baxanda oğlumun gözlərindəki "bu sondur" baxışını anlayıram. Hərbçi yoldaşları da sonradan bizə çoxlu şəkil göndərdilər. Amma mənim üçün son şəkil, son baxış elə budur.

Onun simasından baxışlarının, gülüşünün həmişəkindən necə fərqləndiyini anlayıram, görürəm”.

Anası deyir ki, Teymur Məcidzadəyə müharibəyə yollanmazdan xeyli əvvəl italyan dili hazırlığına qatılması üçün məzuniyyət verilmişdi.


“İtalyan dili hazırlığına bir ay idi başlamışdı. Dörd ay hazırlığa getməliydi. Həmin vaxt müharibə barədə söz-söhbət dolaşırdı. Bir ana kimi çox narahat idim. Teymur isə məni sakitləşdirib deyirdi: "Ana, narahat olma, bizim bölgələrdə ordumuz çoxdur. Hələ ki Bakıdan heç kimi çağırmırlar. Çağırsalar da, gedib düşmənlə döyüşəcəyik".

Ancaq özü hər şeyi bilirdi, başa düşürdü. Komandir idi, təlimlərə gedirdi.

Ayın 26-sı Teymur dayısıgildə qalmışdı. Mənə zəng elədi ki, paltarlarını yığım. Dedi ki, onu işdən çağırıblar. Evə gəldi, yemək yedi. O çox rahat idi, mən isə özümə yer tapa bilmirdim. Gah çölə çıxırdım, gah evə girirdim. Ürəyimə elə bir narahatlıq dolmuşdu ki, özümə yer tapa bilmirdim.

Evdən çıxanda yanında dua oxumağa başladım. Teymur da dayanıb üzümə baxdı. Çox zarafatcıl uşaq idi. Üzümə uzun-uzun baxıb dedi: "Ay ana, duan qurtarmadı? Mən yola düşməliyəm".

Dedim: "Sən get, mən sən gələnə kimi dua edəcəyəm". Yola düşəndə də hər dəqiqə dönüb arxaya, mənə baxırdı. Mən isə əllərimi açıb dua edirdim”.

Teymur Məcidzadə uşaqlıqdan anasına çox bağlı olub.

“​​Mənə görə bütün dünyanı məhv edər, hər şeyi qurban verərdi. Amma Vətən balam üçün məndən də üstün oldu. Anasını Vətəninə qurban verdi, mən də balamı qurban verdim”.

Teymur 2020-ci il noyabrın 9-da Şuşa-Laçın yolunda, İsa bulağının yerləşdiyi dağın zirvəsində şəhid olub. Anasının sözlərinə görə, həmin yerə onun abidəsi də var.

Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Bakı şəhərinin Xətai rayonunda yaşamağa başlayıb.

Teymur 2010–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə ali təhsil alıb.


O, “Neftçi” futbol klubunun sadiq azarkeşlərindən idi. Ailə həyatı qurmamışdı.

Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, 2020-ci il noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər xiyabanında dəfn edilib.

Teymur Məcidzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları, həmçinin “III dərəcəli Rəşadət” ordeni ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...