Modern.az

Milli Məclis TRIPP layihəsini müzakirə etməyəcək

Milli Məclis TRIPP layihəsini müzakirə etməyəcək

Parlament

Bu gün, 08:15

Ermənistan parlamenti TRIPP nəqliyyat marşrutu ilə bağlı sazişi bugünkü iclasda ratifikasiya edib. Sənədin lehinə 63, əleyhinə isə 32 deputat səs verib. Layihənin Azərbaycan parlamentində müzakirəsinin baş tutub-tutmayacağı da maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, TRIPP layihəsinin reallaşdırılması ilə bağlı əsas öhdəliklər Ermənistan tərəfinin üzərinə düşür.

Deputatın sözlərinə görə, 2025-ci il avqustun 8-də ABŞ prezidentinin iştirakı ilə imzalanan sənədlər çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflanıb, ABŞ və Ermənistan arasında isə TRIPP layihəsi üzrə ilkin razılaşmalar əldə olunub.

O qeyd edib ki, son məlumatlara əsasən, Ermənistanda TRIPP layihəsi ilə bağlı çərçivə sazişinin təsdiqi məsələsi müzakirəyə çıxarılıb. Bu da layihənin həyata keçirilməsi üçün hüquqi-normativ bazanın möhkəmləndirilməsi istiqamətində konkret addımların atıldığını göstərir.

Elman Nəsirov vurğulayıb ki, Azərbaycanın üzərinə düşən infrastruktur işləri artıq həyata keçirilib:

“Azərbaycan Horadizdən Ağbəndə, yəni Ermənistan sərhədinə qədər dəmir və avtomobil yollarının çəkilişini həyata keçirib. TRIPP layihəsinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsinin tikintisi isə həmin ölkənin üzərinə düşən məsələdir. Bu istiqamətdə ABŞ - Ermənistan arasında razılaşmalar var və məsələ Ermənistan parlamentində müzakirəyə çıxarılır.

Ona görə də hesab edirəm ki, məsələnin Azərbaycan parlamentində müzakirə edilməsinə ehtiyac yoxdur. Biz üzərimizə düşən işi yerinə yetiririk. Həm Horadiz-Ağbənd istiqamətində, həm də Naxçıvandan Ordubad istiqamətində dəmir və avtomobil yollarının çəkilməsi və bərpası istiqamətində işlər aparılır”.

Deputat əlavə edib ki, TRIPP layihəsinin reallaşdırılması ilə bağlı cari məsələlər Ermənistanın öhdəlikləri çərçivəsində həll edilməlidir. Onun fikrincə, mövcud reallıqda layihənin Azərbaycan parlamentində müzakirəsinə zərurət yoxdur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin digər bir üzvü Fariz İsmayılzadə bildirib ki, TRIPP layihəsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihənin reallaşması Zəngəzur dəhlizinin açılmasına, Azərbaycanın Naxçıvan və Türkiyə ilə daha qısa nəqliyyat bağlantısı əldə etməsinə imkan verəcək:

“TRIPP layihəsi, təbii ki, Azərbaycan üçün vacib layihədir. Bununla da uzun illərdir bağlı olan Zəngəzur dəhlizi açılmış olacaq. Azərbaycan Naxçıvan və Türkiyə ilə daha qısa, əhatəli nəqliyyat yolu əldə edəcək. Bu strateji layihənin arxasında ABŞ hökumətinin və investisiyalarının dayanması onun əhəmiyyətini daha da artırır”.

Deputat qeyd edib ki, Ağ Evdə imzalanan sənədlər və ümumilikdə sülh sazişi ilə bağlı məsələlər Milli Məclisdə geniş müzakirə olunub. Onun sözlərinə görə, sənədlərin imzalanmasından dərhal sonra, səhv etmirsə, növbədənkənar sessiya çağırılıb və TRIPP məsələsi də müzakirə edilib.

Fariz İsmayılzadə hesab edir ki, hazırda əsas diqqət layihənin real icrasına yönəlməlidir:

“O baxımdan daha yaxşı olar ki, TRIPP layihəsinin real icrası dövlətlərarası səviyyədə müzakirə olunsun. Ermənistan da real işlərə başlasın”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyadan Türkiyəyə sərt xəbərdarlıq - Ağıllı olun!