İndi formlaşan gənclik gələcək üçün stabilliyin və rifahın qarantı rolunu oynayıb. Bu aksioma hər zaman və hər məkan üçün keçərli olub. Bir cəmiyyətin gələcəyini müəyyən etmək üçün onun gəncliyini nəzərdən keçirmək kifayətdir.
Bizim gənclik isə bir-birindən çoxşaxəli şəkildə fərqlənir. Bir tərəfdə yüksək mənəviyyatla intellekti birləşdirməyə cəhd edən çalışqan gənclik, digər tərəfdən isə mənəviyyatını ac saxlayıb, beynini kütləşdirən və “qaqaş söhbətləri”nin aktiv iştirakçısı, telefonlarında bütün manısların musiqiləri olan gənclik formalaşır. Bütün bunlarla yanaşı, indiki gənclərdə müşahidə olunan başqa mənfi xüsusiyyət isə şəxsi mənafe, özünütəsdiq səbəbindən kiməsə yarınmaqdır.
Yarınmaq və yaltaqlıq yaxın mənalı xüsusiyyət olsa da, onlar da bir-birindən fərqlənir. Amma oxşar cəhət ondan iabrətdir ki, bunların hər ikisini püxtələşməmiş düşüncə və mənəviyyat yaradır.
Modern.az saytı cəmiyyət içində olan və belə halları müşahidə etməklə yanaşı, ondan çıxış yollarını göstərməyə çalışan müxtəlif peşə sahələrinin fikirlərini təqdim edir:
Əhməd Qəşəmoğlu, sosioloq alim: “İnsan hansı mühitdə anadan olub, böyüyürsə, elə həmin mühitin təsiri altında formalaşır. Çünki gözünü açıb atadan, anadan özündən yaşca böyüklərdən nəsə götürür və ona uyğun böyüyür. Əgər onun böyüdüyü mühitdə yarınan, yaltaqlanan adamlar çoxdursa, bu, ona da təsir edəcək. Yarınmağın ikinci amili isə insanın aldığı informasiya ilə bağlıdır. Əgər bir adam mənəviyyatla bağlı kitablar oxumursa, mənəviyyat daşıyıcıları olan insanlarla ünsiyyətdə olmursa, yəni bu istiqamətdə informasiyalar qəbul etmirsə, şübhəsiz o, yarınmağa, yaltaqlığa təbii bir proses kimi baxacaq. Üçüncü amil isə insanın özündə daşıdığı dəyərlərdir. Tutaq ki, 20-22 yaşında olan bir gənc bu yaşına qədər hansı dəyərlərə sahibləndi, insana sevgi, mənəviyyata, düzgünlüyə riayət kimi dəyərlərə yiyələndimi? Bax bu da əsas amildir. Məhz bu üç amilin yekununda – mühit, informasya və dəyərlərə görə insan sonradan yarınan, yaltaqlanan bir varlığa çevrilir. Əsas məsələ dediyim səbəblərin aradan qaldırılmasına çalışmaqdır. Məhz bundan sonra yarınmağın qarşısını almaq olar”.
Elnur Rüstəmov, psixoloq: “Buna kütlə psixologiyası deyirlər. Bu istiqamətdə ən çox araşdırmalar aparan tanınmış psixoloq Qustav Le Bon olub. O, xarakter və xüsusiyyətləri araşdırıb. Sivilizasiya inkişaf etdikcə, urbanizasiya dərinləşdikcə, insanlarda sanki bayağılaşma baş verir. Sanki insanlar düşünmək, fikirləşmək istəmirlər. Daha çox konfort axtarırlar, daha rahat yolla nəyisə əldə etməyə can atırlar. Nəticədə onlarda kimisə yamsılama meylləri artır. İstər həyat tərzi, istər davranışlar baxımından bir insan başqasını yamsılayır. Bunların hamısı insanın fikirləşmək istəməməsindən irəli gəlir. Qeyd etdiyiniz situasiya həm Azərbaycanda, həm də başqa ölkələrdə də az-çox qeydə alınır. Bütün bunların kökündə nələr dayanır: özlərinə inamı az olan insanlar özünü başqasına oxşatmağa çalışacaq. İstər şəxsiyyət, istər formalaşma baxımından özünə inamı az olan insan mütləq kiməsə bənzəməyə çalışacaq. Onlar bununla daha rahat yola əl atırlar. Bəziləri özlərini başqasına sırf karyera qurmaq üçün oxşatmağa çalışır. Əslində bütün fəaliyyətlərdə insan ilk addımlarında özünü kiməsə oxşadır. Tutaq ki, bir nəfər gənc şair ilk illərdə başqa şairdən təsirlənir, məşhur şairlərin şeirlərindən hissələr, bəndlər götürüb ondan yararlanır. Bir-iki ildən sonra isə görürük ki, o, artıq öz şeirlərini yazır. Səhnəyə yeni gələn müğənni əvvəlcə kimdənsə təsirlənir. Həmin adam kimi oxumağa çalışır. Amma sonradan öz yolunu tapır. Burada əsas məsələ odur ki, bu, oxşatma sonradan öz müsbət keyfiyyət sonluğu ilə başa çatsın, bir effekt versin.
Keyfiyyət dəyişikliyi odur ki, insanın öz dəsti – xətti olsun. Təəssüflər olsun ki, bu günkü gənclərdə məhz bu xarakter çatışmır. Kimisə həddindən artıq tərifləmək, yarınmaq artıq onlarda zəruri addıma çevrilir. Əslində kimə yarınırlarsa, heç həmin adamların onların tərifinə, xoş sözlərinə ehtiyacı yoxdur.
Düşünürəm ki, Azərbaycan gəncləri yatırımı bu gün yalnız özünə qoymalıdır. Özünü təsdiq üçün inkişaf etməlidir, daha kiməsə yarınmalı deyil. Azərbaycanda bu baş verərsə, gənc özü-özünü inkişaf etdirəcəksə, deməli, cəmiyyətdə cinayət işlərinin də sayı az olacaq, ailədaxili münasibətlər də çox pozulmayacaq. Ərlə arvad evdə daha çox yeniyetmə uşaqlarına görə mübahisə edirlər. Biz nə qədər özünütəhsilə, maarifləndirməyə yönələcəyiksə, bir o qədər də insanlararası münasibətlərdə müsbət irəliləyiş baş verəcək. Əgər mən bir mütəxəssis kimi özümə güvənirəmsə, özümə inanıramsa, onda kiməsə yarınmağa qəti ehtiyac yoxdur. Mən sadəcə kiməsə hörmət edə bilərəm”.
Vüqar Əhməd, professor-şair: “İndiki gənclərin hamısında deməzdim bu mənfi xüsusiyyət var. Hamısı ailə tərbiyəsindən irəli gəlir. Övladlar evdə valideynlərinə baxırlar, onlardan götürürlər. Örnək valideyndir. Valideyn yaltaqdırsa, çox vaxt övlad da simasız və yaltaq olur. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi isə zəmanə onları belə formalaşdırır”.
Ayaz Nizamioğlu, jurnalist: “Əslində bu yeni bir xarakter nümunəsi deyil. Zaman-zaman gənclər arasında bu halı müşahidə etmək olur. Bəribaşdan deyim ki, bu halın başdan-ayağa mənfi hal kimi qələmə verilməsinin də əleyhinəyəm. Belə ki, bəzən bu xüsusiyyət gənclərin xoş niyyətlərindən irəli gəlir. Gənc yaşda insanlar hələ öz əsl kimliklərinin axtarışında olurlar. Hamımız bu prosesdən keçmişik. Bu proses bəzi gənclərdə uzun müddət, bəzilərin də isə qısa çəkir. Amma əksər hallarda müşahidələr belə deməyə əsas verir ki, gənclər kiminsə xoşuna gəlmək, ona yarınmaq üçün heç də cəmiyyətdə qəbul olunan davranış qaydalarına uyğun hərəkət etmirlər. Xüsusilə də əks cinsin nümayəndəsinin rəğbətini qazanmaq üçün. Bir çox hallarda bu vəziyyət cinayətə qədər gedib çıxır. Burada əsas məqam həmin gənclərlə ailələrdə və tədris ocaqlarında təlim- tərbiyəsinin hansı formada olmasıdır. Gənclərdə yarınma halları müşahidə olunanda mütləq yaxın adamlar onlara düzgün yol göstərməli, bir növ həmin gəncləri ata biləcəyi səhv addımdan sığortalamalıdır. Sadəcə onlara başa salmaq lazımdır ki, yarınmaq istəyirsənsə, gərək sözün əsl mənasında yarayan olasan!”
Elşad Paşasoy, jurnalist: “Gənclər də cəmiyyətin bir hissəsidir. Baxırlar ki, irəli çıxmaq, nəyəsə nail olmaq üçün prinsipiallıq, savad kimi məsələlər işə yaramır, o halda palaza bürünüb ellə sürünməyə qərar verirlər. Cəmiyyətdə azadlıqlar məhdudlaşdıqca, insanlar mümkün çıxış yolları arayırlar. Bu məqamda neqativlər çıxış yolu, əlac kimi ortaya çıxır”.
Elmin NURİ